Bernard Suits - Çəyirtkənin Ölümü

Firudin Həsənov

(The Grasshopper kitabından)

Burada çəyirtkə yaşam formasını və

yaxınlaşmaqda olan ölümünü müdafiə etdikdən sonra ölür.

 

Rollarda:

Çəyirtkə

Qarışqa

Tədbirli (Prudence)

Şübhəçi

 

 Çəyirtkənin qışdan sağ çıxmayacağı dəqiq idi və davamçıları bunun sonuncu görüş olacağından şübhə etməyərək onun ətrafında toplandılar. Çoxları onun yaxınlaşmaqda olan ölümüylə barışmışdılar, amma bəziləri belə bir şeyə razı olmasını qınayırdı. Tədbirli xanım ikinci qrupdan idi və Çəyirtkəyə son bir ricayla yaxınlaşdı. “Çəyirtkə”, – dedi o, – “bizdən bəziləri yaya salamat çıxa bilməyin üçün qidamızdan bir qismini səninlə paylaşmağı qəbul edir. Sonra önümüzdəki yayda çalışıb geri ödəyə bilərsən.

“Əziz övladım” dedi Çəyirtkə, “sən hələ də anlamırsan. Məsələ burasındadır ki, onu sizə ödəmək üçün işləməyəcəm. Heç bir zaman işləməyəcəm. Qarışqa məni qapısından geri qaytardığı an bunu açıq şəkildə bildirmişdim. Onsuz da onun yanına getməyim, əlbəttə ki, xətaydı. Bir daha əsla etməyəcəyim zəiflik idi.

“Amma” davam etdi Tədbirli, “biz bir parça yeməyi səndən əsirgəməyəcəyik. Əgər istəsərsən, geri ödəməyə bilərsən. Nəticədə biz qarışqa deyilik.”

“Xeyr” cavab verdi Çəyirtkə, “siz artıq qarışqa deyilsiniz. Ancaq çəyirtkə də deyilsiniz. Niyə əməyinizin məhsulunu mənə verirsiniz ki? Geri ödəməyəcəyimi söylədiyim halda, bunu etməyiniz doğru olmaz.

“Amma” səsləndi Tədbirli, “belə bir ədalət yalnız qarışqalara görə doğrudur. Çəyirtkələrin belə bir “ədalət”lə heç bir əlaqəsi yoxdur”.

“Haqlısan!” dedi Çəyirtkə, “Ticarətdə mövcud olan ədalət anlayışının həqiqi çəyirtkələrin yaşamı ilə əlaqəsi yoxdur. Lakin sizin təklifinizi qəbul etməyə mane olan başqa ədalət forması var. Mənim yaşamağım üçün işləməyi niyə istəyirsiniz? Ona görə deyilmi ki, sizin könlünüzdə yatan şeyin bir nümunəsini özümdə ehtiva edirəm və könlünüzdəkinin modeli bununla yox olacaq? Sizin istəyiniz başa düşüləndir və müəyyən nöqtəyədək tərifə layiqdir. Lakin əslində ziddiyətlidir və öz-özünü təkzib edir. Bu  həm də – ümid edirəm mənim birbaşa danışmağımdan inciməzsiniz – ikiüzlülükdür.

“Bunlar iddialı sözlərdir, Çəyirtkə”.

“Ancaq pisliyiniz üçün deyilmədi. Siz anlamalısınız ki, mənim həyatım əsl təmsilin yanında əlavə nümayiş deyil, ancaq deyəsən ondan bunu düzəltmək istəyirsiniz. Mənə dəyər verirsiniz; çünki mənim kimi olmaq və üstəlik, qarışqalara çəyirtkənin, o təbiət qərabətinin yaxın bir dostu olduğunu bildirmək istəyirsiniz”.

“Biz  bunları heç vaxt etməmişik, Çəyirtkə!”

“Sizə inanıram. Amma təklifinizin yaxşı bir şey olduğuna inanırsınızsa, o zaman belə də düşünə bilərdiniz. Nəticədə təklifiniz işləməyimlə bağlıdır, bunu etməyəcəm. Sizə öyrətmək istədiyim ən vacib şey boş zamanınız olmağıdır. Ancaq siz məni yalnız çalışmağın deyil, əvvəlkindən daha çox çalışmağın bəhanəsi halına gətirməyi təklif edirsiniz; çünki təkcə özünüzü deyil, məni də doyurmaq məcburiyyətində qalacaqsınız. Mən buna ikiüzlülük deyirəm; çünki edəcəyiniz şey, ideallarınıza uyğun yaşamaqdan yayınmağa istiqamətlənmiş hiylədən başqa bir şey deyil.”

