Adolf Loos - Ornament və Cinayət

Firudin Həsənov

İnsan nütfə halında anasının bətnindəykən heyvan aləminin bütün inkişaf mərhələlərindən keçir. Körpə dünyaya gələndə onun hissiyat orqanları yeni doğulmuş küçük ilə eynidir. Uşaqlıq çağında o, insanlıq tarixinə xas olan bütün dəyişiklikləri yaşayır. İki yaşında o, ibtidai-papuas, dörd yaşında barbar-german1, altı yaşında Sokrat, səkkiz yaşındaysa Volter sayaq davranır.  Səkkiz yaşında o, yalnız XVIII əsrdə kəşf olunan bənövşəyi rəngin mövcudluğunu dərk etməyə qadirdir: bundan əvvələ qədər bənövşə bitkisi göy rəngdə, al-qırmızı ilbiz isə qırmızı rəngdə qavranılırdı. Hərçənd müasir fizikaya aşkar olan günəş işığının spektrlarının rənginə artıq adlar verilib, onları dərk etmək yalnız gələcək nəsilə qismət olacaq.

Uşaq əxlaqsızdır – biz ibtidai-papuasları da belə hesab edirik. Öz düşmənini vəhşicəsinə öldürüb yeyəndə o, cinayətkara çevrilmir. Lakin müasir insan kimisə vəhşicəsinə öldürüb yesə, o, cinayətkar və ya murdardır.

Papuas öz dərisinə, qayığına, avarına – bir sözlə, əhatəsi daxilində olan hər şeyə – döymə edir. O, cinayətkar deyil. Öz bədəninə döymə çəkən müasir insan cinayətkar və axmaqdır. Bəzi həbsxanalarda məhbusların 80%-nin bədənində döymə vardır. Azadlıqda olan döyməli insanları potensial cinayətkar və ya geriləmiş aristokratlar saymaq olar. Əgər bu tip insan dəmir barmaqlıqlar arasında ölməyibsə, deməli, belə hesab etmək olar ki, o, cinayəti törətməzdən az əvvəl ölmüşdür.

Öz simanı və əhatəndə olan hər şeyi döymə ilə bəzəmək təsviri incəsənətin başlanğıcının başıdır. Rəsmin beşiyidir. İncəsənət tamamilə erotikdir.  Öz təməlində erotiklik olan tarixdə ilk ornamentli təsvir xaç idi. Artıq enerjidən xilas olmaq istəyi ilk rəssamı ilkin incəsənət əsəri yaratmağa sövq edib, bacarıqsız şəkildə divarı rəngləyərək ilk yaradıcı aktı həyata keçirmək.

Üfüqi xətt – uzanan qadın. Şaquli xətt – ona daxil olan kişi. Bunu yaradan kəs həqiqətən bethovensayaq ilhamlanmışdı; bəstəkar 9-cu Simfoniyanı yazdığı kimi, səmanın altında pərvazlanırdı. Lakin daxilində divara erotik simvolları həkk etməyə təhrik olunan bizim müasir insanımız cinayətkar və ya rəzildir. Sözsüz ki, bu növ təhriklər ictimai tualetlərdə axmaq simptomlu insanlara daha şiddətli təsir göstərir.

Ölkənin mədəniyyətini bu kimi yerlərin divarlarındakı mənasız şəkillərin sayına görə ölçmək olar. Uşaq üçün bu təbii haldır: onun birinci incəsənət aktı divarlara erotik simvollar çəkməklə təzahür edir. Ancaq papuas və ya uşaq üçün təbii olan şeylər, müasir insan üçün geridəqalmışlıq nişanəsi hesab edilməlidir. Mən müşahidə edərək bu çıxarışı hamı üçün səsləndirirəm: mədəniyyətin təkamülü və məişət əşyalarından ornamentlərin çıxarılması paralel baş verən hadisələrdir.  Bu kəşfimlə dünyaya sevinc bəxş edəcəyimə ümid edirdim, amma o mənə təşəkkür etmədi. İdeyamı kədər və qəhər içində qarşıladılar. Hamını daha bəzəklər yaratmayacaqları fikri qəmgin etdi. Axı necə, məgər biz, XIX əsrin insanları hər afrikalının, hər xalqın və epoxanın bacardığı şeyi etmək iqtidarında deyilik?!

