Sələfilik, Biznes və Burjua Hicrəti

Mehman Abdullayev

Aşağıdakı tərcümə Patrick Haenninin “Bazar İslamı: İslam surətində Neoliberalizm” adlı kitabından bir hissədir. Kitab 20-ci əsrin Siyasi İslamçılığının əsrin sonlarına doğru “fani dünya ilə” uzlaşmasından, yəni dünyəviləşməsindən bəhs edir.
 

“İslami var olma” formalarını kütlə mədəniyyətinin (mass culture tərc.) bir hissəsinə qatma iradəsi nəzəri olaraq Müsəlman kimliyinin “normallaşmasına” ən çox qarşı çıxan sələfi qruplara belə təsir edir. Ən azından Fransada əmək bazarının çətin şərtləri xeyli sələfini öz işlərinə qurmağa vadar edib. İslamistreetwear satan tacir bunu belə dilə gətirir: “Bizim namaz qılmamıza mane olan birinin tabeçiliyində deyilik. (……) İnsanlar üçün bir şeylər istehsal edirik. Elə isə niyə pul qazanmayaq?” Belə ki, “ticarət bərəkətdir” və İslam, eyni zamanda, “əhəmiyyətli dərəcədə böyük bir istehlak gücünə sahib azlıqdır”. Elə isə sələfinin etnik marketinq olaraq adlandırdığı faktın cazibə qüvvəsi böyükdür. Bu qəbil ticarət fəaliyyətləri (dönər, kabab restoranları, İslami geyim mağazaları, xüsusilə Məğrib ölkələri istiqamətli zənglər üçün konturlu telefon kabinələri) başqa bir sələfinin “halal bazar” deyə adlandırdığı sahəyə sərmayə qoyan adamların rifahını yüksəltdi. Əksər hallarda ilk zənginlik əlamətləriylə birlikdə  sələfi öz hicrətini (hijra) reallaşdırmaq istəyir: kafir Qərb torpaqlarını tərk edib Dar-ül İslam torpaqlarına geri qayıtmaq. Ancaq bu Qərb şəhərətrafı məhlələrin (suburban tərc.) ümidsiz müsəlman gənclərinin Əl-Qaidə kimi təşkilatlara qoşulmalarıyla nəticələnən hicrətləri ilə müqayisədə yeni bir hicrət formasıdır; militan və cihadist olmayan, əksinə burjua və iqtisadi hicrət forması. Artıq məqsəd cihadda şəhid olmaq deyil,  İslami mühitdə fərdi sinif dəyişmə və ­­­­­­­­­­­­­­rifahını təmin etmək məqsədilə tacir kimi yaşamaqdır. Bu hicrət tərzi, təbii olaraq, Körfəz ölkələrini gələcəyi olmadığı düşünülən müsəlman ölkələrindən üstün tutur; Səudiyyə Ərəbistanından daha çox “Amerikan xəyalının Ərəb xəyalı ilə birləşdiyi” Əmirlikləri seçir. Bu dindar tacir hicrət məqsədini “Müsəlman bir ölkədə yaşamaq və ölmək” arzusuyla izah edir. Ancaq əslən Mərakeşdən olmasına baxmayaraq, ölkə seçimində Malayziyaya üstünlük verir, çünki “Malayziyalılar ingilis dilini çox yaxşı bilirlər və texnoloji inkişafda irəlidədilər. Şimal-Şərqi Asiyanın ən böyük universiteti də oradadı. Nəticədə, bizim burda sahib olmadığımız yüksək həyat şəraitinə sahibdilər”. Evləndikdən sonra “dinə qayıdan” və İslami streetwear şirkəti quran, Əlcəzair əsilli yanğınsöndürən fransıza gəldikdə isə, hicrət üçün Dubayı seçmək fikrindədir. Çünki onun üçün Dubay “kosmopolit qalmaqla İslamın kamil şəkildə yaşandığı məkan, böyük layihələrin və gələcəyin ölkəsidir”. Deməli, hicrət iqtisadiyyatın qloballaşdığı dövrümüzün şərtləri altında bir başlanğıc, “yeni bir gələcəyin inşası, insanın özünü təbii, sabit və müstəqil şəkildə reallaşdırmasının çıxış nöqtəsidir”. Hicrət, eyni zamanda, EJR brendinin qurucuları üçün olduğu kimi, dar sələfi mənada, Dar-ül İslama qayıdış tərzində yox, “müəyyən bir yetkinlik və xaricə açılma müddətinin” elçisi olaraq da qəbul edilə bilər. Doğurdan da, 1990-cı illərdə Səudiyyə Ərəbistanına McDonald’s-ın gəlişi, bir neçə zərərsiz boykot elanı xaricində, ümumi olaraq çox uğurlu ticarət fəaliyyətidir. Təəccüblüdür  ki, İslamçı Anadoluda McDonald’s-a tək böyük reaksiyanı sol meyilli ODTÜ tələbələri göstərmişdir. Yetkinlik və xaricə açılma ritorikası İndoneziyada da iş başındadır. Belə ki, McDonald’s-ın yerli ortaqları zehinləri bulandırmamaq üçün, yerli müsəlman sahibkar olmalarını qabardırlar. Bundan dolayı da, “hacı” tərəflərinə diqqət çəkirlər.