Yorqos Seferis - Mifik hekayə

Yorqos Seferis

 

Poema

 

I

 

Üç il sərasər

Xəbərçini gözlədik

Gözlərimizi dikərək

Şam ağaclarına, sahilə və ulduzlara.

Gah kotanı qarşıladıq, gah gəminin gövdəsini,

Səylə ilk toxumu axtardıq

Qədimi dramanı təzədən başlamaq üçün.

 

Evə qayıdanda

Bədənimiz başdan-ayağa yara içindəydi,

Ağzımız duzla, palçıqla dolu.

Oyanan kimi şimala üz tutduq,

Bizi yaralayan durnaların

Qanadlarıyla dumana saldığı

Yad adamlar idik.

Qış gecələri şərqdən əsən külək dəli elədi bizi.

Yaydasa öləziməyən günəşin ümidsizliyində öldük.

 

Qayıdanda özümüzlə bu relyefləri gətirdik –

Hörmət edilən sənətin hədiyyəsini.

 

II

 

Mağara içində başqa bir quyu.

Əvvəllər asan idi

Dərinlikdən bütlər, bəzəklər çıxartıb

Bizə sadiq qalan dostları sevindirmək.

İplər qopub artıq; bircə quyunun ağzındakı izləri

Xatırladır bizə keçmiş xoşbəxtliklərimizi.

Daşın soyuqluğunu hiss edir əllər,

Əllərin istiliyi daşa keçir

Və mağara ruhunu qumarda uduzur elə bil.

Qulaqbatıran səssizlik.

Damcı səsi də gəlmir.

 

III

 

“İçində xəncərləndiyiniz hamamı unutmayın”.

 

Əllərimdə mərmər başla oyandım;

O bütün gücümü alıb, yorulmuşam

Və bilmirəm başı hara qoyum.

Mən yuxudan oyanan kimi o yuxuya gedir,

Beləcə birləşdi ömrümüz və ayırmaq mümkün deyil artıq.

 

Nə açıq, nə də bağlı olan gözlərə baxıram,

Nəsə deməyə çalışan ağızla danışıram,

Dərisini hiss eləmədiyim yanaqlara toxunuram.

Başqa heç nəyə gücüm çatmır.

 

Əllərim yoxa çıxır, sonra təzədən peyda olur

Sınıq şəkildə.

 

IV

Arqonavtlar

 

Və əgər ruhu

Tanımaq lazımdırsa

Sən diqqətlə

Baxmalısan ona.

Düşmən və yad adamları

Göstərirdi bizə güzgü.

 

Yoldaşlarım yaxşı uşaqlardı, ağlamırdılar

Nə yorğunluqdan, nə soyuqdan, nə istidən.

Özlərini dalğalar və ağaclar kimi aparırdılar

Yağışda və soyuqda

Gecə və gündüz

Heç vaxt dəyişmirdilər.

Yaxşı uşaqlardı: günlər uzunu

Başlarını salıb ritmlə nəfəs alaraq

Kürək çəkdilər.

Qanları qızardırdı dərilərini.

Hərdən də nəğmə oxuyurdular

Axşam alatoranında

Əncirlə dolu adanın yanından keçəndə.

Əgər onu tanımaq lazımdırsa, deyirdilər,

Ruhuna baxmaq lazımdır, deyirdilər –

Və kürəklər yarırdı dənizin sularını

Axşamüstü alatoranında.

Körfəzlərin, adaların yanından keçdik

Dənizdən dənizə üzdük

Qağayıların və suitilərin müşayiətilə.

Hərdən bədbəxt analar ağlayırdı

İtkin oğullarının dalınca

Ya da çaşqınlıq içində Böyük İskəndəri axtarırdılar

Bir də Asiyada itirilmiş şöhrəti.

Müxtəlif ətirlər və quş cəhcəhləriylə dolu

Sahilə çıxdıq.

Su ovuclarda xoşbəxtlik xatirəsi saxlayırdı.

Amma yolçuluq qurtarmırdı.

Onların ruhu bir bütöv olmuşdu

Çəkdikləri kürəklərlə

Gəminin burnundakı vacib adamla

Və üzlərini əks edən dəniz suyuyla.

Bir-birinin dalınca öldülər

Başlarını aşağı salıb.

