Kinonimlər: Stanislavski - İlğımdan vahəyə

Firudin Həsənov

Yalnız insan təfəkkürünün və əyilmələrinin nəticəsində, öz üzərində müdrikləşmə prosesi, daha konkret terminlə ifadə etsək antroposofiya özünüdərketmə və ruhani inkişaf  baxımından 1912-ci ildə tanınmağa başladı. Bunun səbəbkarlarının başında Rudol Ştayner dayanırdı. Bu nəzəriyyə və praktika, daha çox “ruh haqqında elm” deyə açıqlanırdı. Nə qədər psixologiya ilə eyni tutulsa da, daha çox teosofiyadan ayrılmış bir anlayışdır. Teosofiya – ilahi müdriklik, mistiklərin Tanrını sezmə, hissetmə qabiliyyətidir. Təbii ki, müəyyən metodikalara əsaslanır. Yəni insan ümumi, kütləvi, mütləq olan qüvvəyə (Tanrı) birləşə bilər, bir növ mistik-dini bir baxış.

 

Əsasən adı filosof Sakkasla əlaqəlidir, Plotinin müəllimi. Dünyanı, baş verənləri ümumi əxlaq sistemi altında, vahid bir din mərkəzli, qayəli, sinkretik anlamaq cəhdidir. Kökləri Qədim Hindistana, Vedalara qədər gedib çıxır. Bu da təbiidir, çünki Hindistan kimi çoxşaxəli, gülərüz mədəniyyətinin ümumi bir platforması arzusu da başa düşüləndir. Teosofiya bu mənada arqumentasiyadan, ağıldan daha çox sezgiyə, mistikliyə,”duman”lığa arxalanır. Sonrakı dövrdə okkultistlərin və qnostiklərin əlavələri fərqli forma almışdır. Hətta teosofiyanı panteist düşüncəsinə oxşadanlar da var. Əsas oxşarlıq, hər şeyin eyni mahiyyətə dayadıldığı, individuallığın (zərrənin) bu mənada olmamasındadır.

19-cu əsrin ilk yarısından sonra, Yelena Blavatskaya adında qadın bu məktəbin, bəlkə belə demək mümkünsə, cəmiyyətin banisi sayılır. O, Uzaq Şərqi , Tibeti gəzərək ezoterik bilgilərə yiyələnmiş, hinduizm, brahmanizm, buddizmdən xeyli təsirlənmişdir. Hətta bu qadını bir müddət sonra sərt şəkildə tənqid edərək, onun şarlatan, fırıldaqçı olduğunu da iddia edənlər olmuşdur.

 

Teoloji mərkəzçiliyin antropolojiyə yer verməsi necə oldusa, teosofiyanın antroposofiyaya, insanmərkəzli təfəkkürə keçməsi də elə baş verdi. Rudolf Ştayner unikal bir Avstriya alimidir. Memar, fəlsəfə doktoru olmaqla yanaşı, həm də ezoterik, okkultist və “kahin”dir. Yohan Göteni ciddi şəkildə araşdırmış və hətta öz nəzəriyyələrini Göteizm də adlandırmışdır. Hardasa Götedə olduğu kimi antroposofiya da təməlini transsendentalizmdən almış xristian fəlsəfəsidir. Amma xristianlığa baxış da fərqlidir, bunun əqli, hərfi, məcaz dünyagörüşləri vardır. Rudolfun burada axtardığı əsas məsələ elmlə ruhaniliyi birləşdirmə nöqtəsidir. Belə demək mümkünsə, ruhani elm. Pedoqogikada, idmanda, memarlıqda bir çox məktəblərin təməlləri Rudolfun adı ilə bağlıdır. 1922-ci ildə R.Ştaynerlə birlikdə xristian kahinləri “The Christian Community”dini həyat hərəkatını yaratmışlar.  Rudolf bu fərqli sahələrdə fəaliyyətləri ilə sübut edir ki, o, teosofiyadan fərqli olaraq,  etik individualizmin tərəfdarıdır və epistemologiyasını Götedən alır. Maraqlısı ondadır ki, o teosofiyanın içinə tam daxil olmadan, bir neçə dəfə onlara mühazirə deyir və sonradan müəyyən narazılıqlara görə onlardan ayrılaraq özünün məlum cəmiyyətini qurur. Bu narazılıqlardan biri də bundan ibarət idi ki, Ştayner Krişnamurtini digərləri kimi “yeni müəllim” qəbul etmirdi.

