İstixanada Yasəmən

Firudin Həsənov

Sevgi amöblərdə, bəzi bəsit canlılarda olmur.

 

Belə bir qənaətə necə gəlirik? Çünki müəyyən təcrübələrə əsaslanıb deyə bilərik ki, onlar çoxalma üçün belə, bir-biriləri ilə əlaqədə olmağa ehtiyac hiss etmirlər. Həyatlarını davam etdirmək üçün onlara “ibtidai formada bağlılıq”, yəni tam əksinə, qopuqluq, fərdilik kifayət edir. Sadə orqanizmlərin çoxu şüursuz qane, razılıq içindədirlər.

 

Məsələn, leyləklər öz əks-cinsini, partnyorunu ümumiyyətlə üzdən, bədəndən, təsviri, ya da hər hansı hissi səviyyədə tanımırlar. Yalnız yuva onlar üçün ortaqdır, ikisinin də qayıdacağı məkan, “ana” yuvadır. Əgər yuvaya qayıdan leylək orada kimisə aşkarladısa, özünün partnyoru zənn edəcək. Çünki prinsip burada ev anlayışıdır, sevgi evə, yuvayadır, partnyor isə bir mənada o sevginin elementidir. Məşhur əfsanədəki uşaq gətirən leylək məkanın istiliyini sevirmiş, amma bu günkü mənada erkək-dişi sevgisindən danışa bilmirik. Lakin primatlar, əksər məməlilər və ümumən çox sayda heyvanlar, insanlar öz partnyorlarını duyğu vasitəsilə tanıyır və ona bağlanma qabiliyyətinə sahibdirlər.

 

Ümumiləşdirərək çox sadə ifadə etmək lazım gələrsə, 1. tanıma, 2. bağlılıq hissi varsa, biz sevgidən bəhs edirik. Bir sözlə yaddaşın olması mütləqdir. Balıqların bir çoxu qısa müddətli yaddaşa sahibdirlər, ona görə onlara “insani sevgi” xas deyil.

 

Maralların və bu qəbildən heyvanların bir xüsusiyyəti vardır: onlar üçün cinsi əlaqə (seks) sevgi ilə tam qarışmamışdır. Nikah, çoxalma periodları, mövsümləri, birlikdə yaşamaq davamlılığından bağlantısını kəsmişdir. Ayrıca çoxalma ritualı hər ildə bir dəfə, müəyyən olunmuş müddət ərzində baş verir. Lakin tutaq ki, insanlarda, bəzi təxminlərə görə delfinlərdə və s. seksual əlaqə ailə, sevgi münasibəti ilə iç-içədir. Biz misal üçün qazlardakı ciddi şəkildə ailə qayğısı və qorunma instinktinin cəminə sevgi adı veririk, bu çox təbiidir. Yəni monoqamlıq və ya bəzi meymunlardakı kimi poliqamlıq arasında fərq qoymadan, sevgi hissini bağlılıq və tanıma olan yerdə aşkarlaya, daha sonra analiz edə bilərik. Yalnız bundan sonra niyə məhz filan canlıya sevgi hiss etmək təhlilləri başlaya bilər…

Ona görə qopmalar, ayrılıqlar bu hissin, quruluşun sonu olduğu üçün insanlarda arzuya çevrilir. Arzu məsafədir. Hər arzunun itməsi bir yoxluq köpüyünün zənnidir.

 

“Rəbbim, məni heyrət içində saxla” duası kimi könül istəyər ki, davamlı ağzı açıq yaşayasan. Nə canavar kimi arzularının dalınca düşmək və sonra o plankadan aşağı heç nədən zövq ala bilməmək, müqayisə aldanışına girmək, nə də təkrarın həzzindən məhrum olmaq xoşhal etmir adamı.

 

Arzu (nəfəs) + ehtiras (təngnəfəs) = nəfs

Sevgi əlində olana duyduğun hissdir.

 

Nəzəri seyrdə (varlıqda) arzu yoxdur, çünki məsafə yoxdur.

 

Yaşadıqlarımızda təkcə qəzanı deyil, qədəri görsəydik.

 

 

Yatmaq üçün artıq gecdir. Mənim mürəkkəb cümlələrim sənə əyləncəli, sənin sadə sözlərin və dişlərin mənə necə də dərin gəlir.

Gülmək insana ölümü daha çox xatırlatmalı idi, “dişlər insanın yeganə görünən sümükləridir.”