Qəbirlərinə sancılmış kürəklər

Talelərini bildirdi.

 

İndi heç kim onları xatırlamır.

Qara tale.

 

 

V

 

Tanış deyildik,

Bircə ümidimiz vardı

Uşaqlıqdan bir-birimizi tanıyırıq deyə.

Bəlkə də onları iki dəfə görmüşdük, sonra

Hamı gəmilərə dağılışdı.

Kömür, buğda yükləyib

Həmişəlik yoxa çıxdılar okean sularında.

Dan bizi öləziyən lampanın yanında haqlayır;

Dəniz vəhşiləri, balıqqulağı və gəmi şəkli çəkdiyimiz yerdə.

Axşamlar çay qırağına gedirik –

Bu yol dənizə aparır axı.

Və gecələri keçirdirik

Qətran iyi verən zirzəmilərdə.

 

Dostlarımız bizi tərk edib

Bir də heç vaxt görüşməmək üçün.

Bəlkə yuxu bizi dalğalarda

Yelləyəndə görüşmüşdük,

Bəlkə də heykəlin o tərəfində

Təzə həyat axtardığımız üçün

Axtarırıq onları.

 

VI

M. R.

 

Yağış yağan bağa

Bulanıq pəncərədən baxacaqsan.

Təkcə ocağın şöləsi aydınladacaq evini

Və hərdən ildırım çaxanda

Görəcəyəm üzümüm qırışlarını

Əziz dost.

 

Bağın səsləridi qalan əllərində –

Sınıq mərmərsiz

Və tragik kolonnadasız

Gizli həyatın ritmi.

Çiçəklər arasında rəqs.

Saatlar keçdikcə sınacaq şüşə.

Nəfəs almayacaqsan. Torpaq və ağacların suyu

Yaddaşından süzüləcək

Böyük dünyanın yağışının

Döyəclədiyi pəncərənə çırpılmaq üçün.

 

 

VII

Cənub küləyi

 

Dəniz qarşılayır dağ silsiləsini günəş batanda.

Quru cənub küləyi bizi dəli edir,

Sümükdən dərini ayıran külək.

Evimiz şam ağaclarıyla paxlalı bitkilərin arasındadır.

Böyük pəncərələr və üstündə məktub yazdığımız

Böyük stollar.

Neçə həftədir sənə məktub yazırıq

Və tamamlamamış atırıq bir tərəfə

Ayrılığı dolduraraq.

 

Dan ulduzu, sən gözlərini bizim taleyimizə dikəndə

Həyat yaraya çəkilən məlhəmdən daha ləzzətli olurdu,

Çatlaq dodaqlarımıza dəyən sərin sudan daha dadlı,

Durna qanadlarından daha səssiz.

Həyatımız sənin əlindəydi.

Sonralar, qürbətin acı çörəyindən sonra

Ağ divarın qabağında dayanmışıq

Və səsin gəlib çatır bizə işıq müjdəsiylə

Və təzədən külək əsir

Ülgüc kimi kəsir damarlarımızı.

 

Hər birimiz sənə öz fikrimizi yazırıq,

Amma susuruq başqalarının yanında,

Öz dünyamızı işıqsız, kölgəli, dərə-təpəli

Və sənsiz gördüyümüz üçün.

Kim qovacaq bu kədəri ürəyimizdən?

Dünən gecə yağış yağmışdı, bu gün yenə

Qaralıb göyüzü. Düşüncələrimiz

Dünən gecəki yağışda tökülüb

Kandarımıza yığılan lazımsız

Şam ağacının iynələri kimidir.

 

Bu lənətlənmiş yerlərdə

Küləklərə açıq məkanda

Səninlə aramıza sədd çəkən dağların arxasında

Kim bizə təlqin edəcək unutmağı?

Kim qəbul edəcək qurbanımızı bu payız axırı?

 

 

VIII

 

Nə axtarır ruhlarımız

Batmış gəmilərin göyərtələrində,

Nə balıqlarla, nə də göydə yanan ulduzlarla

fikrini yayındıra bilməyən

Qadınların və uşaqların əhatəsində.

Ruhlarımız cızılıb

Bilmədiyimiz dillərdə nələrsə mızıldayan

Qrammafon valları kimi.