 

Bundan daha parlaq və inanılmaz məqamlardan biri də budur ki, Rudolfun məşhurluğu və ciddi fiqur olması ona gətirib çıxarır ki, 1921-ci ildə Hitler sağçı qəzetlərin birində Ştaynerə müharibə elan edir və onu yəhudilərin aləti adlandırır. 1922-ci ildə isə kimyəvi bombanın partladılması və işıqların sönməsi səbəbilə Rudolfun leksiyası yarımçıq kəsilir.

 

Antroposofiyanın əsas təlimləri sözsüz ki, meditasiya idi və kainatda insanın öz yerini öyrənmək istəyi, ehtiras və aclıq qədər vacib hesab edilir.

 

Bu get-gəllərin içində Andrey Belıy Mixail Çexovu Ştaynerlə tanış edir. Ondan bütün təcrübələrini mənimsəməyə çalışan Çexov öz məşhur aktyorluq üzərində tətbiqlərinə başlayır. Mixail məşhur yazıçı Anton Çexovun qardaşıoğludur. Aktyor olması ilə yanaşı Çexov həm də teatr pedaqoqu idi. Onun “Aktyorun texnikası” adlı əsəri çox məşhurdur.

Ştaynerdən təsirlənməsi isə ustadının həyatı ilə analogiya təşkil edir…

 

 

STANİSLAVSKİNİN DÜŞDÜYÜ UĞURLU TƏLƏ

 

1900-1910-cu illər arasında Stanislavskinin inkişaf etdirərək sona çatdırdığı bir sistem var ki, bunu “Aktyorluq ustalığı” və ya “Aktyorluq incəsənəti” adlandırırlar.

Bu sistemdə demək olar ilk dəfə şüurlu şəkildə rolun yaradılması incəsənət problemini həll etmiş olurlar. Aktyor tamamilə “özündən çıxaraq” obraza çevrilir. Məqsəd, absolut aktyor oynunun etibarlılığına psixoloji olaraq çatmaqdır.

 

Bir növ məsələni belə qoymaq da olar – Aktyor başqası ola bilmək sənətidir. Bu peşədə “mən”i əridirsən, dəri(n)lənirsən. Tamaşaçıya hazır fast food vermirsən, xəyalları ilə onlara özlərinin oynamağına, əlavələrə şərait yaradırsan. Güzgü və qarmaq effekti kimi.
Müasir Star, şou biznes ulduzu isə birsimalıdır. Hər kimin yerinə oynasa da o fakturası tanınmalıdır və konkret bir istehlakçı kütləsinə hesablanıb.

Məsələn Robert de Niro aktyor idi, star oldu. Bu misalda ikinci nümunə, yəni star Stanislavskinin aktyorluq texnikasını əldən vermişdir.

 

Aktyor oyunu əsasən üç texnologiya üzərinə qurulur: hiylə, təsəvvür, yaşantı.

 

Hiylə – Stanislavskiyə görə bu mərhələdə hazır ştamplar var, hansında ki, aktyorun ifası zamanı hansı emosiyanı nəzərdə tutduğunu tamaşaçı birmənalı şəkildə, asanlıqla sezə bilər.

 

Təsəvvür incəsənəti – uzunmüddətli məşqlər zamanı aktyor həqiqi olaraq baş verənləri yaşayır və avtomatik olaraq bu hallarındakı formaları yaratmış olur. Tamaşanın özündə isə aktyor bu hissləri yaşamaya da bilər, lakin rolun zahiri görünüşünü nümayiş etdirməlidir.

 

Yaşantı incəsənəti – Oynayan zaman aktyor həqiqi hisslər keçirir və bu, səhnədə obrazın həyatını doğmuş olur.

 

1938-ci ildə nəşr edilmiş “Aktyorun öz üzərində işi” adlı əsərində bütün bu formalar ətraflı şəkildə izah edilib.

 

Həqiqi yaşantılar bir mənada aktyorun əsas prinsipi olmalıdır, o, obrazın başına gələnləri hiss etməlidir. Duyulan emosiyalar orijinal olmalıdır. Aktyor hadisənin “real”lığına inanmalıdır, özündən şeylər çıxarmamalı, əlavələrə (sünilik) yol verməməlidir. Buna görə də rejissor Antonioni deyirdi ki, rejissorluq pozisiyasına keçmiş aktyor artıq öz naturasını, təbiətini itirmişdir. Öz sənəti mexanik, çəkməçi olmuş insandan daha yaxşı aktyor çıxar.  