 Bu anda Şübhəçi qəhqəhə çəkdi. “Tədbirli” dedi Şübhəçi, “Çəyirtkə bizim hələ də onun inancına uyğun bir məramda olmadığımızı söyləmək istəyir. Demək istədiyi budur ki, təkcə Çəyirtkə üçün deyil, özümüz üçün də işləməyi rədd etməliyik. Biz də onun kimi prinsiplərimiz uğrunda ölməliyik. Bizim nə olmadığımıza gəlincə, hər nə qədər qarışqa olmasaq da, çəyirtkə də deyilik. Və təbii ki, Çəyirtkənin həyatı yaşanmağa dəyər tək həyatdır, söylədikləri bunun bir nəticəsi olaraq doğrudur.

“Doğru deyil, Şübhəçi” dedi Çəyirtkə. “Prinsiplərin ölməyə dəyər olduğunu qəbul edirəm. Amma sizə xatırlatmalıyam ki, bu çəyirtkələrin prinsipləridir. Mən sizi mənim prinsiplərim üçün ölməyə deyil, onlar üçün mənim ölməyim gərəkdiyinə inandırmağıma çalışıram. Lütfən, rollarımızı unutmayaq. Sizin mənim üçün yox, mənim sizin üçün ölməyim vacibdir. Etməyiniz lazım olan tək şey, Şübhəçinin dediyi kimi, mənim inancıma bir nöqtəyədək uyğun bir mövqedə olmaqdır; ölümümə heyfslənmək yerinə, ölümümü təsdiqləmək. Fərqli səbəblərlə də olsa, heç biriniz bunu təsdiq etməyə hazır deyilsiniz. Çünki sən, Tədbirli; hərçənd prinsiplərin uğrunda ölməyə dəyər şeylər olduğuna inanırsan, amma onların uğrunda ölməyə gərək olduğuna inanmırsan. Sənsə, Şübhəçi; prinsiplərin uğrunda ölməyə dəyər şeylər olduğundan əmin belə deyilsən.”

“Əslində” dedi Şübhəçi, “sənin dünyada ən müdrik canlı olduğuna inansam da – ki bunun üçün səninlə birlikdə həyatımın bütün yayını keçirdim – Çəyirtkə həyatının yaşanacaq ən yaxşı həyat olduğuna dair şübhələrim var. Mənə bu həyatla bağlı daha aydın bir görüntü nümayiş etsəydin, mənim inancım, münasibətim səninkinə yaxınlaşa bilərdi. Bunu çox önəm verdiyin  qissələrindən bir hissə (pritça) ilə edə bilərsən.”

“Qissədən hissələr” dedi Çəyirtkə, “ciddi bir sorğulamanın əvvəlində deyil, sonunda gəlməlidir, əziz Şübhəçi. Bu da yalnız arqumentasiyaların bitdiyi nöqtədə olur. Amma madəm qissədən hissələrdən bəhs edirik, bundan əmin ol, qarışqalar mənim həyatımdan şübhəsiz ki, o cür bir əhvalat çıxaracaqlar. Böyük ehtimalla, mənim həyatımı tədbirin boş gəzməkdən üstün olduğu fikrini müdafiə edən hikmətli bir əhvalata çevirəcəklər. Ancaq bu əhvalatın qəhrəmanı və dinləyənlərin rəğbətini qazanan qarışqa deyil, Çəyirtkə olacaq. Hekayənin əsas məğzi qarışqanın zəfəri deyil, Çəyirtkənin faciəsidir. Buradan, əgər çətin keçən qışlar olmasaydı, Çəyirtkə öz müqəddəratını yaşamaz, qarışqa da  o haqsız zəfərini qazana bilməzdi, nəticəsindən başqa bir şey çıxarılmayacaq. Çəyirtkənin həyatı bəraət qazanacaq, qarışqanın həyatı isə absurd hala gələcək.”

“Amma qorunmaq lazım olan çətin qışlar var.” deyə etiraz etdi Tədbirli.