 

Nə axtarır ruhlarımız

Çürük şalbanların üstündə

Bir limandan o birinə üzə-üzə?

 

Böyük qayaları tərpədə-tərpədə

Günü-gündən nəfəs almağı çətinləşdirən şam ağaclarının arasında

Gah bu

Gah da o biri dənizdə üzə-üzə

Təmassız

Adamsız

Nə bizim

Nə də sizin olmayan kiminsə vətənində.

 

Bilirik necə gözəl idi bu adalar

Hardasa buralarda, axtardığımız yerdə

Bir az aşağıda

Ya da bir az yuxarıda.

 

IX

 

Bura köhnə limandır. Daha gözlərə bilmərəm

Nə şam ağacları olan adaya gedən dostumu

Nə dəfnə ağacları olan adaya gedəni

Nə də dənizə açılanı.

 

Pas atmış topları, köhnə kürəkləri sığallayıram

Bədənim özünə gəlsin, canlansın deyə.

Yelkənlərdən fırtına duzlarının iyi gəlir.

 

Tək qalmaq istəsəydim,

Təklik axtarardım,

Daha arxalanmazdım

Ruhumun horizontda süqut edəcəyi ümidinə.

 

Ulduzlar məni

Şirəli otların arasında dayanıb

Ölüləri gözləyən Odisseyə çevirir.

Elə bil şirəli otların arasında lövbər atıb

Tapmağa çalışırıq

Adonisin öldüyü vadini.

 

X

 

Dünyadan təcrid olunmuşuq. Hər tərəfimizi

Gecə-gündüz alçaq göyüzünün qapladığı

Dağlar tutub.

Nə çay var, nə arx,

Bir-iki quyumuz var, onlar da quruyub

Dərinliyini, dayazlığını ölçə bilərsən

İçinə baxsan.

Sıxıntımızla, məhəbbətimizlə

Və bədənimizlə süzülən

Boş və sabit səs.

İndi bizə qəribə gəlir, haçansa evlərimizi,

Tövlələrimizi necə tikməyimiz, necə yurd salmağımız.

Və toylarımız, üzüklərimiz də

Müəmmadır ruhumuz üçün.

Uşaqlarımız necə doğulub böyüdü?

 

Dünyadan təcrid olunmuşuq.

Bazar günləri limana dincəlməyə gələndə

Gün batımında parıldadığını görürük

Səfərini başa çatdıra bilməyən

Və bədənləri sevgini yadırğamış

Sınıq gəmiləri.

 

XI

 

Hərdən qanın donur sənin Ay kimi

Qanın sonsuz gecədə

Bəyaz qanadlarını sərir

Qara qayaların və ağacların,

Və pəncərəsində uzaq uşaqlığın zəif işıltısı görünən

Yoxsul evin üstünə.

 

XII

Dənizdəki şüşə

 

Üç qaya, yanmış şam ağacları və tərk edilmiş kilsə

Və yuxarıda

Bu mənzərənin eynisi:

Qapıya oxşayan üç paslı qaya,

Bir neçə qara və sarı şam ağacı

Və balaca koma.

Sonra bir az da yuxarıda

Bu mənzərənin eynisi.

Qat-qat yuxarı çıxdıqca,

Getdikcə qaralan göyüzünə dirənir.

 

Burda lövbər saldıq, sınıq kürəkləri təmir etmək,

Yatmaq və su içmək üçün.

Bədənimizi duzlaşdıran böyük dəniz

Bizə böyük rahatlıq vəd edir.

Burda qənbərlərin arasında

Qızıl pul tapdıq və zər atdıq.

Ən cavanımız uddu qızılı və öldü.

 

Yolumuza davam etdik sınıq kürəklərlə.

 

XIII

İdra adası

 

Delfinlər, bayraqlar, toplar.

Bir vaxtlar ürəyə dərd salan dəniz

Bəyaz yelkənli, rəngli gəmiləri dalğadan dalğaya atıb

Çalxalayırdı qoynunda.

Bir vaxtlar ürəyə dərd salan dəniz

Rəngbərəng görünür bu gün gün işığında.

 

İşıq və bəyaz yelkən

Və eyni ritmlə suya çırpılan yaş kürəklər.

