İCTİMAİ ZÖVQƏ TƏRS SİLLƏ: Rus futuristlərinin manifesti (1912)

Səid Riad

Bizim Yeni İlk Gözlənilməzimizi oxuyanlara.

Zəmanəmizin simaları yalnız bizik. Zamanın söz sənətindəki səsi bizim vasitəmizlə aləmə yayılır. Keçmiş sıxıcıdır. Akademiya və Puşkin heroqliflərdən də anlaşılmazdır. Puşkini, Dostoyevskini, Tolstoyu və s., və ilaxır Müasirlik Gəmisindən tullamaq lazımdır.   

İlk sevgisini unutmayan sonuncunu da bilməz…

Hansı sadəlövh son Məhəbbətini Balmontun parfümer əxlaqsızlığına cəlb edər? Bu günün cəsarət əzmi öz əksini ondamı tapıb? Hansı qorxaq kağız zirehləri döyüşçü Bryusovun qara frakından qopartmaqdan qorxar? Yoxsa müəmmalı gözəlliklər ondamı təcəssüm olunub? 

Leonid Andreyev kimi saysız-hesabsız müəlliflər tərəfindən yazılan kitabların kirli seliyinə toxunan əllərinizi yuyun.

Maksim Qorki, Kuprin, Blok, Soloqub, Avarçenko, Çornıy, Kuzmin, Bunin və digər onlar kimilərinə yalnız çay kənarında tikilmiş malikanə lazımdır. Tale bu cür mükafatları dərzilərə ərməğan edir.

Göydələnlər üzərindən biz onların cılızlığına tamaşa edirik!

Biz şairlərin hüquqlarına hörmət etməyi tələb edirik:

 

1.     lüğətin həcmini sərbəst və törəmə sözlərlə (yeni ifadələrlə) artırdıqlarına,

2.     özlərindən əvvəl mövcud olan dilə dəf edilməz kin bəslədiklərinə,

3.     sizin ucuz şöhrətinizin hamam süpürgələrindən düzəltdiyiniz Çələngi qürurlu alınlarından iyrənib kənar etdiklərinə görə.

4.     fit və qəzəb dənizin ortasında “Biz” sözünün qayalığında dayandıqlarına görə.

 

Və əgər bizim misralarımızda sizin “sağlam düşüncənizin” və “yaxşı zövqünüzün” kirli damğası qalıbsa belə, hər halda dəyərli Sözün İlkin Gözəlliklərinin parıltıları da o misralarda sayrışmaqdadır.

 D. Burlyuk, Aleksandr Kruçonıx, V. Mayakovski, Viktor Xlebnikov Moskva, 1912. Dekabr.