Yonas Mekas - Kinonun Yüz İlliyinə Qarşı Manifest (1996)

Orxan İmanov

Bildiyiniz kimi Yer kürəsini və hər şeyi yaradan Tanrı idi. Və O, hər şeyi mükəmməl yaratdığını düşünürdü. Bütün rəssamlar, şairlər və musiqiçilər yaradılışı mahnılarla qeyd edirdi və hər şey yaxşı idi. Amma gerçək deyildi. Nəsə əskik idi. Ona görə də yüz il əvvəl Tanrı kino[1] kamerasını yaratmağa qərar verdi. Və bunu elədi də. Sonra bir rejissor yaratdı və dedi ki: “İndi burada kino kamerası adlı bir cihaz var. Get film çək, yaradılışın və insan ruhunun xəyallarının gözəlliklərini qeyd et və dadını çıxar.”

Amma şeytan bunu bəyənmədi. Buna görə də rejissorların qabağına bir çuval pul qoydu və belə dedi: “Əgər bu cihazla əlinizdə pul qazanma imkanı varsa, niyə dünyanın və ruhun gözəlliklərini qeyd etmək istəyəsiz ki?” Və istəyirsiz inanın, istəyirsiz inanmayın, bütün rejissorlar pul çuvalının arxasınca düşdülər. Tanrı hardasa xəta etdiyini başa düşdü. İyirmi beş il sonra xətasını düzəltdi və müstəqil avanqard rejissorları yaratdı və dedi: “Bu da kamera. Alın onu dünyaya gedin və yaradılışın gözəlliyinin mahnılarını oxuyun və bunun dadını çıxarın.”

Beləcə, Tanrı bu cür danışdı Vikinq Eqqelinq, Jermen Dyulak, Jan Epşteyn, Fernan Leje, Dimitriy Kirsanov, Marsel Dyuşan, Hans Rixter, Luis Bunyuel, Man Rey, Kavalkanti, Jan Kokto, Maya Deren, Sidni Peterson, Kennet Enqer, Qreqori Markopulos, Sten Brekic, Mari Menken, Bryus Beylli, Frensis Li, Harri Smit, Cek Smit, Ken Ceykobs, Erni Qerr, Ron Rays, Maykl Snou, Cozef Kornell, Peter Kubelka, Hollis Frampton, Barbara Rubin, Pol Şariç, Robert Bivers, Kristofer MakLin, Kurt Kren, Robert Bir, Dore O, İsidor İzu, Antonio De Bernardi, Moris Lematr, Bryus Konner, Klaus Viborni, Boris Leman, Bryus Elder, Takahiko İimura, Ebiqeyl Çayld, Andryu Noren və başqalarıyla. Dünyanın hər yerindən bir çoxuyla. Onlar da Bolex kameralarını, 8mm-lərini və Super 8mm kameralarını götürüb bu dünyanın gözəlliklərini və insan ruhunun qarışıq macəralarını çəkməyə başladılar, həmçinin bundan böyük zövq aldılar. Filmlər heç pul gətirmədi və faydalı bir şeyə də xidmət etmədi.

Dünyanın hər tərəfindəki muzeylər kinonun yüzüncü ilini qeyd edirlər, bu onlara kinonun əldə etdiyi yüz minlərlə dollara qarşılıq gəlir, hamısı “öz hollivudları”na dəli olurlar. Amma avanqardlardan, ya da kinomuzun müstəqillərindən danışan yoxdu.

Dünyanın bir çox yerindəki muzeylərin, arxivlərin və sinemateklərin broşuralarını, proqramlarını gördüm. Hamısı da “biz sizin kinolarınızla maraqlanmırıq” deyir. Böyüklüyün, ehtişamın, yüz milyonluq film istehsallarının dövründə mən insan ruhunun çox incə, çox kiçik və görünməz işlərindən danışmaq istəyirəm, hansı ki, bu işlər açıq işıq altında qaldıqlarında ölürlər. İstəyirəm ki, kinonun kiçik formalarını qeyd edim: lirik forma, şeir, akvarel, etüd, sketç, portret, arabesk və kiçik 8mm mahnıları. Hamının uğurlu olub satış etmək istədiyi vaxtlarda mən görünməyənin – pul və çörək gətirməyən aktual tarix, sənət tarixi və ya hər hansı başqa bir tarix yazmayan, şəxsi şeylərin – arxasınca düşən sosial və gündəlik olanı qucaqlayanları təbrik etmək istəyirəm. Mən bir-birimiz üçün bir dost kimi məşğul olduğumuz sənətin tərəfindəyəm.

İnformasiya yolunun tam ortasında dayanıram və gülürəm, çünki Çində bir yerlərdə, bir gülün üstündə bir kəpənək qanad çaldı və mən bütün tarixin, mədəniyyətin bu qanad çalmadan dolayı şiddətlə dəyişəcəyini bilirəm. İşlək halda olan Super 8mm kamerası az əvvəl hardasa Nyu-Yorkun aşağı şərq hissəsində bir yerlərdə səs çıxardı və dünya bir daha əsla eyni olmayacaq.

Kinonun həqiqi tarixi görünməyən bir tarixdir. Bir yerə yığışıb sevdiyi işləri görən dostların tarixi. Bizim üçün kino projektor çalışmağa başladığı vaxt çıxardığı səslə, kameramızın çalışmağa başladığı vaxt çıxan səs ilə başlamaqdadır. Kameralarımızın çalışmağa başladığı vaxt çıxardığı səslə, qəlblərimiz dostlarımıza doğru sıçrayar.

[1] Yonas Mekas buna “motion picture camera” deyir. Yəni hərəkətli şəkil kamerası. Biz bunu “kino kamerası” deyə tərcümə elədik. (Tərc)

 11 Fevral, 1996. Amerikan Mərkəzi, Paris.