 

Bunu görsəydi necə gözəl görünərdi gözlərin

Əllərin necə açılardı

Necə titrəyərdi dodaqların

Çoxdan axtardığın möcüzəyə rast gəlsəydin.

Nə axtarırdın yağışda, qaranlıqda, küləkdə,

Ocaqların söndüyü, şəhərin batdığı

Və Nazoreyin daş plitələr üstündən

Sənə ürəyini göstərdiyi saatda? –

Nə axtarırdın?

Nə üçün axtarmırsan?

Nə axtarırdın?

 

XIV


Üç qırmızı göyərçin alovun içində

Taleyimizi yazır alovun içində

Hərəkətləriylə və rəngləriylə

Sevdiyimiz adamları əks etdirərək.

 

XV

 

Yuxu ağac kimi sarmışdı səni yaşıl yarpaqlarıyla

Səssiz işıqda nəfəs alan ağac kimi fısıldayırdın yuxuda.

Şəffaf su mənbəyində gördüm səni:

Gözlərin bağlıydı və kipriklərin toxunurdu suya;

Barmaqlarım otların arasında əlini tapdı

Nəbzinin necə atdığını duydum bir anlıq

Və ürəyinin necə ağrıdığını hiss etdim.

 

Çinar və dəfnə ağaclarının altındakı suda

Yuxu çoxaldırdı səni

Ya ətrafımda oynadırdı, ya da üzbəüz gətirirdi.

Amma heç cür toxuna bilmirdim

Sükutla əhatə olunmuş sənə.

Görürdüm kölgənin necə böyüyüb-balacalaşaraq

Başqa dünyanın kölgələri içində qeyd olduğunu.

O kölgələrin səni gah tutduğunu

Gah da buraxdığını.

 

Bizə təyin edilmiş ömürü yaşadıq.

Çinar və dəfnə ağaclarının altında özünü itirib gözləyənlərin,

Quyularla söhbət edib səsinin əksindən nəfəsi tutulanların

Bəxtinə ağla.

Dərdimizi, sıxıntımızı bizimlə bölüşən,

Yolun sonundakı mükafata ümid etməyib

Quzğun kimi mərmər daşlarının dalından

Özünü günəşə atan

Yoldaşımızın halına ağla.

 

Yuxuda yox, ayıq vaxtı canımıza rahatlıq ver.

 

XVI

Orest

 

Geriyə, geriyə, yenə geriyə;

Nə qədər dairə, nə qədər qanlı çənbər, nə qədər qara zolaq;

Adamlar mənə baxır,

Qabaqlar, cəng arabasında əlimi qaldıranda

Baxdıqları kimi.

 

Atların köpüyü üstümə sıçrayır –

Atlar haçan yorulur?

Çarxların oxu cırıldayır, əyilir –

Oxlar haçan sıradan çıxır?

Qayış haçan qopur? Haçan dəyər atların nalları torpağa,

Yaz vaxtı çobanyastığı dərdiyin yerə?

 

Gözlərin gözəl idi, amma bilmirdin hara baxmaq lazım olduğunu

Mən də bilmirdim, evdən-eşikdən uzaqda

Vuruşa-vuruşa hara baxacağımı. Hələ neçə dairə qalıb?

Dizlərim boşalır, çarxların üstünə çökürəm,

Bədən asanlıqla əyilər, əgər tanrılar istəsə

Və heç kim qaça bilməz bundan.

Gücün çatmaz

Atların hirsli xırıltısı arasında arzuladığın

Beşiyin olan dənizə qaçmağa.

Tapa bilməzsən o dənizi, nə qədər qaçsan da,

Ey günahkar.

 

XVIII

Astianaks

 

İndi ki, yola çıxırsan,

Boruların çalındığı, yaraqların cingildədiyi

Və tərli atların suya tərəf əyildiyi gün

Çinar yarpaqlarının arasından işığı görən

Uşağı da özünlə apar.

 

Atalarımızın qırışları kimi qırışlı zeytunlar,

Atalarımızın müdrikliyi hopmuş qayalar,

Və qardaşımızın torpağa hopmuş isti qanı

Onları xatırlayanların

Sevinci və rahatlığı idi.

