Bakı Hippiləri

Səid Riad

Sovet Azərbaycanında submədəniyyətlər

1. Bakı hippiləri

 

Sovet dövrünün hippiləri və onlarla yaxın təmasda olan şəxslərlə

 etdiyim söhbətlərdən iqtibaslar və onlardan topladığım qeydlərin icmalı

 

Ötən əsrin 70-ci illərinin ikinci yarısı və 80-ci illərin əvvəllərində Sovet Azərbaycanında – böyük əksəriyyəti paytaxt Bakıda, çox cüzi sayda isə Sumqayıt şəhərində yaşayan hippilər cəmiyyətin “ağ qarğa”ları sayılırdılar. Köhnə Bakının qaradinməz, özünəqapalı, azlıqda təmsil olunan bu sakinləri elə köhnə nəslin təbirincə desək, əndirəbadi, qeyri-adi əyin-başlarına və saç-saqqallarına görə həmin dövrün camaatının yaddaşında “qəribə adam”lar kimi qalıb. Gəncliyi həmin dövrə təsadüf edən istənilən Bakı sakini ömründə ən azı bir dəfə də olsa mərkəzi küçələrdə bu “qəribə adam”lardan birinə rast gəlməmiş olmayıb.

 

Öz aralarında “tökülən dəniz (море разливанное)” adlandırdıqları, enli balaqlı kleş şalvar, düyməsiz, bir qədər enli, “rubaxa (рубаха)” deyilən köynək, yaxud “mayeçnaya kofta (маечная кофта)” geyinən, daha çox qalın padoşlu çəkmələrə üstünlük verən, soyuq havalarda isə, adətən, cins, yaxud dəri gödəkcələrdə gəzən bakılı hippi oğlanların əksəriyyəti həm də normadan uzun saç və saqqal da saxlayırdılar. Qeyd edilən kleş şalvarların materialı həm adi parçadan, həm də Sovet dövründə çətin tapılan cins materialdan olurdu. Ümumiyyətlə, Bakı hippiləri cins materialdan hazırlanan paltarlara böyük üstünlük verirdilər. Hippi oğlanların bəziləri, xüsusilə də təsviri incəsənətə meyilli olanlar elə saçları kimi uzun saqqal saxlayırdılar. Lakin hippi oğlanlar arasında iş yerlərində qoyulan qadağalara görə uzun saç və saqqal saxlamayanlar da vardı.

 

Azərbaycan SSRİ-də oğlanların uzun saç saxlaması nə cəmiyyət, nə də hökumət tərəfindən bəyənilirdi. Üstəlik, yuxarıda təsvir edilən geyim tərzindən istifadə edən bu cür saç-saqqallı gənclər “Sovet gənci” obrazına heç uyğun gəlmədiyindən, onların zahiri görünüşü bir növ sistemə qarşı çıxmaq demək idi. Kommunist Partiyasının SSRİ xalqlarına nümunə kimi aşıladığı “Sovet gənci” saçları qısa vurulmuş, üzü səliqə ilə təraş edilmiş, “daha ciddi” görkəmli bir obraz idi və o, Partiyaya sədaqətli, vətəni SSRİ-yə bağlı olmalı, dövlət ideologiyasının ziddinə gedən hər kəsi ifşa etməli idi. Hippilər isə təpədən dırnağa qədər bu əlamətlərə müxalif olan obraz idi. Elə bu səbəbdən də onlar özlərinə yaxın hesab etdikləri şəxslərdən, etibar etdikləri dost-tanış çevrəsindən başqa heç kimə yaxınlıq vermir, tanımadıqları şəxslərlə ünsiyyətdən qaçırdılar. Bu xüsusiyyətlərinə görə də onları “qəribə adam”lar adlandırırdılar.

