Bazarda Qanun

Firudin Həsənov

“Uşağın xəyalı mərhəmətə layiqdir.” 

 

Kamera ilk öncə gözü imitasiya edər, göz isə “göz”əli çəkmək üçündür. Cümlənin ikinci yarısına Dücane Cündioğlunu ifadəsində və neorealist Antonionin yaradıcılığında rast gəlmək olar. Gözün funksiyası təbiətdəki, həyatdakı bölgülərə və onlar arasındakı əlaqəyə şahidlik etməkdən ibarətdir. Yəni teatrın uşağı kimi xatırlanan kino, ilk öncə şərhsiz bir baxışdır, tamaşaçı yəni. Tamaşa deyəndə mütləq baxan ətraf və baş verən situasiya var deməkdir. Və üstəlik aralarındakı bir kontaktdan, interpretasiyadan bəhs etməliyik. Biz hətta iddia edə bilərik ki, teatr olmazsa belə, göz onu özü yaradacaq. Mifoloji xəyal buna bariz sübutdur, insanlar minillərlə belə yaşamışlar. Demək mümkündür ki, kinoda ilk öncə tamaşaçı var, sonra situasiya. Tamaşaçı, müşahidə edən, yeganə qorxudan fövqəl fiqurdur. O, baş verənləri içində analoji yaşasa da, hər halda onun fiziki təhlükəsindən qurtulmuş mövqeyindədir. Müəyyən mənada rejissor bir filosofdur, dünyalar yaratmaq iradəsini göstərmək üçün alışıb-yanır, Pifaqorun dili ilə desək teatrın zalında oturan müdrik ampluasındadır. Tamaşaçı isə artıq xəyalın içində subyektivdir və öz yorumunu, keçmişinə, yaşantılarına görə qavrayır. Bu fikirdən çıxış edib demək olarmı ki, kino ilkin qığılcımlarından “rəhmət”in içindədir və yalnız illüziyaya daxil olan andan etibarən həyat qanunlarına tabedir? Bilmirəm… Sadəcə ehtimal edirəm və bunun üçün aşağıdakı nümunələrə baxaq:

 

Əhdi-Ətiqdə Hz.Əyyubun hekayəti nəql edilir. Ki məğzi budur: insan qanundan yüksək təslimçi olmalıdır. Bu paradoksu izah etmək mümkündürsə, belə etmiş olaram: mal-mülkdən, yaxınlarından, sağlamlığından keçmək və bunu mənalandırmaq, bütün kədərə rəğmən daha rahatdır, nəinki Tanrını ədalət qanunu ilə deyil, daha yüksək anlayışa çıxaraq, dırmanaraq anlamaq.

Hz.Əyyub şeytanın bütün sınaqlarından keçdi, lakin Tanrının elə onun ədalət qanunu ilə sorğu-suala çəkdi, “nə üçün” deyə. “Mənim günahım nədir ki, cəzalandım?” deyə sual etdi. Bu suala onu təhrik edən ətrafı idi, başqa gözlər. Tanrı isə cavabında qısaca, izahı ilə ifadə etsək, belə cavab verdi: dünyanı ədalətlə yaradanda hardaydın? Nə sual edəcək gil öz qabdüzəldəninə?!
İşin düyünü orasındadır ki, şeytan Tanrıya öncə (hələ Əyyubun var-dövləti, ailəsi, sağlamlığı əlindən çıxmamış) sual vermişdi: onu haqlı olaraqmı belə uca məqama layiq bilmisən? Onu dünyada mənə ver. İkinci dəfə isə onun özünü mənə ver deyə izn almışdı. Tanrı isə hər ikisində “qanun və insan” sualını anlatsın deyə icazə vermişdi. Əyyub sonda şeytanın Tanrıya verdiyi sualın mənaca demək olar eynisini verir: etmədiyimə görə nə üçün belə oldum?!

Rəhmət olan yerdə qanun Tanrı ola bilməz, insan buna görə qanundan yüksəkdir. Tanrı “insan qurbanı” qadağan olan sistemini özü pozaraq, oğlunu qurban gətir əmr etdiyi İbrahimlə sınağı da bunu göstərir. 
Adəmə bu ağacı yemə, yoxsa “yaxşı-pis” oyununa daxil olarsan provakasiyası və bununla insanın qanunlar, örtünmə dünyasına cəlb olunması da göstərir ki, insan qanuna riayət edən, amma ondan yüksəkdir.

Yalnız eyni olduğunla qanunla çəkişə bilərsən. Vermədiyin sualın cəzası, verdiyin sualın rəhməti vardır. Etiraf insanın özünə verdiyi ən böyük sual olduğu üçün tövbə təktanrılıqda rəhmətin simvoludur. Tövbə nə deməkdir? Simvolik qanundan (razılaşma) sıyrılmaq.