Əvvəlki minilliklərdə yaradılmış bəzəklə örtülməyən incəsənət nümunələri  unudulmuş və məhv edilmişdir. Karolinqlərin dövründəki dülgər dəzgahlarımız olmadığı üçün biz cüzi naxışlarla bəzədilən hər xırda şeyə görə narahatıq: və onun qorunması naminə dəbdəbəli saraylar tikirik.

İnsanlar qüssəli halda vitrinlərin arasında gəzişir və çarəsizliyinə görə xəcalət çəkirdilər: “Hər dövrün özünəməxsus üslubu var, təkcə bizim zəmanəmiz simasızdır?!” Üslub deyərkən ornamenti nəzərdə tuturdular.

O zaman mən dedim: “Ağlamayın! Baxın, dövrümüzün nəhəngliyi elə ondadır ki, biz yeni ornamentlər yaratmağa qadir deyilik. Biz ornament üzərində qalib gəldik, biz bəzəksiz yaşamaq üstünlüyünü əldə etdik. Nəzər yetirin, muradımıza yetməyimizin vaxtına az qaldı. Tezliklə şəhərlərin küçələri  düm ağ divarlarla parlayacaq. Müqəddəs Sion şəhəri tək, səmavi paytaxt. O zaman hər şey həyata keçmiş olacaq”.

Lakin bəzi yaramazlar barışmazdırlar və onların günahı ucbatından insanlıq indi də ornamentin quluna çevrilir. İnsanlar rəngli daş-qaşlara etinasız qalmaq üçün kifayət qədər yüksək səviyyəyə çatıblar; və papuaslarda olduğu kimi, döymələr onların estetik qavrayışını  daha da kəskinləşdirmir, əksinə, kütləşdirir. Biz lazımi səviyyəyə çatmışıq ki, birrəngli siqaret qutusu ilə qane olub rənglənmişdən imtina edək – hətta əgər qiymətdə fərq yoxdursa belə. Onlar sadə geyimdə xoşbəxt idilər və sevinirdilər ki, balaqandakı meymun kimi (tərc. sirk meymunu) qızılı pozumentli qırmızı məxməri şalvarda gəzməyə məcbur deyillər. Və mən dedim: “Baxın, axı Götenin son saniyələrini keçirdiyi otaq İntibah dövrünün bütün dəbdəbəsindən daha yüksəkdə durur; hamar görünüşlü mebel nümunəsi isə üzəri işləməli bütün muzey eksponatlarından gözəldir. Götenin dili Peqnit çobanlarının2 mürəkkəb şeirlərindən daha möhtəşəmdir.

Zalımlarda mənim sözlərim narazılıq hissi oyatdı, xalqların mədəni inkişafını ləngitməyi özünə borc bilən hökumət tərəfindən ornament  reabilitasiya olundu və bərpa edildi. Yüksək rütbəli məmurların inqilab hazırladığı ölkənin vay halına!

Tezliklə Macarıstanın tətbiqi sənət muzeyinin (Kunstgewerbemuseum) ziyarətçiləri “Zəngin ov” bufeti və “Yatmış gözəlçə” servantına baxa bilərdilər – bu bədxah mebel əşyaları öz adlarını qabarıq dəbdəbəli hissələrinə görə almışdılar.

Avstriya höküməti öz işinə o qədər ciddi yanaşır ki, onun Avstriya-Macarıstan imperiyasındakı sərhəd bölgələrində cəbhələrinə parçalı çəkmələr göndərilmir. Və onlar hər təlim almış gənci 3 il ərzində trikotaj corabların əvəzinə parçalı çəkmə geyinməyə məcbur edirlər.