 

*** 

 

Ağlamaq su gətirir, su başlanğıc deməkdir. Ayağa qalx, duş qəbul elə, özünü xaç suyunu sal, dəstəmaz al, yoluna davam et!

 

***

 

Taxta masamın üstündə qarışqalar şosse düzəldirlər. Yox, onlar yuxularımda qorxularımı samana bürüyürlər.

 

***

 

Yuxumda tavanımızdan çarpayıya su tökülürdü. Oyanıb gördüm ki, alnımın sol tərəfində xal bitib.

İndi səhvlərlə peşmançılıq arasına bir gün sığmır.

 

***

Əgər kasıbıqsa, bu qədər itirdiyimiz nədir? Sahib olduğunla, xəyalının itkisinin ağırlığı eynidir. Çəki mahiyyətdədir, şəkildə yox.

Səni sevməyəndən xahiş gözləmə.

Vaxtilə qaldığım probeldən yenə başlayıram, yeni sətirdən nəsə istəyirəm.

 

***

 

Qısa hekayə:

Mən qaçmağa davam edirdim, o isə demək olar mənə çatmışdı. Birdən qarşıdakı döngədə nədənsə dayandım, yerimdə donub qaldım. Bu, məni yaman hiddətləndirdi. Arxa tərəfdən Dəyanət əminin səsini eşitdim – “diski çıxar, yenidən sal.”

 

***

 

Teatrı anmıram, Teatra doğru dartınmıram, Teatrla hesablaşmıram!

Bunu teatrla iç-içə olan bir şair deyir. Sonra isə əlavə edir “şairin mahiyyəti sözə inanmaqdır”.

Hər qədim olan müdrik deyildir.

Gözlə təsdiq üçün yüksək ruh tələb olunmur, korların da əlifbası var.

 

***

 

Oturduğumuz kafenin pəncərəsindən uzaqlıqdakı divarın yazısını oxumaq əyləncəli idi. “Kirayə verilir”.

Amma göz qapaqlarının astarını görmək mümkün deyil.

 

 

***

 

Aşiqlər atəşdə yanarlar, digərləri onun istisində əl qızdırarlar.

Hələ ki, başıma iki ağdaş düşüb.

Labirintdən  məni Minotavrdan xilas olmuş Tesey kimi nazik ağ sap və ya ağ saç xilas edə bilər.

 

***

 

Yuxularıma, çox şükür, daha az girirsən. Qapıları açanda ayağın nəyəsə ilişir, əlinlə nəyisə yerə salırsan. Bu əlamətlərə əvvəl fikir vermirdim.

Ən uzun dejavü yaşayıram.

 

*** 

 

“Ana üçün körpə var, körpə üçün ana yoxdur.” Mineral bitkini, bitki heyvanı bilmir. İnsan nəyi bilir? Bilgisizlikdən qorxur, amma bu qorxunun törətdiyi günahdan iflic olur.

 

***

 

Səninlə xırda şeyi paylaşmaqdan məhrum olunca, xırda olan hər şey ağırlaşdı. İndi daha gec cəzb olunuram, amma hər zamankı kimi maqnitdən daha çox, dəmir olmaq istəyirəm.

 

***

 

Hansı yolu seçiriksə, məcburi əvəzetmədir (!). Cəbri qanunlardan sıyrıla bilmirəm, hansı yastığa başımı qoyuramsa, dünyanın şirin ağuşunda özümü görürəm. Xoş anlar və sakitliyimiz üçün mənliyimizə borcluyuq. 

Tənbəlliklə şəhvət, qürurla riya arasında mübahisəmə baxmaq əyləncəlidir, heç birinə azarkeşlik etmirəm.

 

***

 

İnsan ağrıdan zövq alarmı? Acı yeməkdən necə?

İsa nədir, taxta zövq almasaydı İsanı qəbul etməzdi (!)

 

***

 

Doğru və həzzin ortasında mötədil olan faydadır. Ona görə biz daha çox ailəni seçirik.

İstədiyini deyil, istəmədiyini bilməyə nə hünər?

 

*** 

 

Hər şey çox dolayıdır, sual vermək həm acizlik, həm cəsarətdi. Ata uşağını “dola”ndırmalı imiş yəqin.

Başlanğıcın, mənbənin səbəbi yoxdu. Səbəb ən son halıdır (?)

 

 

Bir hirsin, bir ağrının qızğın dəmiri qəlbimizə toxunmadıqca, səs gəlmir oradan. Halbuki bizdən əbədiyyətə qalacaq: bu qışqırıqdır. Sevinc, əzab, mərhəmət qışqırığı. (Cemil Meriç)