 

İndi ki, yola çıxırsan; indi ki, haqq-hesab günü başlayır,

Heç kim kimi öldürəcəyini və

Necə öləcəyini bilmir,

Çinar yarpaqları arasından işığı görən

Uşağı da özünlə apar.

Ona ağacları görməyi öyrət.

 

 

XVIII

 

Böük bir çayın barmaqlarım arasından axıb keçdiyini

Və ondan bircə qurtum içə bilmədiyimi

Təəssüf içində başa düşdüm.

İndi daşa dönürəm

Qırmızı torpaqdakı balaca şam ağacının yanında –

Yanımda başqa dostum yoxdur.

Mənə əziz olan hər şey itib getdi

Keçən yay hələ təzə olan

Payızdasa küləklərin söküb-dağıtdığı evlərlə bir yerdə.

 

 

XIX

 

Və əsən külək sərinlətmir bizi

Və sərv ağaclarının kölgəsi də böyümür

Və ətrafımızda ramedilməz qayalar.

İncidir çiynimizi

Necə öləcəyini bilməyən dostlarımızın ağırlığı.

 

 

 

 

 

XX

Andromeda

 

Sinəmdəki yara qanayır

Ulduzlar bədənimə birləşmək üçün yerə düşəndə,

Ayaq səslərindən sonra səssizlik çökəndə.

 

İllərlə dənizə tərəf sürünən dağlar

Nə qədər daşıyacaq məni?

Dəniz, dəniz. Onu kim quruda bilər?

Hər səhər görürəm kərkəs quşuna işarə verən əlləri,

Qayaya zəncirlənmişəm və qayanı hiss eləmirəm.

Ölü rahatlıq gətirən ağacları görürəm,

Və nəhayət, görürəm daş heykəllərin təbəssümlərini.

 

XXI

 

Bu müqəddəs yerlərə gələndə

Sınıq heykəllərə baxdıq

Və dedik ki, həyat elə də asan başa gəlmir.

Ölümün ayaq dəyməyən cığırları var

Və ədalətlidir onun gəlişi.

 

Biz burda, ayaq üstdə öləndə,

Tərsliyin və gücsüzlüyün birləşdirdiyi

Ölülər dairədən çıxıb qabağımızda dayanır

Və gülümsəyirlər bizə qəribə sükut içində.

 

 

XXII

 

Gözümüzün qabağından o qədər şey keçdi ki,

Gözümüz görə bilmədi onları,

Amma yaddaşımız narahat edir bizi yenə və yenə,

Elə bil gecə yarı bağda, ağ pərdələrə oxşayan,

Sənin və mənim gördüyümüz bütün qəribə kölgələrdən daha çox

Kölgə sürünür

Və yoxa çıxır hündür ağaclarda.

 

Çünki biz həddindən artıq aydın gördük taleyimizi

Üç və ya altı min il dolaşaraq sınıq daşların arasında,

Xarabalarda eşələnərək.

Orda bizim evimiz də ola bilərdi.

 

Keçmiş qəhrəmanlıqlarımızı və tarixləri yadımıza salmağa çalışaraq.

Bacardıqmı?

 

Çünki biz dağıdılıb səpələnmişdik

Və yel dəyirmanıyla vuruşurduq

Yenə və yenə kor döyüşçülərlə dolu yola çıxa-çıxa

Marafon vadisinin bataqlığında bata-bata;

Görəsən ləyaqətlə ölə biləcəyikmi?

 

 

XXIII

 

Bir az da keçsin – görəcəyik badam çiçəklərini,

Günəş şüasında parıldayan mərməri

Və dalğalanan dənizi.

Bir az da keçsin –

Bir az da yüksəyə qalxacağıq.

 

 

XXIV

 

Burda ölür dənizin yaratdıqları, sevginin yaratdıqları.

Kimlər ki burda, bizim öldüyümüz yerdə məskunlaşacaq,

İşdir, təsadüfən yaddaşlarına qan qarışsa –

Onda bizi xatırlasınlar – şirəli otların arasındakı zəif ruhları,

Və qaranlıq tərəfə çevirsinlər qurbanlarının başını.

 

Bizim heç nəyimiz yoxdu,

Onlara əmin-amanlıq verəcəyik.

 

 

 

Tərcümə: Həmid Piriyev