Antik filosoflarla şairlərin qovğaları

Səid Riad

Antik dövrün şairləri tanrı sözçüləri, ilahi kəlamları bəşərə ötürən vasitəçilər sayılırdılar. Tanrılarla interaktiv deyil, yalnız birtərəfli əlaqə qura bilən şairlərə ərsəyə gətirdikləri əsərlərin ideya və mövzularını sənət növlərinin hamisi sayılan muzalar təlqin edirdilər(1)(2). Olimp tanrıları insanların arasından şairlər seçmək missiyasını tam şəkildə muzalara həvalə etmişdilər. Muzalar isə ilahi kəlamları insanlar arasından seçdikləri şəxslərin düşüncələrinə ötürürdülər. Buna görə də antik şairlər özlərini “seçilmiş şəxslər” adlandırırdılar. Filosof Sokratis şairlərə ilham verən, onların düşüncələrinə nüfuz edən muzaları maqnitlə müqayisə edirdi. Belə ki, filosofa görə muzalar şairləri, şairlər rapsodosları3, sonuncular isə öz növbəsində dinləyicilərini maqnit kimi özlərinə cəlb edirlər. Bununla da rapsodoslar bu zəncirin bir halqası olmaqla vasitəçinin vasitəçisi funksiyasını yerinə yetirmiş olurdular4.   

 

Antik şairlərin ərsəyə gətirdikləri eposların mövzularının mənbəyi Olimpdən – tanrıların dərgahından gəldiyi üçün miflərlə, əsatirlərlə, dini ayinlərlə, magiya ilə sıx bağlı olurdu.

Yazılı mifologiya özlərini adi insanlardan fərqli hesab edən, Olimp tanrılarına daha yaxın olduqlarını və tanrı elçiləri sayılan muzalardan informasiyalar aldıqlarını iddia edən şairlərin qələmindən çıxırdı. Omeros, Esiodos, Ovidius, koslu Filitas, Arion, Pindar, doqquz lirik və mifologiyanı qələmə alan digər antik şairlər minlərlə insan arasından məhz onları seçib bu müqəddəs işi onlara həvalə etdikləri üçün tanrılara və muzalara təşəkkür motivli sətirlər həsr edir, muzalara ayrıca mədhiyyələr yazırdılar5.

 

Antik dövrdə fəlsəfə və elmin yaranmasına qədər istər ali dövlət orqanlarında, istərsə də cəmiyyət tərəfindən şairlərə olan münasibət o dərəcədə müsbət olub ki, onların yaratdıqları eposlar az qala müqəddəs kitablar kimi qəbul edilir, bəzi əsərlər məktəblərdə tədris edilir və müəllimlər onları şagirdlərə əzbərlətdirirdi. Şairlər zəmanəsinin ən nüfuzlu, ən aqil şəxsləri kimi tanınır, xalq onların yaradıclığını əzbər bilməyi özünə borc hesab edirdi. Lakin Qədim Yunanıstanda filosofların meydana çıxdığı zamanlardan etibarən şairlərə olan münasibət kəskin dəyişməyə başladı, həm poeziya, həm də şairlər tənqid olunmağa başladılar.

 

Alman filosofu Karl Yaspersin irəli sürdüyü“axial age” nəzəriyyəsinə görə dünyanın bir çox yerində olduğu kimi Qədim Yunanıstanda da birdən-birə, qəfildən intellektual inqilab baş verir və yunan polislərində səbəbi hələ indiyə qədər məlum olmayan elə bir şərait yaranır ki, qəfildən meydana atılan, dünyəvi elmlərin əsasını qoyan antik filosoflar kosmosun, Yerin, bəşəriyyətə dair problemləri həllini axtarmağa, ortaya həmin vaxta qədər heç kimin üzərində düşünmədiyi suallar çıxarmağa və elə həmin suallara da cavab axtarmağa başlayırlar6. Bununla da qədim Yunanıstanda dini irrasionalizm mərhələsi rasional düşüncə mərhələsi ilə əvəz edilir. Bu mərhələnin yunan polislərində necə yaranması, fəlsəfə və elmin necə meydana çıxdığı indiyə qədər müəmmalı qalsa da, onların yaranmasına münbit şərait yaradan iki səbəb məlumdur ki, bunlardan biri qədim ellinlərin ictimai, sosial həyat tərzi, digəri isə onların mifologiyası idi. Başqa sözlə, antik şairlərin qələmindən çıxan miflər fəlsəfənin, eyni zamanda da elmin yaranmasına münbit şərait yaradan amillərdən biri olmuşdu.

