Filippo Tommazo Marinetti - Futurizm manifesti (1909)

Səid Riad

Mən və dostlarım bütün gecəni yuxusuz halda məscid lampalarının işığı altında əyləşmişdik. Elektrik ürəkləri dayanmadan döyünən lampaların kiçik, mis gümbəzləri eynilə bizim qəlbimiz kimi tikə-tikə idi. Biz dəbdəbəli İran xalılarının üzərində təbiətimizə xas olan tənbəlliklə

var-gəl edərək məntiqin hüdudlarını aşan mövzularda möhkəm mübahisə edir və kağızların üzərində ağlasığmaz işarələr çəkərək onları ləkələyirdik.

 

Qürurdan ürəyimiz dağa dönmüşdü. Çünki bizdən başqa yatmayan yox idi. Özümüzü başımızın üstünü almış düşmən ulduzlarının ordusuna sinə gərən mayak, yaxud istehkam kimi təsəvvür edirdik. Nəhəng paroxodu buxarlandıran ocaqçılardan, lokomotivin qırmızı qarnında qurdalanan qara kabuslardan, əl-qanadlarını geniş açaraq binaların divarlarına dəyə-dəyə evlərinə sarı uçan əyyaşlardan və bizdən savayı hamı dərin yuxuya getmişdi.

 

Biz gözlənilmədən qəribə hadisənin şahidi olduq. Qəfil peyda olan ikimərtəbəli tramvaylar rəngbərəng işıqlar saçaraq, atıla-atıla yanımızdan ötüb keçməyə başladılar. Onlar sanki daşıb məcrasından çıxan, sahilindəki qadınları aparıb dənizə atmaq üçün onları qəfil yaxalayan Po kimi sürətlə şütüyürdülər.

 

Sonra səs kəsildi və ətrafa sükut çökdü. Qulağımıza köhnə kanalın yorğun avazla oxuduğu dua səsi və parkların baxımsız saqqallarının üzərini basıb görünməz edən, ölümcül xəstə sarayların sümüklərinin xırçıltısı dəydi. Elə bu zaman düz pəncərəmizin altında ac avtomobillər qəflətən guruldamağa başladılar.

 

“Gəlin, mənim dostlarım, – mən dedim, – gəlin, gedək! Artıq mifologiya və idealizmin sonu yetişib! Biz indi yeni Kentavrın dünyaya gəlməsinin şahidi olacaq, ilk mələklərin pərvaz etmələrini öz gözlərimizlə görəcəyik. Gəlin həyat qapılarını bərkdən, var gücümüzlə döyək! Görək onların rəzələri həqiqətən də möhkəmdirmi?!… İrəli! Artıq günəş ilk şəfəqlərini bütün cahana saçır!… Onun zülmətin minillik imperiyası ilə çarpışan al qılıncının gözqamaşdırıcı parlaqlığının misli-bərabəri ola bilməz!

 

Biz fırnıxan üç maşına yaxınlaşıb onların sinəsini nəvazişlə tumarlamağa başladıq. Mən öz avtomobilimə əyləşib tabutda uzanmış meyid kimi ayaqlarımı rahatca uzatmışdım ki, qarnımın üstündə gilyotin baltasına bənzəyən, təhdidedici sükanı görüncə dərhal qəddimi düzəltdim.

 

Ağılsızlığın nəhəng qasırğası bizi öz cənginə alaraq hündür və dik sahilli, məcrası qurumuş çaya bənzəyən şəhərin küçələri boyu dolaşdırmağa başladı. Riyazi hesablamalara qaranlıqda işıqsaçan pəncərələrdən nifrətə sövq edən alovlar şölələnirdi. “Rayihə! – mən qışqırdım. – Bu xoş ətir vəhşi heyvanlara bəs edər…”

 

Və biz gənc aslanlar kimi titrək parıltı verən, solğun-bənövşəyi səmada gizlənməyə çalışan xovlu ölümü təqib etməyə başladıq.

 

Ancaq bizim nə şənini göylərə ucaldacağımız məşuqəmiz, nə də eybəcər hala salınmış cəsədlərimizi ayaqlarının altına ata biləcəyimiz qəddar kraliçamız vardı. Özümüzü nəhəng cəsarətimizdən xilas etmək istəyindən savayı uğrunda ölməyə heç nəyimiz yox idi.

