Arzu Maşını və Paradoks

Firudin Həsənov

Nə zaman ki, hər şey torpaqdan və oddan yarandı, qədim yunan mifində deyildiyi kimi, iki qardaş Prometey və Epimetey canlılar arasında qabiliyyət və yaxşılıqları paylamağa başladılar. Kiminəsə buynuz və caynaq, kiməsə iti dişlər, isti, qalın dəri qismət oldu. Biriləri ağaca cəld dırmanma qabiliyyətinə, digərləri yerin altında özünə sığanacaq tikmə istedadına malik oldular. İnsana növbə bir çox əfsanələrdəki kimi ən sonda çatdı.  Məlum oldu ki, bütün lazımlı xüsusiyyətlər artıq paylanılıb və onun üçün heç nə qalmayıb. Sonrakı əhvalatlarda da insanla daim adı yanaşı hallanan Prometey fədakarlıq edərək tanrılardan alovu oğurladı və insanoğluna bəxş etdi. Əks halda sürətli ayaqlarsız, iti caynaqsız və sərt, isti dərisiz onun yaşamı mümkünsüz olardı.

Tarixdə bu hekayənin hikməti nədənsə, gizli qaldı və ya gözardı edildi. Heç kəs Prometeyin bu ərməğanını keçmişin nəqllərində və yazılarında qabartmadı. Bəlkə nə zamansa, oda sitayiş edildisə də, onun niyə bu qədər əlamətdar olmasını anlamış deyilik. Arman Lanunun “21-ci əsr odu oğurlayanlara aid olacaq” ifadəsi də yəqin ki, təsadüfi deyil…

 

 

Qorxu və ümid, müəyyənlik və izahedilməzlik insanı yuxularda da izləyir. Yuxu bizim psixozumuzdur. Orada qorxularımız, arzularımız bir obraz şəklində görünür və biz belə demək mümkünsə, real həyatda geyindiyimiz libası, orada əynimizdən atırıq. Mən və başqa ixtiyarı bir insan, yuxu haqqında danışarkən özündən asılı olmayaraq metaforik dilə, təşbehə müraciət etməliyik. Biz yuxudan oyanarkən bu “psixoz” halında ikən gördüklərimizi real həyatın dilinə çevirib yaxınlarımıza, insanlara, suya translyasiya etmək istəyirik. Bu, verbalizə etmək hissi çox qəribədir

Bəlkə həqiqətən də tam yuxunu ətrafa danışmaq ona görə mümkün deyil ki, şüurumuz dərinliklərinin dili qrammatika ilə yontula bilməz?

Mistik təfəkkür qrammatik xətalıdır. Məntiqi cümlə bütövü bölür.

 

Nitşe deyirdi “biz ona görə tanrıdan imtina edə bilmirik ki, qrammatikaya inanırıq”. Bu ifadə həm yuxarıdakının təsdiqi, həm də inkarı kimi çıxış edə bilər. Bəli, paradoks ona görə vacibdir ki, qarşı qarşıya gələn iki düz xətti tərənnüm edir və onlar nə zamansa, qarşılaşacaq, birləşəcəklər.(!)

Metalı qızıla çevirməyi qədimdə Farabi istəmişdir . O, metaldan qızıl almaq fikrinin mümkünlüyünü iddia edirdi. Çünki bütün aləmi-maddənin cövhəri eynidir və bir-birinə keçid etmək, simya elmi ilə buna nail olmaq realdır. Lakin böyük təbib İbn Sina bunun əksini söyləmişdir. İbn Haldun çox sadə baxışla iki alimi müqayisə edərək onların niyə bu qərarlara gəldiyini izah etmişdir: Farabi kasıb, İbn Sina isə maddi cəhətdən imkanlı idi. (!)

 

 

 

Arzu və dəmirləşmiş əməliyyat sistemi haqqında paradokslar….

 

 

 

Niyə həmişə bir şeyi başqasına calamaq istəyirik? İzah etməyə başladınsa, qabiliyyət səndən uzaqlaşacaq.

