Quşların nitqi, Şairin sükutu: Jim Jarmusch'un "Paterson"u

Nicat Məmmədov

Aşağıdakı qeydlərdə konspektiv şəkildə Jim Jarmusch’un “Paterson” filmi və təsəvvüf, xüsusən də Fəriddədin Əttarın “Məntüqüt-teyr” (“Quşların dili” və yaxud “Uçmağın məntiqi”) poeması arasında bəzi parallellər gətirilib. Təsəvvüflə parallellər Jarmusch’un 2009-cu ildə çəkilmiş “The Limits of Control” filmindəki səhnələrdən biri ilə təsdiqlənir – yapon əsilli alim-qadının qatardakı monoloqu ilə.

 

7 gün = 7 məqam

 

Yol = Paterson – avtobus sürücüsüdür, yəni Yol adamıdır, Əttarın şanapipiyi kimi başqalarını Yola səsləyəndir

 

Təsadüfi deyildir ki, Patersonun həyat yoldaşı roluna Əttar kimi fars əsilli olan Gölşiftə Fərəhani seçilib.

 

Paterson dairəvi sürür. Dairə – Məkandakı spiralın səthi ölçüsüdür. Erkən yaradıcılığında Sirin (slavyan mifologiyaslnda cənnət quşu) psevdonimi altında yazan Nabokov deyirdi: “Spiral – ruhsal dairədir”.

Şəhər ətrafında dairə vurmaq – Kəbə ətrafında təvaf

 

Paterson bir çox sufilər kimi şeir yazır. Onun doğma şəhəri – bir növ yer üzündəki cənnətdir. O isə həmən cənnətdəki Adəmdir (Patersonun əsl adı – Adam Duqlas Drayverdir). İslam ənənəsi deyir ki, Adəm cənnətdə olarkən nəzmlə danışırdı.

 

Əkslər. Paterson daim öz yolunda bir-birlərini güzgü tək əks edən əkizlərlə qarşılaşır və bu da “Məntüqüt-teyr” poemasının finalı ilə uzlaşır: Simurq – məqsədə çatmış, öz əkslərini dağ gölünün hamar səthində görmüş və özlərinin Simurq/Allah olduğunu dərk etmiş 30 quşdur. Fars dilindəki söz oyunu: si murğ – 30 quş.

 

Əttarın poemasında müsəlman olan Şeyx Sənan öz xristian sevgilisinə qovuşmaq üçün donuz otarır. Jarmusch’un filmində “xristian” Paterson hər gün öz “müsəlman” həyat yoldaşının itini gəzdirməyə çıxarır. İt bir çox sufi pritçalarının qəhrəmanıdır. Bundan əlavə, vətəni Azərbaycan və İran olan zərdüştlükdə it müqəddəs heyvan sayılır, o – can verməkdə olan insanlara axirət aləminə keçməyə/köçməyə kömək edir.

Paterson da yeni həyata doğulmaq üçün ölüdür. “Yeni həyat” – Dante Aliqyerinin nəzm və nəsrlə yazdığı avtobioqrafik povestidir.

 

Filmin finalında Əttarın poemasında da olduğu kimi – sıfırlaşma: baş qəhrəman axar suyun sahilində oturur (yəni, həyat davam edir), “Məntüqüt-teyr”dəki göldən fərqli olaraq. Göl – fəna və bəqadır. Burada Eliotun “Dörd kvartet”indən məhşur sətirlər yada düşür: “İçimizdə axan çay, ətrafımızda isə dəniz”. Və Patersona təmiz bloknot hədiyyə edilir: qəhrəman spiralın növbəti burumuna qalxır.