Nəticədə bütün məmurlar bu bəhanəylə özlərinə təskinlik tapırlar ki, digər xalqları idarə etmək daha asandır.  Beləliklə, hökumət bəzək epidemiyasını sanksiyalaşdırır və onun maliyyə dəstəyi üçün xəzinədən pul ayrılır.  Ancaq mən bunda reqress əlamətləri görürəm. Ornamentin sivil insanın həyatını xoşbəxt edəcəyi fikriylə razılaşmıram;  həmçinin bu fikri də ifadə etməyə adətkar olanlar da mənə yaddır: “Axı ornament gözəldir!..”.  Ornament nə mənə, nə də digər sivil insanlara bəxtəvərlik gətirir. Əgər mən pryanikdən dadmaq istəsəm, aralarında ən sadəsini götürər, ürək, körpə uşaq və ya atlı fiqurlu olanlara meyil etmərəm və  uzununa, ya eninə mənasız naxışlar bəzədilmişini də götürmərəm. XV əsrin insanı məni anlayardı. Müasirlərimiz isə tamamilə başqadırlar. Ornamental üslubun müxalifi olaraq mənim sadəliyə olan cəhdim asketizm kimi görünə bilər. Xeyr, çoxhörmətli  dekorativ-tətbiqi incəsənət üzrə məktəb müəllimi,  mən əsla özümü ölümə sövq etmirəm! Mənə bu daha xoşdur. Məndə keçən əsrlərin ləziz yeməkləri ikrah doğurur, onlar təkcə ona görə əsrarəngiz bəzədiliblər ki, yazıq tovuzquşular, qırqovullar və omarlar daha dadlı görünsünlər. Mən çox pis oluram, sanki kulinariya incəsənəti sərgisində bu doldurulmuş müqəvvaları yeməliyəm. Rostbifi (tərc. qızardılmış mal əti) daha üstün tuturam. İnsanlığın estetik inkişafına böyük zərər vuran və mənəvi dağıntıya səbəb olan ornamentin dirçəlişi asanlıqla zərərsizləşdirilə bilər. Ona görə ki, heç kim, hətta iqtidar gücü sivilizasiyanın inkişafının qarşısını ala bilməz! Onu ancaq zəiflətmək mümkündür. Biz gözləyərik, amma iqtisadi münasibətdə belə siyasət cinayətkarlıqdır, çünki insan əməyini, maliyyə vasitələrini və xammalı küləyə sovurur. Bu geriyə qaytarılması mümkün olmayan vaxtdır. Retroqrad mədəni inkişafın tempini ləngidir. Əgər mən 1908-ci ildə yaşayıramsa, qonşum 1900-cü ildə, kimsə isə 1880-də yaşayır. Sakinlərinin bu qədər fərqli mədəni-zaman ölçülərində yaşayan ölkə çətin vəziyyətdədir: dağlıq ərazi olan Kalsdakı kəndli – XII əsrdədir.  Təntənəli yubiley tədbirində iştirak edən adamlar isə Xalqların Böyük Köçü3 dövründəkilər üçün belə, irticaçı görünərdilər. O hökumətə mərhəmət olunub ki, orada retroqradlar və qarətçilər yoxdur. Amerikanın necə də bəxti gətirib! Bizdə – Avstriyada – şəhərlərdə belə, çarəsizcə müasirlikdə geri qalan insanlar tapmaq olar, XVIII yüzilin retroqradları, hansılar ki, bənövşəyi kölgəli rəsmlər görəndə dəhşətə gəlirlər, çünki onlar hələ bənövşəyi rəngi qəbul etməyə qadir deyillər. Onlar bişirməyə bütün gününü sərf etdiyi qırqovulu tərcih edirlər; İntibah dövrünün üslubunda bəzəkli tabak qutusu isə onlara hamar qutudan daha cazibəli gəlir. Bəs kənddə vəziyyət necədir? Geyim və məişət əsrlər ərzində dəyişməyib.