 

 

 

Bakı hippilərinin arasında digər millətlərin nümayəndələri, Bakı erməniləri, ruslar və cuhudlar çoxluq təşkil edirdilər. Əhalisinin çoxu slavyan mənşəli olan SSRİ respublikalarından, Baltikyanı ölkələrdən fərqli olaraq Sovet Azərbaycanında hippilər dağınıq və pərakəndə halda yaşayır, bir-biriləri ilə tanışlıqları olsa da, Moskva, Leninqrad (Sankt-Peterburq), Kiyev kimi böyük şəhərlərdə olduğu sayaq qruplarda, klublarda birləşmirdilər. Çox güman ki, elə bu səbəbdən Bakı hippiləri Moskvada olduğu kimi Kommunist Partiyası orqanları tərəfindən sərt təzyiqlərə məruz qalmırdılar. Yəqin ki, NKVD həm sayca az, həm də heç bir halda birləşməyən bu dağınıq “qəribə adamlar”ı sistem üçün bir o qədər də təhlükəli hesab etmirdi. Lakin bununla belə, həm cəmiyyət, həm də Sovet hökumət dairələrində onlara olan münasibət heç də xoş deyildi. Hippi görkəmində olan istənilən şəxs qeyri-ciddi qəbul olunmaqdan savayı, üstəlik, gülüş və lağ hədəfinə çevrilirdi. Xüsusilə də yaşlı nəsil heç bir halda əndirəbadi, əcaib-qəraib görkəmli bu gəncləri qəbul etmirdi. Bakının mühafizəkar və maskulin sakinləri olan qədeşlər isə hippiləri gözümçıxdıya salır, qarşılarına keçən hippilərə söz atır, onlara xor baxır, hətta söyürdülər. Yolu Bakının Yasamal, Sovetski, Kubinka kimi məhəllə və küçələrindən düşən hippilərin günü isə lap qara olurdu. Bu cür məhəllələr hippilər üçün xüsusi təhlükəli zonalar sayılırdı.

 

Hippi oğlanların yanında bəzən oxşar görkəmdə olan hippi qızlar da görmək olardı. Bir neçə il ərzində müxtəlif mənbələrdən əldə etdiyim informasiyalara əsasən, qeyd etməliyəm ki, Bakıdakı hippi qızların sayı oğlanların sayından qat-qat az idi və hippi qızların çoxu da, adətən, digər millətin nümayəndələrinin – rus, tatar, cuhud, erməni – təmsilçiləri idilər. Hippi qızların əksəri proqressiv ailələrdən çıxırdılar. Ümumiyyətlə, Sovet Azərbaycanında submədəniyyət daşıyıcılarının, o cümlədən də hippilərin əksəriyyətinin əsasını çoxmillətli Bakının yuxarıda qeyd olunan millətlərin nümayəndələri təşkil edirdilər.

 

Bəzən hippi oğlan və qız yol gedərkən oxşar paltarlarda olduqlarından və uzun saç saxladıqlarından ilk baxışdan onların hansının qız, hansının oğlan olduğunu ayırd etmək olmurdu. Qızlar çox vaxt alınlarına hippilərin ən əsas atributlarından biri “xayratnik” adlanan nazik sarğı bağlayır, özləri ilə “ksivnik adlandırdıqları kiçik çantalar gəzdirir və onlar da hippi oğlanlar kimi enli balaqları olan kleş, yaxud adi cins şalvarlar geyinirdilər. Xüsusilə hippi qızların geyim və ayaqqabılarında, çantalarında, istifadə etdikləri aksessuarlarda gül, çiçək təsvirləri üstünlük təşkil edirdi. Hippi oğlan və qızlar müxtəlif metaldan düzəldilmiş, boyunbağılar və bilərziklər, qəribə formalı üzüklər də taxırdılar. 70-ci illərdə hippi oğlanların geyimlərindən daha çox onların uzun saç və saqqalları, hippi qızlarda isə əyinlərindəki şalvarlar tənqid edilirdi. SSRİ-nin digər respublikalarında, xüsusilə də Baltikyanı ölkələr və əhalisinin çoxu slavyan mənşəli olan Rusiya, Ukrayna, Belarus kimi ölkələrdə qızların 70-ci illərdə şalvar geyinməsini cəmiyyət çoxdan həzm etmişdi. Qadınların böyük şəhərlərdə şalvarda gəzmələri adi hala çevrilmişdi. Lakin Azərbaycan SSRİ-də mentalitet və xüsusilə də müsəlmançılıqla bağlı  dəyərlər cəmiyyətdə dominant mövqedə olduğuna görə, yeniyetmə və gənc qızların şalvar geyinməsi nəinki qəbul edilmirdi, hətta ictimai qınağa və sərt şəkildə tənqidə məruz qalırdı. 80-ci illərdə məşhur meyxana qafiyəsi – “Ay camaat, qız hara, şalvar hara?!” – bunun göstəricisi idi. Elə hippilərin məsxərə obyektinə çevrilməsində, onların Kommunist Partiyası orqanları tərəfindən təqib və tənqid edilməsində, hippi oğlanların qədeşlər tərəfindən lağa qoyulmasında, təzyiqlərə məruz qalmasında, hətta tez-tez döyülməsində elə mental və müsəlmançılıqdan qaynaqlanan mühafizəkar, maskulin dəyərlərin cəmiyyətdəki dominant mövqeyi idi.  

