Luis Borxes - "Borxes və Mən"

Səid Riad

Bu, odur, fani həyat yaşayan Borxes. Mən isə Buenos-Ayresdə sakitcə veyillənirəm və bəlkə də şüursuz olaraq portal arkasının, yaxud çuqun barmaqlıqların hörmə yazılarının önündə ayaq saxlayıram. Borxes haqqında xəbərləri poçt vasitəsilə alıram və onun soyadını gah professorluğa namizədlər siyahısında, gah da şəxsiyyətlər lüğətində görürəm. Mənim coğrafi xəritələrdən, XVIII əsrə məxsus şriftlərdən, etimologiyalardan, qum saatından, qəhvənin dadından və Stivensonun nəsrindən xoşum gəlir. Digəri də bunlara maraq göstərsə də, bunu nümayişkəranə şəkildə edir və bununla da onları aktyor aksessuarına çevirmiş olur. Bizim bir-birimizlə düşmənçilik etdiyimizi hesab etmək doğru deyil. Mən yaşayıram, yaşamağa çalışıram ki, Borxes öz kitablarını yaza bilsin. Həmin kitablar isə mənə bəraət qazandırır. Təvazökarlıqdan uzaq olsa da, bəzi səhifələrin yaxşı alındığını demək olar, lakin bundan mənə fayda yoxdur. Çünki mənim fikrimcə, uğur artıq şəxsi mülkiyyət deyil – hətta digərinin olsa belə – nitqin və ədəbi ənənənin sərvətidir. Nəticədə mənim taleyimə həyatdan həmişəlik getmək yazılıb və yalnız bir an içində mən özümü başqasında yaşada bilərəm. Onun uydurmalara və şişirtmələrə hədsiz meyilli olmasına rəğmən, ona tədricən hər şeyi verirəm. Spinoza düşünürdü ki, varlıq həmişə olduğu kimi qalmaq istəyir: daş daş kimi, pələng pələng kimi. Mən isə özüm yox (əgər ümumiyyətlə kimsə olmuşamsa), Borxes olmalıyam. Lakin mən başqa kitablarda, yaxud gitaranın mahir səslənməsindən fərqli olaraq onun kitablarında artıq özümü nadir hallarda görürəm. Bu isə o deməkdir ki, mənim həyatım qaçaqaçdadır, mən hər şeyi itirirəm və  unudulmağa, yaxud başqa nəyəsə sarı yönləndirirəm.

 

 

Bizim ikimizdən kimin bu səhifəni yazdığını bilmirəm.