Kəndli xristian deyil – bütpərəst olaraq qalmışdır. Kim ki, indiyədək keçmişlə yaşayır, onlar xalqların və insanlığın mədəni inkişafını ləngidirlər: axı ornament həmişə pisniyyətlilərin əl işi olmasa da, öz-özlüyündə cinayətdir, ona görə ki, milli iqtisadiyyata, insanların sağlamlığına və mədəni inkişafına zərərlidir. Yan-yana yaşayan qonşular eyni ehtiyac və tələbatlarda, eyni gəlirlə fərqli mədəniyyətlərə aid olduqda onların taleləri iqtisadçı nöqtəyi-nəzərindən bu formada təşəkkül tapa bilər: müasirimiz daha da varlanacaq, XVIII əsrin kateqoriyaları ilə düşünən insansa daha da müflisləşəcək. Bu şərtlə ki, onlar öz meyillərinə uyğun təsərrüfat edəcəklər. XX əsrin insanı az, məhdud xərclərlə razı ola, qənaət edə bilər. Ona üzərinə yağ əlavə edilən qaynadılmış tərəvəzlər kifayət edər. Digəri isə yeməyin üzünə baxmaz, əgər içərisində bal və qoz yoxdursa və qulluqçusu saatlarla onu bişirmək üçün əlləşməyibsə. Bəzəkli rənglənmiş qablar çox bahadır, lakin müasir insanın içindən yeməsi xoş olan ağ qab isə xeyli ucuzdur. Biri qənaət edərkən, digəri borclanır. Eyni şey hökumətlə də baş verir.  Mədəni inkişafından geri qalan xalqın vay halına!

İngilislər daha da varlanır, biz isə kasıblayırıq. Sənaye dövlətlərinə ornament daha böyük zərbə vurur, çünki o, çoxdan bizim mədəniyyətlə orqanik əlaqəni itirmiş və irtica və ya degenerasiya əlaməti olmuşdur.  Nəticədə xalq sənətkarlığı ustaları öz əməklərinin qarşılığında layiqli qiymətlərini almırlar. Dülgərlərin və xarratların necə rəzil şəraitdə işlədikləri hamıya məlumdur; toxucuların və nəqqaşların da dəhşətli dərəcədə aşağı məvacibləri heç kim üçün sirr deyil. Dekoratorlar gün ərzində qədlərini 20 saat əyməlidirlər ki, gündəlik 8 saat işləyən modern insanın təminatına çata bilsinlər. Hərçənd ornament məmulatın dəyərini artırsa da, əksər hallarda hazırlanması 3 dəfə çox vaxt aparan şişirdilmiş əşyaları sadələrinkindən az qala iki dəfə ucuza almaq mümkündür – və bu eyni qiymətdə materialla belədir. Ornamentin yoxa çıxmasıyla iş saatı azalacaq, maaşlar isə artacaqdır. Çinli dülgər sutkada 16 saat işləyir, amerikalı isə 8 saat. Mən hamar qutunu dekorasiyalı qutu qiymətinə alıramsa, fərq ancaq işçilərin əməkləri qədərdir.

Və əgər ornament, ümumiyyətlə, mövcud olmazsa, – ola bilər ki, insanlıq minillərdən sonra bu utopiyaya gələcək, – gündəlik iş saatı 8 saat yox, 4 saata enəcək: bəzək indiyədək işin yarısını yeyib bitirir. Bəzək əmək resurslarına və insan sağlamlığına israfçı münasibəti simvolizə edir. Hər zaman belə idi. Hazırda isə xammal da boşuna istifadə edilir; bütün bunların nəticəsində kapital boruya buraxılır. Ornament uzun zamandır ki, mədəniyyətimizlə təbii əlaqədə deyil və buna görə də, onun əksi deyildir. Müasir ornament nə bizimlə, nə istənilən başqa insanla əlaqəlidir – dünya nizamıyla da həmçinin. Bu incəsənət fəndi, sadəcə, özünü tükədib. Otto Ekmanın və van de Veldin işləri ilə nə oldu?4 Əgər nə zamansa insanlıq qüdrətli rəssamı izləyirdisə, günümüzdə onun yaradıcılığı – ya keçmişin qalıqları, ya da patoloji fenomendir. Heç üç il keçmir ki, o, özü yaradıcılığından imtina edir. Sivil insanın ona bir dəfə nəzər yetirməsi kifayətdir ki, ürəyi bulansın, digərlərinə isə illər lazımdır ki, onların necə iyrənc olduğunu anlasın. Otto Ekmanın işləri indi hardadır? Olbrixin yaratdıqları 5 ildən sonra harda olacaq?5 Müasir ornamentin nə ataları, nə övladları var; nə keçmişi, nə gələcəyi. O təhsilsiz ibtidailər, hansılar üçün ki, zəmanəmizin böyüklüyü yeddi möhür arxasında gizlənib, əvvəlcə məzəli dekorasiyalardan xoşlanır, sonra isə ondan imtina edirlər. İndi insanın səhhəti hər zamankından daha güclüdür: yalnız bəziləri hələ də xəstədirlər. Məhz onlar eskizlər yaradır və həmin eskizlər üzrə işçiləri əşyalara və müxtəlif materiallara dekor çəkməyə məcbur edirlər. Ornament növlərinin sürətli dəyişməsi əmək məhsullarının vaxtından əvvəl dəyərsizləşməsinə gətirib çıxarır. İşçi tərəfindən məmulatın xərclənməsinə sərf olunan vaxt, istifadə olunan resurslar – bunların hamısı geriyə qayıtmayacaq itirilmiş kapitaldır.