Ötən əsrin 70-ci illərinin ikinci yarısında Bakının mərkəzi küçələrində tələm-tələsik harasa gedən hippilər gözə dəyirdi. Cəmiyyətin onlara olan münasibətinin pozitiv olmadığını yaxşı bildikləri üçün hippilər küçələrdə sanki harasa tələsirmişlər kimi hərəkət edir, “özləri kimi olmayan” şəxslərlə ünsiyyətdən qaçır, qəfil keçədə peyda olduqları kimi, ani olaraq da gözdən itirdilər. Onların geyimlərinə, saç-saqqallarına, davranışlarına neqativ münasibət göstərən çoxluqdan savayı, həm də təəccüb qarışıq maraq hissləri ilə yanaşan gənclər də vardı. Bəzən proqressiv gənclər hippilərə həsəd aparır, onlar kimi azad, müstəqil həyat tərzi sürmək, onlar kimi fərqlənmək, Sovetin bu boz, quru, monoton pal-paltarından çıxıb hippilər kimi rəngbərəng, al-əlvan, göz oxşayan geyimlərdə gəzmək istəyirdilər. Lakin ailə üzvləri, qonşular tərəfindən qınaq obyektinə çevrilmək, məktəb və universitetdə lağ hədəfi olmaq qorxusu bu cür gənclərin arzularını ürəyində qoyurdu.

 

Köhnə Bakı hippilərini elə bu cəhətdən çox böyük cəsarət nümayiş etdirirdilər. Küçədə onlara söz atanlara, sataşanlara, hətta onları söyənlərə məhəl qoymasalar da, Bakının mühafizəkar məhəllə və rayonlarını özləri üçün təhlükəli ərazi hesab etsələr də, mühafizəkar vətəndaşların tənələrinə baş qoşmasalar da, əslində, onlar cəmiyyətin və Sovet hökumətinin həm yazılmış, həm də yazılmamış qanunlarına sükutla protest edir, öz davranışları, yaşayışları, geyim tərzi ilə Sovet totalitarizminə meydan oxuyurdular. Onlar öz əcaib zahiri görkəmləri ilə açıq-aşkar Sovetin deyil, Qərb dəyərlərini daha üstün tutduqlarını, Qərb mədəniyyətinə təmayül etdiklərini nümayiş etdirirdilər.   