 

Min ildən bir qədər artıq dövrü əhatə edən antik fəlsəfə tarixində heç bir düşüncə sistemində qatı ateizm mövcud olmasa da, filosofların mifologiyaya baxışları da əvvəlki dövrlərdən kəskin fərqlənirdi. Bu fərqi yaradan əsas amil isə hər bir tezisi arqumentlərlə, dəlillərlə isbat etməyə çalışan filosofları şairlərin miflərin yaranması, dini düşüncənin formalaşması, mifoloji hadisələrin təzahürü barədə verdiyi cavablar qane etməməsi idi. Belə ki, antik şairlər özlərini sadəcə vasitəçi kimi təqdim edərək, yaratdıqları mifoloji hadisələrə dair heç bir tutarlı arqument irəli sürmürdülər. Onlar bütün mifoloji hadisə və proseslərin onlara yalnız muzalar tərəfindən təlqin edildiyini bildirirdilər.

 

Müəyyən zaman aralığında şairlərin dini mühakimələri, yaratdıqları materiallar cəmiyyət üçün tərbiyəverici istinad hesab edilirdi. Arxaik zamanlarda şairlərin poemaları dərs vəsaiti hesab edilir, bu poemalar böyük həvəslə kütlə tərəfindən əzbərlənir, hətta polislərdə poemalarda yazılan müəyyən hadisələr nümunə olaraq həyatda, məişətdə də tətbiq edilirdi. Şairlər zəmanəsinin böyük intellektualları və nüfuzlu simaları sayılırdılar. İrrasional düşüncə mərhələsində böyük avtoritetə malik olan şairlər bir növ düşüncə, idrak sistemində inhisar yaratmışdılar. Filosoflar isə bu inhisarı çökdürmək, polemika aparılma xüsusiyyəti olmayan eposların düşüncə istinadından çıxarmaq istəyirdilər. Buna görə də şairlərin yaradıcılığını şübhə altına alan filosoflar bu inhisarı öz əllərinə almaq niyyətində idilər və bu məqsədlə də həm eposlar, həm də onların müəllifləri kəskin tənqid edilirdi. Eyni zamanda, mifologiyada əskikliklərin də olduğunu düşünən filosoflar bütün miflərin kontekstini dəyişdirərək, onları bir növ redaktə, yaxud müəyyən məqamlarda hətta dekonstruksiya edərək “yeni miflər” yaradırdılar. Elə antik fəlsəfənin var olması və təyinatı üçün aparıcı rol oynayan amillərdən biri də fəlsəfi məktəb və sistemlərin özü ilə ənənəvi dini-mifoloji düşüncə arasında qalın sədd çəkməsində idi.

 

Antik düşüncə tarixində Kolofonlu Ksenofanisdən Aristotel və stoiklərə qədər Olimp dininin tənqidini və yeni fəlsəfi teologiyanın yaranmasını dövrümüzə çatan həm tamhəcmli fəlsəfi doktrinlərdə, həm də fəlsəfi fraqmentlərdə müşahidə etmək olar. Çünki antik fəlsəfənin yaranmasının ilk dövrlərindən etibarən filosofların ciddi şəkildə məşğul olduqları sahələrdən biri də “Omeros problemi (το ομηρικό ζήτημα”)7 idi ki, onlar epik fərdiyyəti inkar edən polis əxlaqının, polis vətəndaşının şüurunun kontekstində epik tanrıları qəbul, yoxsa inkar etmək məsələləri üzərində düşünürdülər.