Biz tələsik irəliləyirdik və maşınlarımızın qaynar təkərləri evlərin kandarlarından çıxıb üstümüzə cuman itləri əzərək onların üzərindən köynək yaxalığını ütüləyirmiş kimi keçib gedirdi. Ölüm öz pəncəsini nəzakətlə mənə sarı uzatmaq üçün hər döngədə məni qarabaqara təqib edir, sonra isə dişlərini qıcayaraq yenidən yerə əyilərək gölməçələrdən mənə baxırdı.

 “Gəlin, Müdrikliyin iyrənc labirintini tərk edib küləyin açıq ağzına qürurla daxil olaq!.. Qoy bizi naməlum, yırtıcı məxluq parçalasın! Biz bunu əsla ruhdan düşdüyümüz üçün yox, absurdun bitib tükənməyən ehtiyatlarının yerini doldurmaq üçün etməsini istəyirik!”

 

Mən bu sözləri söyləyən kimi öz quyruğunu qapmaq istəyən sərxoş, ağılsız pudel kimi yerimdə fırlanmağa başladım. Bu zaman mənimlə razılaşmayan iki velosipedçi peyda oldu. Onlar özlərini itirmiş halda çapalayaraq ilk baxışda tutarlı görünsə də, lakin bir-birinə tamamilə zidd olan iki arqument kimi bir-birilərinə mane olmağa başladılar. Nəticədə onlar mənim yolumun üstünə çıxdılar.

 

Ay sizi zəhlə tökənlər! Tfu! Mən əyləci basıb ikrah hissi ilə bir neçə dəfə yerimdə fırlandım və arxın içinə düşdüm.

 

Ah səni lehmə dolu, doğma arx!.. Mənim fabrik novçalarım..! Sudanlı dayəmin müqəddəs, qara döşlərini xatırladan lilləri necə də ağızdolusu daddım!

 

Mən nəhayət, çirkli və üfunətli halda arxdan çıxanda ürəyim sevinc hissi ilə doldu. Həvəskar balıqçılar və podaqradan əziyyət çəkən naturalistlər baş vermiş möcüzəyə tamaşa etmək üçün mənim başıma yığıldılar. Onlar mənim lilə bulaşmış köpəkbalığına bənzəyən avtomobilimi arxdan çıxarmaq üçün tələsmədən və bacarıqla oraya dəmir tor salladılar. Kuzov və rahat oturacaqlarını pulcuqlar kimi öz üzərindən kənara atan avtomobilim yavaş-yavaş arxın səthinə çıxmağa başladı.

 

Hamı mənim yazıq köpəkbalığımın öldüyünü zənn edirdi. Ancaq mən əlimi onun belinə çəkən kimi dərhal cana gəldi və qanadlarını çalaraq var gücü ilə üzgəclərini hərəkətə gətirib yerindən götürüldü.

 

Mənim sifətim his, əbəs yerə axan tər və əla şlaklara qarışmış, keyfiyyətli fabrik çirkinə bulaşmışdı. Bu vəziyyətdə – sarğılı əllərlə, müdrik balıqçıların və təbiət tədqiqatçılarının dəstəyi ilə biz öz fikirlərimizi bütün dünyaya bəyan etdik.

 

 

Futurizm manifesti

 

1 – Biz təhlükəyə sevgini, cəsarət və ehtiyatsızlığa vərdiş etməyi tərənnüm etmək niyyətindəyik.

2 – Bizim poeziyamızın təməlində mərdlik, cürət və etiraz dayanacaq.

3 – Bu vaxta qədər ədəbiyyat xəyalpərəstliklə müşayiət olunan ətaləti, ekstaz və yuxunu tərənnüm edirdisə, biz aqressiv davranışların, yuxusuzluğun, atletik hərəkətlərin, riskli sıçrayışların və əlbəyaxa davaların şənini göylərə ucaldacağıq.

 

4 – Biz dünyanın sürət gözəlliyi ilə zənginləşib daha da gözəl olduğunu bəyan edirik. Gövdəsi od püskürən ilanlara bənzər borularla bəzənmiş yarış avtomobili, mühərriki sanki nəhəng karteçdə işləyən, guruldayan maşın “Samofrakili Nika” abidəsindən daha gözəldir.

 

5 – Biz gövdəsi Yeri dəlib keçərək onu öz orbiti ətrafında dövr etdirən avtomobil sükanı arxasında əyləşmiş insanı tərənnüm etmək istəyirik. 

 

6 – Şair ilkin təbii elementlərin coşqunluğunu daha da artırmaq üçün özünü sona qədər, səxavətlə xərcləməlidir.