 

 

 Əslində, 70-ci illərdə Sovetlər məkanında Qərbin təsiri daha da çoxalmışdı və bu təsir özünü xüsusilə moda tendensiyasında büruzə verirdi. “Xruşov yumşalmaları”nın, onun ardınca isə Brejnev dövründəki durğunluğun gətirdiyi loyal ab-havadan istifadə edən Sovet gəncləri mümkün olan bütün moda stillərini eksperiment edir, sınaqdan keçirirdilər. Sovet gəncləri geyim mağazalarında tapılmayan “importnıy” geyimləri isə həmin dövrdə el arasında “fartsovşik” adlanan tacirlərdən əldə edirdilər. Avropa mallarının ölkəyə idxalı rəsmi şəkildə qadağan edildiyindən bu mallar gizli yollarla SSRİ ərazisinə daxil olur, elə gizli yollarla da satılır, ya da mübadilə edilirdi. Həmin dövrdə “importnıy” malların satılması üçün vasitəçilik edən, insanları “fartsovşik”lərlə tanış edən şəxslər “blat” adlanırdılar. “Permanent defisit” adlanan qıtlıq dövründə “blat”lar vasitəsilə quş südünə qədər hər şey satan “fartsovşik”lərə çıxış əldə edə, SSRİ-də ələ düşməyən malları isə “fartsovşik”lərdən rahatlıqla ala bilirdilər. Hələ hippilərin SSRİ-də meydana çıxmasından 15-20 il əvvəl “fartsovşik”lərin xidmətindən başqa submədəniyyət təmsilçiləri – stilyaqa gəncləri yararlanırdılar.

 

2

ABŞ-da 60-cı illərin ortalarında böyük səs-küy salmış hippi hərəkatı 70-ci illərin əvvəllərində SSRİ məkanında da yayılmağa başlamışdı. Dünyanı cənginə alan bu hərəkatın dalğaları Azərbaycan SSRİ-yə isə bir qədər gecikmə ilə gəlib çıxmışdı. Özündə heç bir orijinallığı əks etdirməyən Bakı hippiləri ABŞ hippilərinin təqlidçisi idilər. Həmin dövrdə SSRİ-də də populyar musiqi janrına çevrilmiş rokun əks-sədası Azərbaycana da gəlib çatmışdı və Bakı hippiləri ABŞ hippi hərəkatı ilə rok dalğasının əlamətlərinin qarışığını özündə əks etdirirdi. Köhnə bakılı hippilərin, həmçinin, onlarla ünsiyyətdə olan şəxslərin mənə verdikləri məlumatlardan belə qənaətə gəlmək olardı ki, əslində, hippilərin geyimləri, davranışları da tam hippiliyi əks etdirmirdi. Bakı hippiləri Amerikada olduğu kimi nəinki militarizmə, ümumiyyətlə, heç nəyə etiraz etmirdilər, eyni zamanda, Bakıda ABŞ-da olduğu kimi hippilərin marixuana çəkmək, psoixodelik musiqilər səslənən klublarda əylənmək, yay fəslində nudist çimərliklərinə getmək, “minimum libas” tezisinə əməl etmək kimi lyuksları yox idi.

 

