Sənət və Hadisə


Orxan İmanov

Firudin Həsənov

Sənət hadisədir.

Hadisə (sənət) prosesi (hərəkət-axış/flow) ifşa etməlidir, bir anlıq hərəkəti dayandırmalıdır. Hərəkət (proses) əsərə (hadisə) çevrilməlidir. Kino da hərəkətdir. Amma kinodakı hərəkət daima müdaxiləyə məruz qalır. Cərrahın xəstəni əməliyyat etdiyi kimi, rejissor da hərəkəti əməliyyat edir. Ona görə də kino müdaxilə edilən hərəkətin sənətidir.

İfşa dayandırmadır, həmçinin qopmadır, həmçinin müdaxilədir, ən əsası da məruz qoymadır. İfşa olunan şey, ənənəvi baxışdan qopmaqda, yeni baxışa məruz qalmaqdadır. O, ənənəvi kontekstdən qopardılır, yeni kontekstdə yenidən yaradılır. Buna görə ifşa etmək, həmçinin sənətsəl bir aktdır. İfşa etmək bir anlıq axışı, hərəkəti, prosesi, izdihamı, səs-küyü dayandırıb diqqəti ifşa edilən şeyə çəkməkdir. İfşa edilən şey artıq bir hadisədir. Hadisə isə hərəkətin-prosesin donması, mumyalanmasıdır. Necə ki, Andre Bazen fotoqrafiyaya zamanın mumyalanması deyirdi. Bu kontekstdə hadisələr fotolar kimidir. Amma fotodan fərqi odur ki, hadisə sadəcə abstrakt konteksdə bir donma halıdır; hadisənin təkrarı, reproduksiyası yoxdur. Bu gün Maleviçin Kvadratını kim təkrarlaya bilər? Təkrarlanan dördbucaqlı Maleviçin Kvadratına, yoxsa adi həndəsi fiqura bərabərdir?

Nə proses təkrarlana bilər, nə də hadisə. Hadisə prosesdir. Təkrar cəmiyyətin dinamikasıdır. Daha doğrusu, cəmiyyəti formalaşdıran şey təkrar(lar)dır. Bir sənət əsəri, bir hadisə, bir məfhum təkrar(lar)ın fərqlənməsidir. Jil Delözün də dediyi kimi; hər şeyin arxasında fərq vardır, fərqin arxasında isə heç bir şey yoxdur. Beləliklə, fərq varlığın zəmini və yaradıcılığın meydana gəldiyi sahədir. Fərq kimliyin yuvası, “subyekt”in  komponentləri, varlığın geyimi, arzunun qarderobu, dilin yarığı, şüurun uğultusudur.

Hər şey təkrardır.

Fərq, həmçinin düşüncədir, əslində isə, düşüncənin meydana gəlməsi təkrardakı fərqin dərkidir. Delöz düşüncənin üç müstəvisindən danışırdı: fəlsəfə, elm və sənət…

…bu üç disiplinin isə ortaq bir xüsusiyyətindən bəhs edirdi; bir aktdan, bir hərəkətdən, bir feildən…

 

Yaratmaq

Bu üç disiplini bir-birinə bağlayan şey, üçünün də ayrı-ayrılıqda fərqli yaradıcılığa sahib olmasıdır. Fəlsəfə məfhumlar, elm funksiyalar, sənət affektlər yaradır. Düşüncənin təbiətində olan şey “bilmə arzusu” deyil, “yaratma arzusu”dur. Yaratmaq isə hadisədir. Çünki yaradıcılıq hamıya bərabər paylanılmayıb. Hamı yaradıcı deyil, kimsə də yaradıcı olmaq məcburiyyətində deyil. Yaradıcılıq hamıya xas bir şey olmadığı üçün, akademiyalarda, universitetlərdə, fakültələrdə meydana gəlmir. Belə bir şeyin zənninə qapılmaq yaratmaq üçün yox, yarada bilməmək üçün gəncliyi silahlandırmaqdır. Nə yaradıcılıq, nə də yaradıcılıq nəzdində açılan fakültələr özündə gələcəyi ehtiva edən silah ola bilməz. Çünki yaratmaq dirənməkdir. Bu kontekstdə sənət bir dirənmədir, daha doğru ifadə ilə bir dirənmə formasıdır. Və sənət hadisə yaratdığı ölçüdə bir dirənmədir. Sosio-siyasi məsuliyyəti, vəzifəsi vardır. Ona görə də sənətçi öz sənəti-əsəri ilə gücə/iqtidara qarşı dirənməkdədir.

Sənət müxtəlif hadisələr zənciridir. Hadisə gücə qarşı olan simptomun bir başqa adıdır. Sənətçi də daim simptomlar yaratmaqdadır. Bununla da, sənətçi iqtidarı mütəmadi olaraq bir xəstə kimi ələ almalıdır. Çünki siyasət bizdən ayrı deyil, ən əsası da bir təmsil deyil, həyat deyilən şeydir. Elə isə sənət hadisədir. Hadisə də prosesdir. Hadisənin təkrarı yox, təsiri vardır. Hadisə gündəlik həyatdakı təkrarlardan doğulsa da, təkrarolunmazdır. Kino tarixində ən vacib hadisələrdən biri İtalyan neorealizmidir. Neorealizm kameranın, gözün yeni konstruksiyasıdır. Kameranın studiyaya olan üsyanıdır. Qısası, bir dirənmədir. Əgər sənətçi hadisə yarada bilmirsə, deməli, yaradacaq bir şeyi yoxdur. Əgər sənət ümumilikdə, bir ölkədə hadisə yarada bilmirsə, deməli, o ölkədə sənət yoxdur. Bəs bizdə sənət hadisə yarada bilirmi?