7 – Heç bir şey mübarizə qədər gözəl ola bilməz. Aqressivlik təcəssümü olmayan heç bir yaradıcılıq nümunəsi şedevr deyil. Poeziya naməlum qüvvələrə qarşı müharibə elan edərək onları insan qarşısında ram olmağa məcbur etməlidir.

8 – Biz yeni əsrə qədəm qoymuşuq..! Bizim vəzifəmiz mümkünsüzlük qapılarını sındırmaq olduğu halda nə üçün dönüb geriyə baxmalıyıq?! Zaman və Məkan dünəndə qalıb. Biz artıq absolyutda yaşayırıq, çünki biz əbədi və hər yerdə mövcud olan sürəti yaratmışıq.

 

 9 – Biz dünyanın saflaşmasının yeganə vasitəsini müharibədə görürük. Yaşasın müharibə! Yaşasın militarizm, vətənpərvərlik və anarxizmin dağıdıcı vasitələri! Biz insanların uğrunda bir-birilərini öldürdükləri gözəl ideyaları tərənnüm edəcəyik. Biz qadınlara nifrət ifadə edən hər şeyi şöhrətləndirib göylərə qaldıracağıq.

 

10 – Biz muzeyləri və kitabxanaları məhv etmək, əxlaqi ehtiraslara, feminist və opportunistlərə qarşı mübarizə aparmaq istəyirik. Biz qorxaqlığa nifrət edirik!

 

11 – Biz çalışqan, şənlənən və qiyam edən böyük kütlələri, müasir paytaxtlarda baş verən inqilabların rəngarəng, çoxsəsli təzahürünü, elektrik Ayların nurlandırdığı arsenal və tərsanələrin titrəyiş və gecə hərarətini, tüstüləyən dəmir ilanları udan ac dəmiryol vağzallarını, boruların çıxan əyri tüstü lentləri ilə buludlardan asılıb sallanan fabrikləri, sanki günəş şüaları altında bərq vuran çayların üzərindən atlanan nəhəng gimnastlara bənzəyən körpüləri, üfüqlərə çatmaq istəyən paroxodları, borularla cilovlanmış polad atların nəhəng nallarına bənzəyən təkərləri ilə relslər üzərində səs salan, geniş sinəli parovozları küləyin təsirindən bayraq kimi dalğalanan propellerləri coşqun tamaşaçıların alqışlarına bənzəyən təyyarələrin uçuşunu tərənnüm etmək istəyirik. 

 

 

Biz İtaliyadan bütün dünyaya qəzəb dolu, dağıdıcı, atəşin manifestimizi bəyan edirik və ölkəmizi professorların, arxeoloqların, boşboğaz və antikvarların üfunətli qanqrenasından xilas etmək niyyəti ilə bu manifestlə “Futurizmin” əsasını qoyuruq. İtaliya uzun müddət köhnə-kürüş şeylərlə alver edənlərin ölkəsi olub, ona görə də biz onu üzərini qalın pərdə kimi örtən və qəbiristanlıqlara bənzəyən saysız-hesabsız muzeylərdən azad etmək istəyirik.

Muzeylər qəbiristanlıqlardır!.. Bir-birilərini tanımayan bədənlərin cəm olunduğu bu muzeylərin hamısı necə də bir-birlərinə bənzəyir?! Muzeylər bu qədər bədənlərin əbədi olaraq yan-yana dəfn olunduqları ictimai yataqlar, rəssam və heykəltəraşların bir-birilərini rənglər və xətlərlə amansızcasına öldürdükləri absurd sallaqxanalardır.

Biz adamların mərhumların məzarlarını ildə bir dəfə ziyarət etdikləri kimi muzeylərə də ildə bir dəfə baş çəkməyinin əleyhinə deyilik. Yaxşı, “Cokonda”nın portretinin önünə gül qoymaq istəyirsiz? Buyurun! Buna da bir söz demirik. Ancaq bu qədər kədər, dərd-sər, ağrı-acılarla muzeylərə getmək nəyə lazımdır ki?! Bəlkə siz zəhərlənmək, ya həyatınızı çürütmək istəyirsiz?!

Rəssamın fantaziyalarını həyata keçirməyə mane olan əngəllərdən savayı köhnə rəsmdə nə görmək olar ki?

 

Köhnə rəsm əsərinə məftun olmaq eynilə insanın matəm mərasimlərində göstərdiyi həssas duyğular kimi bir şeydir. Yəni doğrudanmı siz bütün qüvvənizi keçmişin insanı alçaltdığı, əzdiyi, acizləşdirdiyi bu əbədi və boş heyranlığına sərf etmək niyyətindəsiniz?