XX əsrin ən rəngarəng, hay-küylü, dinamik və mədəni hadisələrlə zəngin onilliyinin 1960-cı illər olduğunu söyləyə bilərik. 60-cı illərdə baş verən mədəni partlayışın miqyası, sənət sferasında yaranan yeniliklərlə bol proseslər nə ondan əvvəlki, nə də sonrakı onilliklərdə müşahidə edilmişdi. XX əsrin dirçəliş, yenilənmə, optimizm, hedonizm mərhələsi kimi səciyyələnən bu dövrü rok musiqisinin yaranması, kosmosun fəthi və onun moda sənayesinə ciddi təsiri, seksual inqilabın vüsət alması, feminizm hərəkatının yüksəlişi, kinoda yeni elementlərin ərsəyə gəlməsi, Rastafarilik, Hare Krişna kimi dini hərəkatlar, Qara panterlәr, әtraf mühitin qorunması uğrunda mübarizә aparan yaşıllar, antiqlobalistlәr və s. kimi ictimai, siyasi qrup və dəstələrin də meydana gəlməsi və başqa saysız-hesabsız yenilikçi hadisələrlə xarakterizə etmək olar. Eyni zamanda, Qərb tədqiqatçıları tərəfində submədəniyyət fenomeninin spesifik növü olan əksmədəni nümunələr də bu dövrdə yaranmışdı. Hippilərin, skinhedlərin, pankların o dövrdə qaldırdıqları hay-küy özünü militarizmə, sosial ədalətsizliyə, müəyyən ideoloji prinsiplərə qarşı etirazda göstərirdi. Qərb ölkələrində seks, narkotik, və rok-n-rol dövrü adlandırılan, böyük mədəni partlayışla assosiasiya olunan 60-cı illərin gətirdiyi yeni nəfəs, fərqli ab-hava bütün dünyaya, hətta SSRİ kimi totalitar, qapalı ölkəyə də təsirsiz ötüşməmişdi. SSRİ dövlət orqanları isə bu təsirin effektinin azaldılması, 60-cı illərdə Qərb ölkələrində yaranan proseslərin “Sovet gənclərinin mənəviyyatını korlamaması” üçün informasiya axınının qarşısına çəkdiyi hasarı daha da qalınlaşdırırdı. Lakin Sovet hakimiyyətinin “dünyaya açılan pəncərə”yə çəkdiyi pərdə nə qədər qalın olsa da, gənclər bu trendlərdən məlumatlana bilirdilər.

 

Ötən əsrin 60-cı illərinin ortalarında ABŞ-da yaranan hippi hərəkatının təsirləri SSRİ məkanına 70-ci illərin əvvəllərində gəlib çatmışdı. Sovet ideologiyasının yaratdığı süni “Sovet gənci” obrazının yeknəsəqliyindən, monotonluğundan, quruluğundan bezən gənc təbəqə Qərb gənclərinin azad və sərbəst həyat tərzinə, fərqli, rəngarəng geyimlərinə, əyləncələrinə həsəd aparırdı. Hələ ötən əsrin 50-ci illərində SSRİ-in ilk submədəniyyət daşıyıcıları, stilyaqalar özlərini Amerika gənclərinə bənzədirdilər, onlar kimi geyinməyə çalışır, onların dinlədikləri musiqiləri dinləyir, onlar kimi davranmağa, danışmağa cəhd göstərirdilər. 70-ci illərdə də SSRİ-nin Qərbdən gələn informasiya axınının önünə çəkdiyi divarların arasındakı boşluqlardan sızan informasiyalar Sovet gəncləri arasında ildırım sürəti ilə yayılır, onlar Qərb mədəni nümunələri, musiqi janrları, moda, Qərb gənclərini həyat tərzini acgözlüklə mənimsəyirdilər. Bu cəhətdən azad sevgini, sülhü, insanın pasifizm və eşqlə təbii paklığa qovuşmasını tərənnüm edən hippi əksmədəniyyəti Sovet gənclərini daha çox cəlb edirdi.

 

Əslində, hippi əksmədəniyyətinin SSRİ-də yayılmasında elə Sovet partiya orqanlarının senzurası da mühüm rol oynayırdı. SSRİ-nin böyük şəhərlərində, xüsusilə də Moskvada hippi dalğasının auditoriyası günü-gündən genişləndiyi üçün Kommunist Partiya orqanlarının sifarişi ilə mətbuat orqanlarında bu əksmədəniyyəti gözdən salmağa, pisləməyə hesablanmış məqalələr dərc edilirdi. SSRİ KİV-ləri hippilər barədə nə qədər neqativ məlumatlar yazırdılarsa, Sovet gənclərin bir o qədər çox bu əksmədəniyyətə meyilli olur, onunla daha çox maraqlanırdılar. Hippilər milislər tərəfindən təqib olunur, təzyiqlərə məruz qalırdılar. Bütün bunların fonunda gənclərdə bu əksmədəniyyətin estetikasına, hippilərin həyat tərzinə daha böyük maraq yaranırdı. Bir sözlə, Sovet antireklamı hippilərin əməlli-başlı reklam edirdi. Sovet hippilərinə qarşı aparılan repressiyalar barədə isə ən dolğun təsvir rejissor İqor Sukaçyovun 2010-cu ildə İvan Oxlobıstinin povesti əsasında çəkdiyi “Günəşin evi” sənədli filmində əks edilib.