İnsanlar çoxalıb yer üzündə cəmiyyət formalaşdırdığı və müəyyən məkana, mülkə sahib olduqları üçün modelləşmə, ədalətə ehtiyac duyulur. Ədalət insanlarln, toplu əlaqələrin nizamı üçündür. Bəs bir çox filmlərin təməl sütunlarını təşkil edən “rəhm”i haraya yerləşdirək? Rəhm daha çox qadın, ana ilə simvolizə edilir. Trier “Dogville”, Truffo “400 zərbə”, Mundjiu “Təpələrin arxasında” və s. Əgər Truffonun filmində uşağa rəhmətdən bəhs edilirsə, bu özünü yalnız həyatın içində təsəvvür etməyə qadir olan obraz deməkdir. Yəni uşaq özünə hələ kənardam baxa bilmir və ya bunun fərqinə varmır, tam bir obraz nümunəsi. Lakin Mundjiunun filmində rejissor internatdan çıxmış iki rəfiqəni mərkəzə alır. Biri özünə yalnız Tanrını dost tutandır və onun rəhmini qazanmaq istəyir. Burada artıq özünü kənardan müşahidə edən fiquru görürük. O, uşaqlıq obrazından xilas olmağa çalışan aşiqdir. Və qadın olması filmi bir başqa cür maraqlı edir, çünki biz daha öncə aşiqin kişi olduğuna şahidlik etməyə alışmışdıq. Buradakı ikinci qadın obrazı isə rəfiqəsinin rəhmətə qovuşmaq istəyini anlamayan və onu Tanrıya qısqanan “uşaq”dır. Filmdə uşaq inadkarlığı ilə yetkin insan modeli qarşı-qarşıya gəlir və sonda “uşaq” olanı, xristian mistik inancı öldürür. Hətta biz filmin sonunda eyni situasiyaya tam zidd hüquqi yanaşmalarını görmüş oluruq.

 

Uşağın verdiyi acizanə suallar, onun xəyalının və çaşqınlığının bəhrəsidir. Ona görə Hz.Əyyubda olduğu kimi, rəhmətə layiqdir. Əyyubun kişi olaraq sadaladığımız filmlərdəki qarşılığı qadındır. Lakin Stefan Brizenin 2015-ci ildə çəkdiyi “Bazar qanunu” filmi sanki məhəlli bir rəhmət formasını ortaya çıxarır. Filmin bir çox hissəsi Brizenin baş qəhrəmanı olan Terrinin iş arayışı ilə keçir. Burada onu müxtəlif iş adamlarının mənasız rəyləri və fikirləri müşayiət edir. Terri sakit təbiətli insandır, qəribə barışıq dolu baxışları film ərzində bir neçə dəfə xüsusi nümayiş olunur. Məsələn, onu bir iş yerlərində müsahibələri zamanı, fəal, gülərüz, “kreativ” olmadığına görə iddiham edirlər, o isə heç nəyi anlamasa da, başını ehmalca yelləyir və sanki bununla ona işarət edir ki, bu kiçik münaqişələrdə iştirak belə etmək istəmir. Yaşadığı ölkənin mühitini nəzərə alsaq, Terri o qədər imkanlı deyil və üstəlik uşağı da xəstədir. Filmin ümumilikdə təsviri isə budur: bazarın öz qanunları var, təməli doğru olsa da, olmasa da, onun ədalət kateqoriyalarını qəbul etməlisən.

 

Uzun çəkişmələrdən sonra Terri bir şirkətə (market) kameralara nəzarətçi kimi düzəlir. Onun əsas vəzifəsi ümumi baş verənləri izləmək və oğurluq, nizamsızlıq baş verərsə, bunu gözdən qaçırmamaqdır. (Əgər yazıda əvvələ qayıtsaq, “kamera”, “göz”, “müşahidə” sözlərini mənalanacaq). Və sözsüz ki, hər şey ideal getmir və maddi problemləri olan insanlar vaxtaşırı oğurluq edirlər. Terridən rəhbərlik tərəfindən tələb olunan isə, bunları və işçilər arasındakı əyrilikləri onlara xəbər verməkdir. Film çox sadə və bəlkə darıxdırıcı görsənsə də, maraqlı düyün nöqtələri ilə zəngindir. Bunlardan ən əsası odur ki, işə qəbul kompaniyalarının məngənələrindən keçən və bundan əziyyət çəkən Terri indi özü ehtiyacı olanların işdən qovulmasına vasitəçi olur.

Stefan Brize baş qəhrəmanını yalnız film sonlarına doğru “saf”laşdırır. O, istəməyərəkdən olsa belə, bir qadının kiçik oğurluğuna göz yuma bilmir və qadın intihar edir. Qadının intiharı iş yerində şəxsi problemlərinə calansa da, hamı içində bunun bəraət olduğunu qəbul etmiş kimi görünür.

 

Terri iş günün sonunda sanki iş yerini tərk edirmiş kimi, məkandan uzaqlaşır.

 

Bu, eynilə Əyyubun situativ məcburi rəhmətinə bənzəyir.