“Amerika” – Jan Bodriyar (1986)

Firudin Həsənov

1.     Amerika və müasirlik.
 
Əgər hesab etsək ki, bütünlüklə Qərb Amerikada, Amerika Kaliforniyada, Kaliforniya “Metro Qolden Mayer”də və “Disneylend”də müəyyənləşir, onda Qərbin mikrokosmu məhz burada yerləşir. Amerika müasirliyin “orijinal” versiyasıdır, Avropa isə çarəsizcə geridə qalan, dublyaj və ya altyazılı şəkildə müasirliyin variantdır. Hətta Paris Nyu-Yorkla müqayisədə həqiqi urbanizasiyaya çatmamış, yarıkənd bir şəhərdir.
 
2.      Amerika simulyakr  kimi.
 
Amerika mədəniyyəti səhranın mirasçısı, boşluğun davamıdır. O, ilğım və simulyakrlığın fasiləsizliyi kimi mövcuddur. Amerika reallığı monolitdir, onun informasiyası bütövlükdə hər elementində vardır (Bodriyarın lazer şüası nümunəsindəki kimi). Hamı simulyasiya vasitəsilə işğal olunur. Peysajlar fotoqrafiyadan, qadınlar seksual ssenarilərdən, fikir məktubdan, terrorizm dəb və kütləvi mediadan, hadisə televizordan. Elə təəssürat yaranır ki, sanki şeylərin özü bu qəribə məqsədlər üçün vardırlar. Hətta belə sual da yaranmış olur, bu dünyanın özü başqa dünyada yaranmış reklam kimi deyilmi?
Bütün ölkə kinematoqrafiyasayağıdır. Amerikan şəhəri də, belə görünür, həyatını kinodan alıb. Və şəhərdən ekrana doğru deyil, ekrandan şəhərə doğru getmək lazımdır ki, sonuncunu (şəhəri) anlaya biləsən. Bütün insani olanlar burada quramadır. Amerikada hər zaman gülümsəyirlər, bu nəzakətdən və xoşagəlmək üçün deyil. Bu ona görədir ki, gülümsəmək lazımdır, axı gülüş öz təbiətindən savayı heç nəyi ifadə etmir.
Burada hətta din xüsusi effekt, milli bayraq isə Amerika həyatının ticari markası kimi mövcuddur.
 
3.     Kütlələrin dominantlığı.
 
Əgər siz bütün bu cəmiyyəti mənəvi, estetik və tənqidi qərarlarla analiz etsəz, qərar çağırışlarından və inanılmaz əks-təsir effektlərinin qarışığından süzülən orijinallığı məhv etmiş olacaqsınız. Lakin mühakimənin, tənqidin hakimiyyətində heç nə qalmadıqda, nəinki dözümlülük, hətta etinasızlıq artmağa başlayır. Amerikada hər insan tənhadır və başqa tənhalığa qarşı laqeyddir. Bəs onda insanı Nyu-Yorkda yaşamağa vadar edən nədir? Magik “bitişiklik” hissi və süni mərkəzləşdirilməyin cazibəsi. Heç kimin tərk etmək üçün lazımi əsasları tapa bilmədiyi, özünücəzbetmə universumunu yaradan, bax, budur. Bu izdiham ekstazından başqa orada qalmağa heç bir insani əsas yoxdur.
 
4.     Orgiyadan sonra nə etməli?
 
Bu zənginlik və azadlıq aralığında hər zaman dəyişilməz bir sual var: Orgiyadan sonra nə etmək lazımdır? Hər şeyin əlçatan olduğu halda nə etməli: seks, güllər, həyat və ölüm stereotipləri? Bütün dünyanın miras aldığı Amerikanın problemi də elə bundadır. Tələblərini əldə etmək gücüylə arzuların olmaması – ölüm əlaməti. Bununla da, özündə pəhriz, ekologiya, suitilərin, insanların müdafiəsi daxil olmaqla, bütün bunları cəmləşdirən  “sağqalma” arsenalı, həyatın davam etməsini sübut etmək üçün hesablanıb.
 
Bu ölkədə hər kəs 10 dəqiqə ərzində məşhur olub və ya olacaq. (Endi Varhol)
Amerika, arzuların həyata keçdiyi , basdırılmış da olsa, yerdəki “cənnət” kimi bir utopik hiperreallıqdır.