 

Sizi inandırım ki, muzeyləri, kitabxanaları və akademiyaları (hədər olmuş səylərin qəbiristanlığı, çarmıxa çəkilmiş xəyalların qolqofaları, uğursuz başlanğıcların siyahısı) hər gün ziyarət etmək incəsənət adamları üçün istedad və şöhrətdən başları dumanlanan, ağıllı gənclərə valideynləri tərəfindən göstərilən ifrat qayğı kimi zərərlidir. Gələcəyin qapıları onların üzünə bağlananda gözəl keçmiş ölüm ayağında olan xəstəhal, zəif əsir üçün təsəlli ola bilər. Ancaq bizim keçmişlə heç bir işimiz yoxdur. Biz gənc və güclü futuristlərik.

 

Qoy barmaqları hisə bulaşmış şən təhrikçilər buraya gəlsinlər! Onlar burdadılar! Burda! Hə, gəlin kitabxanaları yandırın. Kanalların istiqamətini də üzü kitabxanalara tərəf çevirin. Qoy oranı su bassın. Məşhur, köhnə rəsm tablolarının rəngləri qarışmış halda necə üzdüklərinə tamaşa etmək həzz verir. Baltaları, külüngləri götürüb möhtərəm şəhərin divarlarını dağıdın!

 

Bizim ən böyüyümüzün heç otuz yaşı yoxdur və işlərimizi tamamlamaq üçün bizim hələ on ilimiz var. Qırx yaşımıza çatanda bizdən daha gənc və güclülər bəlkə də bizi lazımsız əlyazmalar kimi zibil yeşiyinə tullayacaqlar. Bizim istədiyimiz də elə budur! Onlar, yəni xələflərimiz bizim əleyhimizə çıxacaqlar. Onlar uzaqlardan, hər tərəfdən ilk nəğmələrinin ritmi altında rəqs edə-edə, əyri, yırtıcı pəncələrinin əzələlərini oynadaraq akademiya qapılarının ağzında artıq kitaxanaların katakombalarına yarayan çürümüş intellektimizi it kimi iyləyərək gələcəklər.  

 

Ancaq biz orada olmayacağıq… Nəhayət onlar bizi qış gecələrinin birində açıq sahədə, yağış damlalarının üstünü döyəclədiyi damın altından tapacaqlar. Onlar bizi titrəyən aeroplanlarımızın yanında büzüşmüş halda, bu günkü kitablarımızın yanmasından əmələ gələn kiçik ocaqda əllərimizi qızdırdığımız halda görəcəklər. 

 

Onlar bizim başımıza yığışıb kin və qəzəb nümayiş etdirəcəklər. Sonra isə qürur və qorxmazlığımızdan hiddətlənib bizi öldürmək üçün üstümüzə cumacaqlar. Onların nifrət hissi bizə olan sevgi və heyranlıqlarından daha güclü olacaq. Onların gözlərində güclü və sağlam ədalətsizlik əks olunacaq. Sənət zor, qəddarlıq və ədalətsizlikdən başqa bir şey deyil.

 

Bizim ən böyüyümüzün heç otuz yaşı yoxdur. Amma biz artıq güc, sevgi, cəsarət, iradədən ibarət olan sərvətimizi xərcləyib qurtarmışıq. Biz o sərvəti təəssüf hissi keçirmədən, qəzəblə, dərdsiz, tərəddüd etmədən, nəfəs almadan və dayanmadan səpələmişik…

 

Bir bizə baxın! Biz hələ də qüvvətliyik! Ürəyimiz usanmaq bilmir, çünki onlar hərarət, kin və sürətlə doludur. Nədir, təəccüblənirsiz? Əlbəttə, siz ki, haçansa yaşadığınızı belə heç xatırlamırsınız. Biz çiyinlərimizi qürurla dikəldib dünyanın ən uca zirvəsində dayanmışıq və  ulduzlara meydan oxuyuruq.

 

Sizin etirazınız var? Əlbəttə var, həm də kifayət qədər… Biz bunu bilirik… Məkrli düşüncəmiz bizim əcdadlarımızın davamçısı və yeni şəklə salınmış forması olduğumuzu söyləyir. Ola bilər! Kaş bu, elə belə də olaydı. Nə fərqi var ki? Biz anlayışlı olmaq istəmirik. Vay bu utancverici sözləri bizə deyənlərin halına.

 

 

Başınızı qaldırın! Biz çiyinlərimizi qürurla dikəldib dünyanın ən uca zirvəsində dayanmışıq və ulduzlara yenidən meydan oxuyuruq.