“Sözsüz ki. Lakin texnologiyadakı sürətli irəliləmənin nəticəsində artıq qışın olmayacağı günlər gələcəkdir. O zaman mənim sonum gəlmiş olsa da, yaşam tərzimin prinsipcə yanlış olmadığı qənaətinə gələ bilərik.”

“Əməliyyat uğurla keçdi, amma xəstə öldü” – dedi Şübhəçi.

“Xeyr” dedi Çəyirtkə, “heç də elə deyil. Mənim həyatımın praktikada təsdiqini tapması, düşünürəm ki, indi mövzumuz xaricindədir. Məsələnin əsli budur ki, mənim mövqeyimin məntiqi və  bu məntiq, tədbirli fəaliyyətlərin (məsələn, ümumən işləmək adlandırdığımız fəaliyyətlərin) prinsip olaraq öz-özüylə ziddiyət təşkil etdiyini göstərir.  Çünki tədbirli olmaq bu mənaya gəlir: 1) Yaxşı bir şeyi (məsələn, zamanı) yalnız və yalnız daha yaxşı bir şeyi (məsələn, sağ qalmağı) əldə etmək üçün qurban vermək və 2) Qurban edilməsi lazım olan yaxşı şeyləri – ən azından ideal olaraq sıfıra endirmək.  Yəni tədbirliliyin idealı profilaktik tibbin idealı kimi özünü yox etməkdir. Heç bir yaxşı şeyi gözdən çıxarmağın lazım olmadığı bir vəziyyət olsaydı, tədbirlilik məqsədsiz, həqiqətən mənasız hala gələrdi. Qarışqalar müdriklik yolunda vacib bir ilk addım olaraq dəyərləndirdiyim bu prinsipi deyəsən heç nəzərə almırlar. Həqiqi bir Çəyirtkə işləməyin özünü təsdiq edəcək şey olmadığını və qarışqanın həyat tərzinin işləməyi təmizə çıxarmaq olduğunu görür.”

 “Amma əlbəttə” dedi Şübhəçi, “sən mövzunu əsassız ekstrimə doğru aparırsan.  İki ehtimaldan başqa alternativ seçim yoxmuş kimi danışırsan. Ya sırf işləməyə, ya da oynamağa həsr edilmiş həyat. Lakin çoxları başa düşür ki, əmək bizə oynamaq imkanı qazandırdığı üçün dəyərlidir. Və biz sanki çalışmaq və oynamaq arasında bir balans axtarışındayıq. İnsanlar bütövlüklə çəyirtkə ya da qarışqa deyillər və olmaq da istəmirlər, bunların ikisini qarışığını seçirlər; insanlar (bir az bayağı da olsa, amma sözlərin birləşməsi mənasında qaçınılmaz olaraq gülünc səslənəcək qurama sözlər) tamamən çəyirtkə və qarışqa deyil, çəyirtkənizlər (asshoppers)* və ya “fəda(k)arışqalar”dır (grants)* və elə olmaq istəyərlər. İşləməyi dayandıra bilərik, amma bunu etsək, oyun da oynaya bilməyəcəyik; çünki qısa zamanda öləcəyik.”

“Sənin söylədiklərinə üç cavabım var, Şübhəçi və qorxuram bunları cəld etmək məcburiyyətindəyəm; çünki günəş batdı və şaxta tarlaları keçərək gəlməkdədir artıq. İlk olaraq, belə başa düşürəm ki, mən həyatımı oynayaraq keçirmək və ölmək üçün göndərilmişəm və taleyimə qarşı çıxmaq Tanrıya qarşı çıxmaq olar. İstərsəniz bu, məsələnin teoloji tərəfi olsun. İkincisi, bu hadisənin tale kimi qaçılmaz məntiqi ya da belə deyim, məntiq kimi qaçılmaz bir taleyi var. Çəyirtkənin həyatı kimi yaşamağa qarşı olan tək arqument odur ki, indiki vaxt işləməyən ölür. Bu arqumentə cavabım isə mənim ölümümün istənilən halda qaçınılmaz olmağıdır. Yayda tədbirsiz davrandığım üçün qışda ölməliyəm. Əgər yayda tədbirli olsaydım, özümü Çəyirtkə kimi müəyyənləşdirməkdən kənara çıxardım.  Yayda ya tədbirli olmalıyam, ya da tədbirsiz, üçüncü seçimim yoxdur. Yəni ya öləcəm, ya da Çəyirtkə olmağı dayandıracam. Ancaq nə az, nə çox, tam bir Çəyirtkə olduğum üçün ölmək və  Çəyirtkə olmağı dayandırmaq mənim üçün tək və eyni şeydir. O məntiqdən ya da taledən qaça bilmərəm. Deməli, mənim Çəyirtkə, sizin isə çəyirtkə olmadığınıza görə bu məntiqə uymaq məcburiyyətində olmadığınız nəticəsi çıxır. Daha əvvəl də demək istədiyim kimi, dünyaya sizin üçün ölmək, bu ağır, amma qaçınılmaz xaçı daşımaq üçün göndərildiyimi tez-tez düşünürəm. Ancaq etiraf edirəm ki, bunu düşündüyüm zaman erkən xristianlıq və ya paqanizmin sonları dövründəki vəziyyətə düşmüş oluram.