Mən bir qayda çıxardım: əşyanın formasını o vaxta qədər saxlamaq lazımdır ki – yəni o zamanadək yararlıdır ki – əşya hələ fiziki xüsusiyyətlərini saxlamış olsun. Başqa sözlə desək, kostyum bahalı xəzdən daha tez dəyişilir. Yalnız bir bal üçün nəzərdə tutulmuş ziyafət paltarı yazı masasından daha tez-tez dəyişilir. Zira o insan bədbəxtdir ki, ziyafət paltarı kimi, yazı masasını dəyişir, təkcə ona görə ki, köhnənin görünüşü onu bezdirib; bu halda pullar havaya sovrulmuş olur.

Ornamentin apologeti – həmçinin Avstriyada da – bunlar yaxşı məlumdur və onlar bu prinsipi rəhbər tuturlar; “Bizə ehtiyacı olduqda məhsul alan

insanlarla işləməkdənsə mühitdən tez pərişan olan və hər on ildə bir dəyişilməsini istəyən istehlakçılarla işləmək daha asandır. Sənaye bunu tələb edir. Dəbin dəyişkənliyi  səbəbindən milyonları iş yerləri ilə təmin etmək”.  Belə çıxışlar Avstriya milli iqtisadiyyatının sirli mexanizmini çözməyə imkan verir; yanğın zamanı əksər hallarda bu ifadəni eşitmək olar; “Şükür tanrıya, yanğın olmasa, yeni iş yerləri yaranmaz”. Onda mən bir effektiv vasitə bilirəm! Gəlin şəhəri, imperiyanı yandıraq – bundan sonra hamı rifah içində yaşasın.

Gəlin elə mebel hazırlayaq ki, 3 ildən sonra onu yandırıb əritmək olsun; 4 ildən sonra əritmək lazım gələn metal məmulat, hətta hərracda belə,  dəyərinin onda biri qədər ödənməz – biz isə varlandıqca varlanırıq.

Nəinki istehlakçılar, həmçinin istehsalçılar da itki ilə üzləşir. Hərçənd proqres nəticəsində ornament əvvəlki mənasını itirib, dekorun hazırlanması indi də lazımsız işçi əməyinin və resursun sərfiyyatıdır.  Əgər əşyalar funksional olduqları müddətcə bizə estetik cazibəli gəlsəydilər, istehlakçı onlara görə işçinin daha çox qazanıb daha az işləməsi üçün lazım olan qədər ödəyərdi. Faydalı və funksional şeyə görə mən 4 dəfə çox xərcləməyə hazıram. 40 krona çəkmə alsam, mən rahatlıqla digər mağazada 10 krona başqa şey ala bilərəm. Lakin istehsal ornamentinin zülmü altında əyilən sənaye sahələrində yaxşi işi pisdən ayırmaq xoş deyil. Əmək dəyərsizləşir, çünki heç kim onun həqiqi qiymətini ödəmək istəmir. Və çox yaxşıdır ki, ornamentin səviyyəsi getdikcə düşür: axı bu dekorativ sabun köpüklərinə yalnız ən primitiv istifadə zamanı dözmək olar. Mənə yanğından sonra özümə gəlmək daha asan olar, əgər bilsəm ki, yanan şeylər gərəksiz zibillərdir. Hətta mənə Vyana Evində rəssamın (Künstlerhaus) işlərinə də baxmaq xoşdur, məlum olsa ki, bir neçə günə təşkil olunmuş sərgilər bircə günün içində söküləcək. Ancaq daşların yerinə külçə qızıl atmaq, pul əskinası ilə siqareti yandırmaq, mirvarini toz halına gətirib içmək mənə qeyri-estetik gəlir. Məhz çox diqqətli şəkildə ən yaxşı materiallarla işlənmiş və istehsalına çox iş günü sərf olunan ornamentlə örtülmüş əşyalar olduqca görkəmsizdir. İnkar etməyəcəm ki, sənayedən daha keyfiyyətli məhsulu tələb edən ilk özüm olmuşam, lakin, təbii ki, mən başqalarını nəzərdə tuturdum. Ornamentin keçmiş epoxaların incəsənət nailiyyətini simvolizə etdiyinə müqəddəs inam bəsləyən müasirimiz indiki bəzəyinin qəsbkar, parazit və patoloji təbiətinin o dəqiqə fərqinə varacaq.