 

Bununla da filosoflar şair-dastançıların yaratdıqları mifologiyadan tam fərqli mifologiya, yeni teoloji konsepsiya yaradırdılar. Məsələn, Orfizm mistik təlimində Pifaqorçuluqla Empedoklesin nəzəriyyələrindəki yaxınlıq və oxşarlığı, Protaqorasın aqnostik baxışlarını, Epikurosun irəli sürdüyü “passiv tanrıları” və digər nümunələri bunun göstəricisi kimi qəbul etmək olar. Məsələn, Kirini məktəbinin nümayəndələrindən biri olan Evimeros mifoloji strukturla tamamilə ziddiyyət təşkil edən belə fikir yürdürdü ki, guya tanrılar əslində haçansa yaşayan real insanlar olublar, sonradan kütlələrin özbaşınalıqlarının qarşısını almaqdan, onları qorxu altında saxlamaqdan ötrü həmin şəxsləri ilahiləşdiriblər və zaman keçdikcə bir vaxtlar real insan olmuş şəxslər mifləşdirilirək tanrı statusu adı alıblar. Platonun dialoqlarında da ilahi qüvvələrə, fövqəltəbii varlıqlara daha rasional tərzdə yanaşdığını, onların təbiətini şüurlu şəkildə analiz edərək bir növ “yeni mifologiya” yaratdığını görmək olar. Bununla da fəlsəfə ilə dini-mifologiya dialektik münasibətlər zəminində daim bir-birinə qarşılıqlı təsir göstərirdilər.

 

Antik filosoflar şairləri əksər hallarda qəbul etmir, hətta onlara bir qədər də qeyri-ciddi münasibət bəsləyirdilər. Çünki yuxarıda qeyd edildiyi kimi, şairlər hansısa mifoloji hadisəyə heç bir tutarlı arqument gətirmir, onların dilindən çıxan sözlərə izah vermir və bunu muzaların onlara təlqin etdiklərini iddia edirdilər ki, bu da hər bir fikri arqumentləşdirən filosoflar üçün qənaətbəxş hesab edilmirdi. Öz növbəsində antik şairlər də filosofların əleyhinə çıxır, onların irəli sürdükləri müəyyən fikirləri qəbul etmir və hətta bəzən filosofları lağa qoyurdular. Bu, daha çox klassik dövrdə komediya müəllifləri tərəfindən baş verirdi8. Filosofların şairləri tənqid etməsinə Efesli Eraklitosun (Heraklit) Esiodos, Omeros, Arxeloxos və s şairlər haqqında söylədiyi fikirləri nümunə göstərmək olar.

 

Filosof Omeros haqqında “…insanlar Omeros kimi aşkar nəsnələri dərk edərkən aldanırlar” söyləyərək onun özünün aldandığı kimi insanları da doğru yoldan azdırdığını, həm tanrılar, həm də dünya haqqında yanlış fikirlər irəli sürməkdə iddia edirdi. Buna görə də o, həm Omerosun, həm də Arxeloxosun sürgün edilməyə layiq insanlar kimi təqdim edirdi9.

 

Eraklitos Esiodosu gecə ilə gündüzün eyni nəsnələr olduğunu anlamamaqda günahlandıraraq onu sərt şəkildə tənqid edirdi. O, buna görə şairin “Teoqoniya” poemasındakı aşağıda yazdığı misralarına istinad edirdi:

 

 

Xaosdan tutqun Gecə (Niks) və sərt Erevos yarandı

(Ἐκ Χάεος δ᾽ Ἔρεβός τε μέλαινά τε Νὺξ ἐγένοντο·)

 

Gecə (Niks) ilə Efirdən isə Gündüz (İmera) yarandı

(Νυκτὸς δ᾽ αὖτ᾽ Αἰθήρ τε καὶ Ἡμέρη ἐξεγένοντο)

 

 

Bu sətirlərdən göründüyü kimi Esiodos Gündüzün Gecə tərəfindən yarandığını yazıb. Eraklitos isə bu məsələni şairə irad tuturaq bildirirdi ki, Gecə ilə Gündüz bərabər ziddiyyətlərə malik olduğu üçün, biri digəri qarşısında heç bir prioritetə sahib deyil. Yəni əgər bu elementlərdən hansısa biri digərindən törəyibsə, demək ki, onlardan biri digərindən daha əvvəl mövcud olub. Bu isə mümkün deyil, çünki Gecəsiz Gündüzün var ola bilməməsi kimi Gündüzsüz də Gecənin var olması mümkün deyil. Buna görə də Gecənin Gündüzdən, yaxud Gündüzün Gecədən yaranması fikri məntiqsiz və absurddur.     