Bəzən isə (və bu, Şübhəçi, məni sənin etirazının üçüncü və son cavabına gətirir) sizin də gizli maskalı çəyirtkə olduğunuza, daha doğrusu, yaşayan hər kəsin əslində çəyirtkə olduğuna dair qəribə fikrə gəlirəm.”

  Bunu eşidincə Tədbirli Şübhəçiyə pıçıldadı “Ölümü yaxınlaşır, ağlı getməyə başladı.” Amma Çəyirtkə danışdıqca, Şübhəçi böyük bir maraqla dostunu və müəllimini dinləməyə davam etdi.

“Bunun dəhşətli bir xəyal olduğunu qəbul edirəm” – dedi  Çəyirtkə – və düşüncələrimi sizə söyləməyə tərəddüd edirəm. Məni məntiqsiz hesab etməyinizə alışmışam, sözlərimi necə istəsəniz yozarsız, mən deyəcəyimi deyəcəm. Təkrarlanan bir yuxum var. Bu yuxuda mənə yaşayan hər kəsin gündəlik məşğuliyyətlərinin əslində mürəkkəb oyunlar olduğu açıqlanır. Amma bunların necə bir açıqlama olduğunu izah edə bilmərəm.   Dülgərlər peşələriylə məşğul olduqlarını zənn edərkən, əslində oyun oynamaqdadırlar; siyasətçilər, filosoflar, aşiqlər, qatillər, oğrular və rahiblər kimi. Hansısa iş ya da fəaliyyət növündən asılı olmayaraq, onun oyun olduğunu düşünə bilərsiz. Bu ifşa, əlbəttə, heyranedicidir. Nəticəsi qorxuncdur. Yuxumda qarşıma çıxan hamını mənə açıqlanan böyük həqiqətə inandırmağa çalışıram. Hər nə qədər onları inandırsam da, bunu necə etdiyimi bilmirəm. Ancaq məhz inandığı an – ən qorxulusu da budur – hamısı bir-bir yox olur. Təkcə mənim tələbəm deyil, dediyim kimi, hamı yox olur. Heç bir yerdə olmadıqlarını dəqiqliklə bilmirəm. Sanki heç mövcud olmayıblar kimi. Öyrətdiklərimdən çıxan nəticələrdən dəhşətə gəldiyim üçün kainatdakı hər yerə həqiqəti çatdırana və hamını şüursuz edənə qədər dayana bilmərəm, mütləq öz xəbərimlə növbəti məxluqa keçməliyəm. Sonda, yay ulduzlarının altında tənha və tam pərişan halda dayanıram. Nəhayət, oyanıb bunun sadəcə bir yuxu olduğunu, dünyanın hələ də canlı varlıqlarla dolu olduğunu görüb sevinirəm. Dülgəri və filosofu əvvəlki kimi işə getdiyini görürəm… Ancaq, özümə sual verirəm, hər şey həqiqətən əvvəlki kimidirmi? Damdakı dülgər təkcə mismar vurur yoxsa qaydalarını unutduğu qədim bir oyunun içində hərəkət edir? Artıq soyuq, ayaqlarımı dondurmağa başladı. Getdikcə yuxum gəlir. Əlvida, əziz dostlarım!”

 

 

 Oyun yetərsiz vasitə və üsulların bilərəkdən seçildiyi, bir hədəfə istiqamətlənmiş fəaliyyətdir. 

(Bernard Suits)

 

 

 

Dostum Mehmana