O, nəyisə doğru şəkildə yaşasa və narahatçılığı spontan doğsa, bu necə də gözəl artistdir.

 

Verilən süjet şərtləri zamanı fantaziya etmək, düşünmək, təxəyyülü işə salmaq qaçınılmazdır. Çünki insan çoxşaxəli olmaqla yanaşı, həm də düşdüyü ssenariyə uyğun rolun keçirdiyi hissləri özündə axtarmağa, oxşarını tapmağa çalışır. Bu, təbii ki, çətindir və müəyyən texnikalarla sabitlənir. Hissin yaranma səbəbi həm də məkandır, buna görə də, aktyor içindəki məkan anlayışına da sahib olmalıdır. Bundan əlavə rolun, obrazın hərəkətləri müəyyən səbəblərə bağlıdır, motivlərə əsaslanır. Aktyor bunları tapıb, özündə necə baş verirsə, məsələn “bəraət” qazandırmalıdır, məntiqi tutmalıdır.

 

Stanislavskinin “indi və burada” ifadəsi də vardır. O, səhnədə doğulacaq ani hissin vacibliyini hər zaman vurğulayır. Aktyor qəhrəmanı kimi bu və ya digər hərəkəti, davranışı etmək istəməlidir, çünki “onun başqa çıxış yolu yoxdur” (bəraət). Bu “indi və burada” mexanizmi ştamplardan sıyrılmağa və hər tamaşada aktyorun öz marağının olmasına köməkçi stimuldur.

 

Aktyor həm də öz diqqətinə nəzarət etməlidir – tamaşaçıya çox aludə olmamaq, partnyorunun yaşantılarına fokuslanmaq.  “Bizim hər davranışımız, hər nitqimiz doğru xəyalın nəticəsi olmalıdır” deyir SSRİ-in ilk xalq artisti. Bundan əlavə, təbii ki, aktyorun öz bədəni ilə rəftarı, plastikası çox önəmlidir.

 

Fəlsəfi tərəfdən götürdükdə, Stanislavskini hardasa David Hume tərədarı hesab etmək olar (!)

 

“Hər bir fikir əvvəl duyğu idi!”

“İradəyə istək əlavə olunmamış, o gücsüzdür”

“İnsanın təbii qabiliyyəti ritmdir.”

“Kiçik rollar yoxdur, böyük olmayan aktyorlar var”

“Əvvəl əmin ol, sonra əmin et”

“Aktyor çətin olanı vərdişə, vərdişi  rahatlığa, rahatlığı gözəlliyə çevirə bilməlidir”

“Yaxşı rolu oynayanda onda pisi, pis obrazı oynayanda onda yaxşını axtar”

“Anlamaq, hiss edə bilmək deməkdir”

 

Yuxarıdakı devizlərdən  özünüdərk quyusuna düşmək sezilmirmi? Hətta kitabının adında belə antrposof bir fənd açıq-aydın görünür. Stanislavskinin təsirləndiyi, yaşadığı cəmiyyətlə qarşılaşdırdığı o dünyanı sintez etdiyi şəxsiyyət Yoq Ramaçarakadır. Ramaçarakanın yoqaya, düşüncə gücünə, konsentrasiyaya, maqnitizmə  dair kitablarını oxumuş Stanislavski bu “vaksin”ləri əvvəlcə özünə vurmuş, təcrübə etmiş, sonra ilə araşdıraraq kitabına köçürmüşdür. Həmçinin tələbələrindən olan Mixail Çexova da miras etmişdir.

 

Mixail sanki R.Ştaynerlə Stanislavski (Ramaçaraka) adlı iki qütbün arasında yer almış son nümayəndələrdəndir. Novatorçuluq əslində yenilikçi bir anlayış deyil, gələn xəttin davamı və sintezidir.

 

Burada maraqlı olan fakt burasıdır ki, Ramaçaraka real bir insan deyil, Villiam Atkinson adlı yazıçı, vəkil, tərcüməçi, kommersant bir şəxsin təxəllüsü, təxəyyülüdür. Stanislavski Yoq Ramaçarakanın hindistanlı olduğuna inanır və onun praktik təcrübələrinə arxalanaraq kitablarını oxuyur və sistemini formalaşdırır. Lakin məlum olur ki, bu Atkinsondur, dolayısıyla yalan uydurmuş bir illüziyaçı.

 İnsan cismi olmayan “səs”dən də ağlayarmış.