 

Platon isə şairlərin əsl varlığa tam zidd olan saxta və xəyali nəsnələr yaratdığını söyləyir, muzalar şairlərə heç bir informasiya ötürməyəcəkləri təqdirdə onların heç nə yarada bilməyəcəklərini yazırdı10. Platona görə şairlər və rəngkarlar daim dövlət nəzarəti altında olmalı, dövlət onları həmişə faydalı, cəmiyyətə xeyir verən əsərlər yaratmağa meyilləndirməlidir. Lirik poeziya sadə, yüksək səviyyəli musiqi kimi nəcib insanların və tanrıların şənini göylərə qaldırmalıdır. Onun fikrincə dramatik poeziya və mifologiya tanrılar haqqında iyrənc fikirlərin yaranmasına səbəb olur. Buna görə də bu motivdə əsər yazan şairlər “ideal dövlətdən” qovulmalıdırlar.

 

Lakin bunu da qeyd etmək lazımdır ki, filosofların şairlərlə qarşıdurma yaratmalarına, onları tənqid etmələrinə baxmayaraq, demək olar ki, bütün filosoflar öz əsərlərini elə poetik formada yazırdılar. Xüsusilə, sokrataqədərki mərhələyə aid olan filosofların əsərləri poema janrında, Platonun dialoqları isə dram janrına yaxın tərzdə yazılırdı. İlk dəfə spesifik fəlsəfi traktatları biz Aristoteldə görə bilərik. Amma Aristoteldən sonra həm yunan, həm də roma fəlsəfəsində yazılan əsərlər də antik ədəbi ənənələr formasında ərsəyə gəlirdi.

 

Filosofların mifologiyanı tam inkar etməmələri, onu yalnız tənqid etmələri və özləri də doktrinlərini poetik formada yazmalarının da müəyyən səbəbləri vardı və bu səbəblər bir-biri ilə sıx əlaqəli idi. Əvvəla poetik mətnlər ənənəvi olaraq ellinlərin düşüncələrində daha dolğun təəssürat yaradır, onlara daha dərin təsir göstərirdi. Filosoflar fikirlərini cəmiyyətə daha dolğun şəkildə təsir göstərməsini istədikləri üçün sözügedən ənənəvi təsir vasitəsindən istifadə edirdilər. İnsanın tam şəkildə rasional olmadığını söyləyən Platonun dialoqlarında insanın iradəsinin əleyhinə olaraq onun ruhuna təsir etmək barədə fikirlərə rast gəlmək olar və filosof bu təsir vasitəsinin elə poetik mətnlə mümkün olduğunu qeyd edirdi.

 

Bundan başqa, filosoflar şüurun gücü çatmayan yerdə mifin zəruri predmetə çevrildiyini qəbul edirdilər. Mifologiyanın müasir təyinatından biri tədqiq ediləbilməyən diskursdur. Yəni şairlərin tanrıların savaşları, sevgiləri, ruhun ölümdən sonrakı vəziyyəti haqqında biz heç bir yoxlama, araşdırma apara bilmirik, çünki poetik diskursun mənbəyi birbaşa tanrı dərgahındadır. Buna müvafiq olaraq fəlsəfədə dəlilə çevriləcək elementi yalnız mif yaratmaqla əldə etmək mümkün olur. Antik filosoflar da “loqos”un dayandığı yerdə təsir mexanizmi kimi miflərə müraciət edirdilər.

