Corco Aqamben - Bir sual

Corco Aqamben

Vəba şəhər üçün tənəzzülün başlanğıcı oldu. Heç kim daha əvvəl yaxşı olduğunu düşündüyü şeyləri davam etdirməyə meyilli deyildi artıq, çünki, böyük ehtimal, bunlar olmadan öləcəyini düşünürdü (Fukidid, Peloponnes müharibəsi)

 Bir aydan çoxdur ki, durmadan cavab axtardığım bir sualı maraqlananlar üçün paylaşmaq istəyirəm. Necə oldu ki, bütün ölkə, bunu hiss etmədən, politik və etik olaraq bir xəstəlik qarşısında çökdü? Bu sualı ifadə etmək üçün istifadə etdiyim sözləri diqqətlə, ölçüb biçərək seçdim. Etik və politik prinsiplərimizdən imtina etmə meyarımız faktiki olaraq çox sadədir: özümüzdən hansı nöqtədə onları tərk etməyəcəyimizi soruşmalıyıq. Qeyd edəcəyimiz nöqtələri diqqətə almaq zəhmətinə qatlanan oxucunun insanlığı barbarlıqdan ayıran kandarın (fərq etmədən, ya da özünü elə apararaq) aşıldığı ilə razılaşacağına inanıram.

1. Birincisi, bəlkə də ən ciddisi, vəfat edənlərin cəsədlərilə bağlıdır. Sadəcə təfsilatı ilə bilmədiyimiz risk adına sevdiklərimizin və ümumiyyətlə insanların yalnız ölməsini, üstəlik, dəfn mərasimi olmadan meyitlərin yandırılmasını necə qəbul edə bildik? Tarixdə Antiqondan bu yana, belə bir şey baş verməmişdi.

2. Daha sonra sadəcə təfsilatı ilə bilmədiyimiz risk adına hərəkət azadlığımızın indiyə qədər ölkə tarixində (İkinci Dünya müharibəsi dövründə belə komendant saatı müəyyən saatlarla məhdudlaşdırılmışdı) görülməyən dərəcədə əngəllənməsini problemsiz qəbul etdik. Nəticədə, sadəcə açıq şəkildə bilmədiyimiz risk adına yaxınlarımızın mümkün infeksiya qaynağına çevrilməsi səbəbilə dostluq və sevgi münasibətlərimizi de facto saxladıq.

3. Burada fenomenin kökünü tapırıq. Bu, ona görə baş verdi ki, bir-birindən qopmayan fiziki və mənəvi həyati (vital) təcrübəmizi ikiyə ayırmışıq: bir tərəfdə saf bioloji mövcudluq, digər tərəfdəysə hissi və kultural həyat. Modern tibbin, qəbul olunmasına baxmayaraq, əslində, çox böyük abstraksiya olan bu parçalanmada oynadığı rolu İvan İliç təsvir etmiş, Devid Kayley isə bu yaxınlarda xatırlatmışdı. Modern elmdə bu abstraksiyanın reanimasiya cihazları vasitəsilə bədəni koma halında saxlayaraq həyata keçirildiyini çox yaxşı bilirəm. Lakin bu vəziyyət özünəməxsus məkan və zaman məhdudiyyətini aşaraq eynilə hazırda etməyə çalışdığımız kimi, bir növ sosial davranış prinsipinə çevrilsə, işin içindən çıxa bilməyəcəyimiz ziddiyyətlər yaşayacağıq.

Bilirəm, kimsə tələsik üzləşdiyimiz vəziyyətin müvəqqəti olduğunu, hər şeyin əvvəlki halına qayıdacağını deyəcək. Saf niyyətlə bunu təkrarlamağımız həqiqətən qəribədir, çünki fövqəladə vəziyyət elan edən iqtidar nümayəndələri hazırkı fövqəladə vəziyyət bitdiyi zaman, eyni təlimatlara riayət etməli olduğumuzu və mənalı bir evfemizmlə adlandırılan “ictimai məsafə”nin cəmiyyətin yeni təşkil etmə prinsipi olduğunu durmadan xatırladırlar. İstənilən halda, yaxşı və ya pis niyyətlə, itaət etdiyimiz bu vəziyyətin ləğvi qeyri-mümkündür.

Bu məqamda hər birimizin ayrı-ayrılıqda məsuliyyətlərini ifadə etdiyim üçün insan ləyaqətini qorumaqla mükəlləf olanların daha ciddi vəzifələrini xatırlatmaya bilmərəm. Hər şeydən əvvəl özünü dövrün həqiqi dini halına gətirən elmin xidmətçisi sayan Kilsə ən vacib prinsiplərini tamamilə rədd etməkdədir. Özünü Fransua adlandıran Papanın rəhbərliyində Kilsə, Fransuanın cüzamlıları qucaqladığını yaddan çıxardı. Xəstələri ziyarət etməyin saleh əməllərdən biri olduğunu unutdu. Qonşuluqdan imtinanın inancımızdan imtina etməyə bərabər olduğunu və inanc naminə həyatımızı fəda etməyə hazır olmağımız gərəkdiyini öyrədən şəhidləri unutdu.

Vəzifələrini səriştəsiz yerinə yetirən başqa bir qrup isə hüquqşünaslardır. Bir müddətdir ki, icraedici səlahiyyətin de facto qanunverici  səlahiyyət ilə əvəzlənməsi surətilə, hansı ki, bu demokratiyanı demokratiya edən güclərin ayrılığı prinsipini ortadan qaldırmaqdır,  fövqəladə fərmanların  bir-birinin ardınca istifadə olunmasına  alışmışıq. Lakin bütün məhdudiyyətlərin aradan qaldırıldığı bu vəziyyətdə, baş nazirin və Müdafiə nazirinin sözləri bizdə birbaşa qanun hökmü daşıdığı təəssüratı yaradır. Führer haqqında da məhz belə deyirdilər. Azadlığımıza qoyulan əngəllərin, deyildiyi kimi, fövqəladə vəziyyətdəki qanunların qüvvədə olacağı müvəqqəti məhdudiyyətlərin fövqündə, necə davam etdiriləcəyini təxmin edə bilmirik. Hansı hüquqi mexanizmlə? Daimi fövqəladə vəziyyətləmi? Konstitusiya qaydalarına əməl olunub-olunmadığını araşdırmaq vəkillərin vəzifəsidir, amma onlardan səs çıxmır. Quare silete iuristae in munere vestro? (Niyə vəkillər onları maraqlandıran suallar barədə susurlar?)

Bilirəm ki, yazdıqlarıma cavab olaraq bəziləri əxlaqi prinsiplər naminə, şübhəsiz ciddi, fədakarlıq edildiyini deyəcək.

Onlara bunu xatırlarmaq istəyərdim: yaxşını xilas etmək üçün yaxşıdan imtina etməli olduğumuzu söyləyən bir norma, azadlığı qorumaq üçün azadlıqdan imtina etməli olduğumuzu önə sürən bir norma qədər yanlış və ziddiyətlidir.

 

Tərcümə: Mehman Abdullayev