Bizim mədəni səviyyəmizdə olan insan yeni bəzək istehsalçısı ola bilməz. Mədəni inkişaf mərhələmizə hələ çatmayan insanlara və xalqlara bu standartlarla yanaşmaq olmaz. Mənim moizəm aristokratlaradır, onlar – mən belə hesab edirəm ki, – insanlığın qaymaq hissəsidir və bununla belə, aşağı plastlarda olanların məhrumiyyətləri, hərəkətverici qüvvələri və mövcudluqları haqqında tam təsəvvürə malikdirlər. Aristokrat parçaya naxış vuran və bunun simvolik məntiqi ardıcıllığını başa düşməyimiz müşkül olan kafirləri6 də yaxşı anlayır; və xalçasını toxuyan farsı da; qaytan hörən slovak kəndlini də; muncuq və ipəkdən nəfis məmulatlar toxuyan qocanı da.

Aristokrat onların necə müqəddəs həssaslıqla öz işlərinə yanaşdığını anlayıb əvvəlki həyat tərzlərini davam etdirməyə imkan yaradır.

İnqilabçı “Bütün bunlar tam bir cəfəngiyyatdır” fikrini bəyan edərkən, bu nizama mane olardı.  Və qoca qarını yol kənarındakı ibadətgahından qovub deyərdi: “Tanrı yoxdur”. Hətta aristokratlar içindən ateist olanı kilsənin yanından keçərkən papağını ehtiramla qaldırıb təzim edir.

Çəkmələrim balıqqulağı şəkilli işləmələr və müxtəlif oymalar ilə bütünlüklə bəzədilib – və bu işi çəkməçi pulsuz edib. Mən çəkməçinin yanına gedib ona deyirəm: “Siz bir cüt ayaqqabı üçün 30 kron almaq istəyərdiniz. Mən 40 kron ödəyəcəm”. Sayəmdə bu insan böyük şükranlıq hissi keçirdi və minnətdarlıq xatirinə o, öz işini elə keyfiyyətli və yaxşı materiallarla yerinə yetirəcək ki, mənim maddi xərclərim tam ödənəcək. O, sevinclidir, hərçənd bəxt onun evinə nadir hallarda qonaq gəlir. O, anlayışlı bir insandan sifariş qəbul edib, o insandan ki, işinə layiqincə qiymət verir və onun dürüstlüyündən şübhə etmir. Fikrən o artıq qarşısında hazır ayaqqabı cütünü təsəvvür edir. Bilir ki, yaxşı dərini indi haradan əldə etmək olar və hansı işçiyə bu məsuliyyətli işi həvalə etsin, – və eleqant ayaqqablarının üzərinə yerləşdiyi qədər balıqqulağı şəkilli işləmələr və oymalarla bəzəyir.