 

SSRİ-nin digər respublikalarından fərqli olaraq Sovet Azərbaycanında hippilərin meydana çıxması bir qədər gecikmə ilə, təxminən 70-ci illərin ortalarında baş verdi. Bir növ özlərini cəmiyyətdən təcrid etmiş, heç kimə qaynayıb qarışmayan insanlar kimi xarakterizə edilən hippilərin öz dünyası, öz aləmi vardı. Onlar caz, blyuz, rok musiqisi dinləyir, xalq mahnıları, aşıq musiqisi, muğam, meyxana kimi milli sənət nümunələrinə ikrahla yanaşır, milli adət-ənənə ilə bağlı bir çox tendensiyaları inkar edirdilər. Onların özlərinə xas simvolik interaksionizmi və özlərinə məxsus leksikonları vardı. Bu sözlərin bəziləri rus, bəziləri isə ingilis dilindən alınma sözlər idi. Onlar qələbəliyə, kütləyə pipl (ingiliscə people), köhnəyə oldovıy (олдовый – ingiliscə old), mənzilə flet (flat) və s. deyirdilər. Bakı hippilərinin ixtilafda olduqları, heç cür yola getmədikləri iki zümrə vardı – “Sovet gəncləri” və qədeşlər. Hippilər patriot, mərifətli, ütülü “Sovet gənclərindən” nə qədər uzaq durmağa çalışsalar da, müxtəlif üsullarla elə bu gənclərin vasitəsilə partiya orqanlarına ələ verilirdilər.

 

SSRİ-nin böyük şəhərlərdən fərqli olaraq Bakı kimi kiçik şəhərin hippiləri NKVD-nin təzyiqlərinə bir o qədər sərt məruz qalmırdılar. Adətən, NKVD-yə düşən Bakı hippilərinin əksəriyyəti sorğu-sual zamanı ictimai-faydalı əməklə məşğul olmaması ilə bağlı verilən sualın qarşısında aciz qalırdılar və elə cavabsız qalan bu sualdan sonra “pis milis nəfərləri” onlara yüngülcə hədə-qorxu gəlir, yarı təhdid, yarı tövsiyə tonunda hökmən bir işlə məşğul olmağın zəruriliyi haqqında danışırdılar. Hippilərin iş tapa bilmədikləri təqdirdə ya Mənzil İstismar Sahələrinə, ya da elə milis idarələrinə müraciət edə biləcəklərini deyirdilər. Sovet dövründə həqiqətən də işləməyən vətəndaşlara qarşı neqativ münasibət vardı. İşsiz insanlara ortada yeyib, qıraqda gəzən, tufeyli, avara kimi yanaşılırdı. İş yerlərinə gəlincə isə, SSRİ-də zavod və fabriklərin bolluğunu nəzərə alsaq, hamıya iş tapmaq mümkün olurdu. Milislərin hippiləri işə cəlb etmək niyyətləri də boşuna deyildi. İş tapan hippi həftənin beş bütöv, bir yarımgünü ərzində saç və saqqalını qırxdırmalı, əyin-başına əl gəzdirməli, davranışlarını, danışıq tövrünü dəyişdirməli və “pis yola düşən dostlarından” uzaqlaşmalı olacaqdı. Sovet Azərbaycanında hippiləri bu əksmədəniyyətdən uzaqlaşdırmağın bir yolu onları işlə təmin etməkdən keçirdi.

 

Moskva kimi böyük şəhərlərdə isə hippilərlə fərqli davranırdılar. Onları ya məcburi hərbi xidmətə yollayırdılar, ya psixi xəstəxanalara təcrid edirdilər, yaxud zindana salırdılar. Hər üç halda onların saç-saqqalı qırxılır, üst-başları isə normal qaydaya düşürdü və bu halların hamısında rok, caz, blyuz kimi musiqilərdən də uzaq qalırdılar.