 

*** 

 

Tanrı bütün əzablardan böyük olandır, bu deyilən deyil, yoluxucudur.

İnsan alçaldılandan və ağrıdan sonra batuda düşmüş kimidir.

 

***

 

Balıqlar suyu hiss etmədikləri kimi, qədim insanlar da intuisiyanın içində yaşadıqlarının, rituallarla böyüdüklərinin fərqində olmamışlar.

6-cı hiss, 6-cı element, əslində bizim intuisiyaya verdiyimiz sıradankənar yerdir.

 

***

İnsan obyektə gec çatır – arzu

Maşınla tez çatır – сразу (!)

 

***

 

Marsdakılarla riyaziyyat dili ilə danışmaq, ortaq dili tapmaq istəyi Freydentala məxsusdur. O,  “Linqkos” əlifbasını yaratmışdır. Bu, riyazi şizofreniyadan qaçışdır. İnsan özünəoxşarını tapmaq istəyir.

Mənim və mənimkimilərin inandığı yüksəkdir, yəni mən bu mənada tək deyiləm.

 

***
Hollusinasiya real həyada qulağa gələn yuxudur, bəs yuxuda qulağa gələn səslər nədir?

 

*** 

 

Kişi üçün vəfasızlıq dözülməzdi, qadın üçün vəfaya məcburiyyət.

 

*** 

 

Fikri təmsil etmək riyakarlıqdır.

Çoxu istəyir ki, onu yaradıcıdan daha çox sevsinlər (Mundjiu)

 

*** 

Azad insan bir mənada mazoxist-qul kimidir, iradəsini təslim etmək istəyir.

Orta əsrlərdə qapalılıq olduğu üçün adi şeirvari söhbət erotikaya bərabər idi.

 

*** 

 

Sən sevgidən danışırsan yoxsa hakimiyyətdən? Hakimiyyət altına ona görə düşmək istəyirik ki, arzularımız dolayı yolla (təslimiyyətlə) yerinə yetirilsin. (“Xəz dərili Venera” – Roman Polanski)

 

*** 

 

Bir dəfə də İsaya qaliblərin yox, yəhudilərin gözüylə baxaq. Qədim yəhudi mətnlərində yazılır ki, İsa öləndən sonra mağaradan qeybə çəkilməyib, onu həvarilər oğurlayıb qaçırmışdır. İuda, həmin o satqın isə, doğrunu söyləmişdir öz sonrakı adaşlarına. İsanı taparaq bir uzunqulağa bağlayıb meydanda sürümüşlər.

 

***

 

Karnavallarda biz sol yarımkürəmizə istirahət verib, günəşə doğru… bayrama, oyuna qovuşuruq.

 

***

 

Sirkin vətəni paqan torpaqları, heyvan olan sirkin vətəni humanizm düşüncəsidir. İnsan varlığı insaniləşdirdi.

 

*** 

 

Ölümsüz olmaq əxlaqı pozmaqdır – virtual.

 

***

 

Mən yazıram, çünki yanımda bir az doğru var, bir az şübhə var. Rəhmət olsaydı yazmazdım.

 

Gəmi yırğalandı mən qorxdum, dilim topuğa düşdü.

Budur, mən torpağa ayaq basdım, amma beynimdə gəmi hələ də yırğalanır və mən danışmağa başlayıram.

 

***

 

Biz dialektikanı həll etmək üçün deyil, onunla birlikdə yaşamaq və ara-sıra onlara göydən baxmaq üçün dünyaya gəlmişik.

 

***

 

Əgər bir adamı sevirsənsə, bunu sübut etmək necə də alçaldıcıdır?!

Stəkanda su şəffafdır, dənizdə qaranlıq.

 

***

 

Pomerants deyir ki, günah öz dərinliyindən ayrı qalmaqdır, yəni dünyaya yaxın olmaq.

Şaman-mediumlar, hindular dərin qatlarındakı mənanı mədəniyyətinin dilinə çevirməyə məcburdular, bacarmadıqlarını təşbeh təsbehinə düzərlər.

