Dadazim nədir və onun Almaniyadakı məqsədləri nədən ibarətdir? (1919) - Rixard Hülzenbek və Raul Hausman

Səid Riad

1     Dadaizm tələb edir:

1) bütün dünyadakı yaradıcı və intellektual kişi və qadınların radikal kommunizm əsasında beynəlxalq inqilabi ittifaqını;

2) istənilən fəaliyyət sahəsinin hərtərəfli mexanikləşdirilməsi yolu ilə proqressiv işsizliyin tətbiqini. Yalnız işsizliyin tətbiqi ilə hər kəs həqiqətin nə olduğunu dərk edə bilmək və özünü iztirablara alışdırmaq imkanı qazanacaq; 

3) xüsusi mülkiyyətin dərhal müsadirə edilməsini (sosialistləşdirilməsini) və hər kəs üçün kommunal qidalanmanın tətbiqini, həmçinin, insanı azad olmağa hazırlayacaq, elektriklə işıqlandırılmış şəhər və bütövlükdə icmaya məxsus olacaq bağların salınmasını;

2     Mərkəzi şura istəyir:

a) bütün yaradıcı və intellektual insanların Potsdam Meydanında (Berlin) dövlət hesabına gündəlik qidalanma ilə təmin edilməsini;

b) bütün ruhanilərin və müəllimlərin dadaizm ehkamlarının icrası barədə öhdəlik götürmələrini;

c) “ruh fəhlələri” (Hiller, Adler) adı altında təmsil olunmuş bütün cərəyanlara, onların gizli burjuaçı mövqelərinə, ekspressionizmə və “Şturm qrupu” adı altında mövcud olan postklassik təlimlərə qarşı amansız mübarizəni;

ç) dərhal dövlət sənət mərkəzinin tikilməsini və yeni sənətdə bütün mülkiyyət anlayışlarının(ekspressionizm) ləğvini; bütün bəşəriyyəti azad edən fövqəlfərd dadazim hərəkatında mülkiyyət anlayışı qəti şəkildə istisna edilir;

d) simultan şeirin Kommunist dövlət duası kimi hamı üçün tətbiq edilməsini;

e) bruit, simultan və Dadaist şeirlərin performansı üçün kilsələrin müsadirə edilməsini;

ə) əhalisinin sayı 50 000-dən artıq olan bütün şəhərlərdə həyatın yenidən qurulması üçün Dadaist məşvərət şuralarının təsis edilməsini;

f) proletariatın maariflənməsi üçün dərhal 150 arenada irimiqyaslı Dadaizmin təbliğat kampaniyasının aparılmasının təşkilini;

g) bütün qanun və fərmanlara nəzarət öhdəliyinin Dadaist mərkəzi şurasına verilməsini;

h) cins məsələləri üzrə mərkəzi Dadaist idarəsini yaradaraq bütün seksual münasibətlərin beynəlmiləl Dadaism əsasında dərhal tənzimlənməsini;

 

Dadaist İnqilabi Mərkəzi Şura

Alman bölməsi: Hausman, Hülzenbek, Qolişeff

 1919