O zaman mən deyirəm: “Mənim bir şərtim var. Çəkmələr tam hamar formada olmalıdır”. Sözlərim çəkməçini sanki Olimp zirvəsindən Tartar uçurumuna yuvarladı. Bundan sonra daha az iş həcmi yerinə yetirməli olsa da, mən onu xüsusi zövqdən məhrum etmiş oldum. Müraciətim aristokratlaradır. Mən özüm bəzək əşyası ilə gəzməyə hazıram, əgər bu, ətrafdakılara sevinc bəxş edəcəksə. Onda bu mənim də xoşbəxtliyim olar. Mən kafirlərin, farsların, slovak kəndlilərin, çəkməçimin ornamentinə dözümlü yanaşıram – axı onlar üçün bu, yeganə həyatın mənasını hiss etmək üsuludur. Ornamentin əvəzinə gələn sənət bizim üçün ələçatımlıdır. Ağır iş gününün sonunda biz Bethoveni dinləməyə və ya Vaqnerin operasına gedirik. Çəkməçimin belə bir imkanı yoxdur. Əgər əvəzində heç nə təklif edə bilmirəmsə, ondan bu yeganə xoşbəxtliyi almaq haqqına sahib deyiləm.

Lakin 9-cu Simfoniyadan ilhamlanan kəs divar kağızı nümunələrini çəkmək üçün hazırlaşırsa – ya fırıldaqçı, ya da kəmağıldır. Ornamentin yoxa çıxmasına görə digər sənətlər indiyə qədər görünməmiş yüksəliş yaşadılar. İpəyə, məxmərə və qaytana vərdiş edənlər Bethovenin simfoniyasını bəstələyə bilməzlər. Məxməri kostyumda nümayişyanə dolaşan kəs rəssam deyil, təlxək, ya da rəngsazdır. Biz daha da incəldik və zəkalı olduq. Uzaq keçmişdə geyimin rəngi hansı qəbiləyə aid olduğunun göstəricisi idi; bu gün bu, sadəcə maskadır. İnsan fərdiliyi o qədər qüdrətlidir ki, geyim artıq özünüifadə vasitəsi ola bilməz. Ornamentin olmaması mənəvi gücün əlamətidir. Digər mədəniyyətlərin ornamentini – keçmişdə və indi də – müasirimiz öz məramı üzrə istifadə edir. Lakin öz kəşflərini tamamilə başqa sahələrdə həyata keçirir.

 

Tərcümə: Firudin Həsənov

 

1.) Adolf Loos öz təsnifatında açıq şəkildə XVIII əsrdə ingilis mütəfəkkir A.Ferqüsson tərəfindən hazırlanan üçpilləli tarixi inkişaf konsepsiyasına əsaslanır.

2.) XVII əsrdə Nürnberqdə əsası qoyulan “Peqnit çobanlığı və gül ordeni” ədəbi cəmiyyətinin üzvləri və indiki davamçıları özlərini “Peqnit çobanları” adlandırırdılar. Bu incəsənət dairəsinə daxil olan şairləri arxaik nitq ifadələri toplusu ilə barokko epoxasına xas ağıryüklü üslublarıyla fərqləndirirdi. Adolf Loos üçün “Peqnit çobanları”nın fəaliyyəti geniş mənada ornamentə aid etdiyi bütün pisliklərin təcəssümüdür.

3.) Vyanada iyunun 1-də baş tutan və Avstriya-Macarıstan imperatoru Birinci Frants İosifin hakimiyyətinin 60 illiyinə həsr olunan bayram tədbiri nəzərdə tutulur. Tədbirdə bir çox xalqların nümayəndələri iştirak edirdi – eləcə də, imperiyanın ən kənar yerlərindən olan nümayəndələr.

4.) Essenin müəllifi modern üslubunun ideoloqlarını adlandırır: Otto Ekman (1865-1902) – alman rəssam və qrafik, “floristika” cərəyanının nümayəndəsi; yapon kalliqrafiyaya əsaslanan Ekman şriftinin banisidir. Henri van de Veld (1863-1957) – belçikalı rəssam, memar və interyer dizayner, uzun müddət Almaniyada çalışmışdır.

5.) Yozef Mariya Olbrix (1867-1908) – avstriyalı memar, Vyana Setsession sərgi binasının müəllifi.

6.) Kafirlər (ərəb dilindən tərcümə “üstünü örtənlər”) – avropalı kolonizatorların cənubi afrikalı xosa xalqlarına verdikləri ad (ing. Xhosa), hansı ki, sonradan bütün bantu xalqların qruplarına yayıldı. İndi bu adın çəkilməsi Namibiyada CAR qanunlarına əsasən qadağan olunub. Xosalar qədimdən bəri ornament sənəti ilə tanınırlar.