***

 

“İradə azadlığı ondan ibarətdir ki, gələcəkdəki hərəkətlər (əməllər) indi bilinə bilməz.” (Vitgenşteyn)

 

İnsan arzuladığı şeyi ilk öncə hiss etməli, onu bir dəfə dadmalı, iyini qoxumalı, daha sonra onu bir “yırtıcı” kimi arzulamalıdır. Lakin ona çatıb-çatmamaq, uzaqlığına yetişib-yetişməmək hər zaman qeyri-müəyyən qalır. 

“Əsas qalibiyyət deyil, iştirakdır” (İdman aparıcılarımız)

 

***

 

Eynilik, standartlaşdırma – ədalət. Texnikanın söykəndiyi təbiət tez-tez dəyişir.

Texniki kəşflərdə bir incəsənət sevinci var.

Toreadorlar penisillini onlara bəxş etdiyi üçün Aleksandr Fleminquya heykəl ucaltmışlar.

 

***

 

“İlbiz”lərin, “tısba”ğaların hüquqlarını yunanlar, sosialistlər, Lafarq və Laura Marks qoruyurdu.

“Meduzanın qulağı” qasırğanı hiss edir.

Keçmişə hörmət – budur ibtidai insanı təhsillidən fərqləndirən. (Puşkin)

 

***

 

“Amerikanlar texnikanı necə həzm etsələr, sonrakı halımız o cür olacaq”.

Texniki işdə səhər əmək fəaliyyəti aşağı olur, daha sonra artırmış. Naharda və ondan sonra səhərki kimi olur, zaman keçdikcə yenə impuls yüksəlir, işin sonu azalır. Həftənin günləri üçün də belədir.

 

***

 

Klark deyirdi ki, insan 2050-ci ildə anabioz vasitəsilə başqa planetlərdə yaşaya biləcək.

Ölümünə bir gün qalmış insanın arzusu – “mənim yanımda oturub şer oxu”.

 

***

“Riyaziyyat elmlərin açarıdır”, “insan ruhunun fizikası”, “bu gün nəsə nasazam”… Dilimiz bizdən daha çox bilir.

İnsana bəxşiş olan nitqin əvəzində cəzası – şizofreniya.

 

***

 

Texniki optimizm

 

Orta sinif getdikcə vüsət olacaq. (R.Aron)

Məntiq öz istədiyinə çatacaq –  gücünü möhkəmləndirəcək.

 

Kampanellanın günəş ölkəsi fərqli adla reallaşacaq. Yambulun dünyası, özü üçün əhəmiyyətsiz olsa belə, öz reallığına qovuşacaq.

 

Dünya hüquqdan tutmuş, futbola qədər ədalətli olacaq.

 

Kreativ fikri doğmaq lazımsız hala çevriləcək.

 

Boş zaman insanın ixtiyarında olacaq, ölməyəcəyik.

 

 

 

Texniki pessimizm

 

İnsan ürəyi metalın soyuqluğundan titrəyəcək. Düzəltdiyi maşınlar sürətə qalib gələcək, radiolarda ölmüş insanların səs ətrafı bürüyəcək. Və son insan öz əlləri və beyni ilə düzəltdiyi mexanizmi dünyaya əmanət edib vidalaşacaq.  (Berdyayev)

 

Həzz, sonda özü deqradasiya prosesinə çevrilməyi seçməlidir. (Haksli)

 

İnsan duasının sərhədi vardır, çox şeyi istəmək fəzilət sayılmırdı. Amma elmin gücü çoxlarına görə sərhəd tanımır. Bizə deyirdilər ki, inanc dağları tərpədə bilər, inanmırdıq. İndi isə atom bombasının dağları yerindən oynatdığını deyirlər, hamı inanır. (Rassel)

 

Texnokratizmdə qoca və xəstə adamlar həyat kənarındadırlar.

 

Nə qədər  avtomat bizi sürətlə irəliyə aparacaq, ölümə o qədər tez çatacayıq.  (Yunger)

 

***

 

Bir yaşlı müdrikin sözü: İnsanlara rəhmim gəlir, xüsusən də hamıya.