 

 

 

İllər əvvəl submədəniyyətlərlə bağlı araşdırmalar aparmaq üçün tutduğum dəftərdə apardığım qeydlərə, hippilərlə təmasda olan, yaxud özü hippiliyə təmayül edən şəxslərdən aldığım cavablara baxanda gözümə mərhum prodüser, bəstəkar Zaur Kamalın (Saşa Ten) yuxarıda qeyd etdiklərimə aid ona verdiyim sual və onun cavabı gözümə sataşır:

 

        Bəs əgər bir hippi əsgərlikdə də olubsa, üstəlik, hardasa işləyirdisə, onda onu bundan yayındırmaq üçün hansı vasitəyə əl atırdılar?

Zaur Kamal bu suala zarafatca belə cavab vermişdi:

        Onda onu evlənməyə məcbur edirdilər. Ən azı toy günü qohumların təzyiqi ilə saç-saqqalını qırxdıracaqdı.

 

Bakı hippilərinə hava qaralandan sonra küçədə və təbii ki, Bakının mərkəz hissələrində daha çox rast gəlmək olardı. Onlar özlərini mərkəzi küçələrdə təhlükəsiz hiss etdiklərinə görə orada bir qədər arxayın və rahat gəzib-dolaşa bilirdilər. Bakının Yasamal, Sovetski, Kubinka kimi məhəllərində isə ümumiyyətlə gözə dəymirdilər. Çünki özlərinə qarşı aqressiv davranışlarla qarşılaşacaqlarından əmin olduqları üçün həmin ərazilərə yaxın durmurdular. 1970 və 80-ci illərdə hippilər dəfələrlə bu ərazilərdə möhkəm döyülmüşdülər.

Hippilər ideoloji dəyərlərə əhəmiyyətsiz yanaşır, Sovet vətəndaşının üzərinə düşən öhdəliklərdən boyun qaçırır, özlərini keflərinin ağası kimi aparırdılar. Onlar qapalı və totalitar ölkənin ən azad zümrələri idilər, belə ki, onların həyat tərzi öz istədikləri şəkildə idi. Hippilərin çevrəsi yaradıcı insanlar, musiqiçi və rəssamlardan ibarət olurdu. Küçələrdə qaraqabaq, adamayovuşmaz təsiri bağışlasalar da, dar çevrədə təşkil edilən məclislərdə əksinə, çox şən olurdular, deyib-gülür, zarafatlaşır, rəqs edib əylənirdilər. Hippilər dar çevrələrdə, əsasən də mənzillərdə tez-tez ziyafətlər təşkil edib əylənirdilər. Bakı hippiləri spirtli içkilərə meyilli idilər, hətta aralarında əyyaş həyat tərzi sürənlər də vardı.

 

80-ci illərin əvvəllərində Bakıda yaranan diskoteka dalğası hippilər üçün əsl göydəndüşmə fürsət oldu. Belə ki, Bakının müxtəlif diskotekalarının əsas ziyarətçi zümrələrindən biri məhz Bakı hippiləri idi. Hippiləri harda itirsən, diskotekalarda tapa bilərdin. Çünki diskotekalar onların ruhuna yaxın yerlər idi, onlar burada rahat, istədikləri kimi davrana bilir, özlərini bu məkanlarda tapırdılar.

Bakı hippilərinin böyük əksəriyyəti 90-cı illərin əvvəllərində SSRİ dağıldıqdan sonra Rusiya, İsrail və digər ölkələrə köçüb getdilər. Bu gün yaşlı nəsildən Bakı hippiləri barədə soruşanda heç vaxt onlar barədə neqativ fikirlər bildirmirlər. Hətta vaxtilə onları tənqid edib, bəyənməyənlər belə, hippiləri xoş düşüncələrlə xatırlayırlar.