 

Lakin mifoloji strukturun tənqidi, filosofların miflərə özünəməxsus tərzdə yanaşması, onların mifologiyanı redaktə etməsi onlara elə də asan başa gəlmirdi. Yunan polislərində cəmiyyət əksər hallarda filosoflara qarşı aqressiv münasibət sərgiləyirdilər. Bəzən isə demos tənqidlərin hamısını eyni səviyyədə qəbul etdiyi üçün bütün filosoflara qarşı sərt mövqe göstərirdir. Elə Sokratisin ittiham edilərək məhkəməyə çəkilməsi bunun əyani sübutdur. Sokratis tanrıları ələ salmaqda, onları inkar edib özündən yeni tanrılar uydurmaqda və bununla da gəncləri haqq yolundan azdırmaqda ittiham edilirdi11. Halbuki “kim əsl şair olmaq istəyirsə o, düşüncə deyil, mif yaratmalıdır” deyən Sokratisin12 məhkəmədə və həbsxanada fikirlərinə aydınlıq gətirərkən heç nəyə nail olmaması cəmiyyətin hələ onu anlaya bilməməsini göstərirdi.

 

Onun tələbəsi Platonun yaradıcılığında isə biz sənətin “mimetik” estetikasını görə bilərik. Platon mimesis üsulu ilə total tənqidi həyata keçirirdi. Yəni o, təkcə epik poeziyanı deyil, bir çox sənət sahələrini – təsviri incəsənət, xəttatlıq, teatr sənəti və s tənqid edirdi. Bu tənqidin mahiyyətində isə bu dayanırdı ki, şair reallığı şişirtməklə sənətə həqiqəti, əxlaqı deyil, cahillik və xurafat  gətirir.  Platonun tələbəsi Aristotel “Poetika” əsərində ilk dəfə bədii yaradıcılığın nəzəriyyəsini və üsullarını göstərirdi. Ondan sonra isə tələbələri şairlərin, dastançıların, dramaturqların siyahısını tərtib edirlər.

 

Antik düşüncə tarixinin sonrakı, ellinizm mərhələsində, Kiniklər və Stoiklər dövründə artıq filosoflarla şairlər arasındakı qarşıdurma səngiməyə başlayır. Bunun səbəbi isə adlarıçəkilən düşüncə məktəblərində yeni və xüsusi təbliğedici bədii formalar – satira və diatrivilər yaranır. Bundan başqa, filosofun özü şəxsiyyət kimi antik sənətdə təsvir predmetinə çevrilir.   

 

 

 

 

Начало форм

1 – “Dünya xalqlarının mifləri (Мифы народов мира)” Sovet nəşri (1980) 2-ci cild.

2 – Platon “İon” dialoqu

3 – Rapsodos (ραψωδός) – Qədim Yuanıstanda eposları oxuyan, onun hissələrini səsləndirən şəxslər.

4 – Platon “İon” dialoqu

5 – Məsələn, Odisseya poemasının ilk sətirlərində muzaya müraciət: “Muza, mənə hər şeyi bacaran kişidən xəbər ver (Ἄνδρα μοι ἔννεπε, Μοῦσα, πολύτροπον, ὃς μάλα πολλὰ)” 

6 – “Quyu” jurnalı, 2-ci nəşr – Utopiya sayı, “Pifaqorun utopiyası”, səh 11-12

7 – Omeros – Kor Homer (Kor Omeros). “Omeros problemi” deyərkən İliada və Odisseya poemalarının müəllifinin əslində kim olması və şair-dastançı Kor Omerosun şəxsiyyəti haqqında qaldırılan digər məsələlər nəzərdə tutulur. 

8 – Aristofanis “Buludlar (Νεφέλαι)” komediyasında Sokratisi lağa qoyurdu. Filosofun yelləncəkdə yellənib qarın boşluğundan qaz buraxmaqla fikirlərinin cəfəngiyyat olduğunu təsvir edirdi.

9 – Feoxaris Kessidis “Erkən yunan fəlsəfəsi və onun miflərə və sənətə təsiri” (1968)

10 – Platon “Dövlət” dialoqu, 10-cu kitab

11 – Platon “Sokratisin apologiyası” əsəri. (Əsərdə Sokratisi 2 səbəbdən günahlandırıb ittiham edirdilər: yeni tanrılar yaratmaqda və gəncləri pis yola çəkib azdırmaqda)

12 – Platon “Fedon” dialoqu. (Sokratis ölüm qabağı dostlarının əıhatəsində şeir söyləməyə başlayır və etiraf edir ki, onun istedadı olmadığından sadəcə olaraq Ezopun təmsillərini şeir formasına salıb söyləyir.)