Azərbaycanda gənclik nağılçılıqdan kinoya, bir sözlə, görüntüyə keçid dövrünü yaşamaqdadır. Əvvəlkilərlə bir çox şey aydındır, lakin öz dövrünü, balığın suyu hiss etməsi kimi, oxumaq çətindir. Bu günün incəsənəti ya iqtidarla sövdələşməkdə, ya da gördüyündən cuşə gəlməməkdə israrlıdır. İqtidarla əlini sıxan bir zəka YARATa bilməz. Yaratdığını zənn edənlər isə, sadəcə incəsənət alveri ilə məşğul olurlar. Və YARATmaq adına şouya cəlb olunan hamı, bir az hiyləgərdir. Amma onların hiylələri də onlara kömək etməyəcək. Çünki yaradıcılıqda, yaratmaqda hiyləyə yer yoxdur. Ona görə də sənət hadisədir.

Digər tərəfdən daha bir xədim performans artlar, happeninglər ayağını basdığı torpağı, uşaqlıqdan müşahidə etdiyi insanları, icmanı təsvir etməyi özünə ar bilir. Hüseynin faciəsini göstərmək, İsanın xaçını çəkməkdən niyə daha az maraqlıdır? Yəqin ki, bu dəfə iqtidara deyil, Avropanın gözünə SALAAM göndərmək üçün. Siyasi, yaxud yerli olmayan gənclik bu dixotomiyada var-gəl edir. Bu rəngarəng gəncliyin sonsuzluğu çox heyif ki, impotentlik mənasına gəlir. Sənət yeni perspektivlər yaratmaqdır, perspektiv hadisədir, hadisə prosesdir.

Biz yaradılmış Qərb və Şərq dixotomiyasında, yəni özümüzü bu yaradılmış diskursun içində görürüksə, bizim aktlarımız təsirsiz qazlar kimi olacaqdır. Çünki orijinallıq təqdim olunan diskursun içində və ya hakim diskursun inkar etdiyi qarşı tərəfdə deyildir, birbaşa varlığın içindədir. Biz nə Qərbi təkrarlamalıyıq, nə də Qərbə qarşı Şərqi ucaltmalıyıq. Bu iki şeyin fövqündə olanı ifşa etməliyik. Amma unutmaq olmaz ki, gənclik həmişə radikal olmalıdır. Radikallıq hərəkətin ifratıdır. Sənət də bəzən ifrat olmalıdır. İqtidarı yaratmaq əvəzinə, onu çürütməlidir. Çünki sənət, həmçinin ölümə (çürüməyə) dirənməkdir. Hər bir sənət forması varlığı, həyatı fərqli formada dondurur. Və bu donmalar hadisədir.

Mişel Fuko iqtidarın işləmə mexanizmini ifşa etdi. İfşa sənətsəl bir aktdırsa, Fuko da bu mənada bir sənətçidir. Fukodan sonra hər disiplinin sosio-siyasi vəzifəsi olmalıdır. Yəni

hər disiplin, sənət də daxil olmaqla, müəyyən olunmuş diskursun içində yer almağı özünə təhqir hesab etməlidir. Bizdə isə hal-hazırda sənət iqtidarın sahəsidir. Müstəqil olan sənətçilər isə sənətləriylə hadisə yarada bilmirlər. Nə kinoda, nə rəsmdə, nə musiqidə, nə memarlıqda, ne teatrda, nə rəqsdə, nə də ədəbiyyatda. Buna görə də bizdə sənət iki cür mövcud olur: ya iqtidarın intensiv mövcud olduğu, ya da müstəqil, amma təqlidçi sənətçilərin mövcud olduğu sahə kimi. Hər ikisinin də ortaq cəhəti impotent sənət (əsərlər) istehsal etməkdir. Beləcə, Azərbaycanda sənət hadisəyə çevrilə bilmədiyi üçün impotentdir.

Biz də öz məramımızı Azərbaycandakı hiyləgər, faydaçı, alverçi, təqlidçi, impotent müasir incəsənət məfhumundan ayıraraq, onun əzazil faydaçılığı və şişirdilmiş dəyərindən uzaqlaşaraq, avanqard çağırışlara səs verərək, sənəti hadisə kimi qəbul edirik! Və ancaq o halda sənət impotent olmayacaq, yeni baxış-perspektiv istehsal edəcəkdir. Və ancaq belə olan halda sənət ölkədə hadisə yox, hadisələr yaradacaqdır.

 

Orxan İmanov və Firudin Həsənov

Bu jurnalın da bir hadisə yaratması ümidi ilə…