Əyləncə: Sirk

Firudin Həsənov

İnsan, xüsusən də şəhərli özünü boş zamanındakı fəaliyyətlərində tanımağa başlayır. Boş zaman – gündəlik məsuliyyətlərdən azad olan vaxt. Yəni vasitə üçün fəaliyyət, gündəlik iş deyil, davranışlarından, lazım gələrsə, təkrarlarından zövq almaq. Əksərən  insan gündəlik işdə vaxtını maddi gəlir əldə etmək üçün sərf edir. Bu zaman sərfi sonrakı zövq və ya dəyərləri üçün vasitə halını almış olur. Uşaq bilməsə ki, gündəlik dərslərini hazırlayandan sonra düşüb həyətə futbol oynayacaq, ya da komputer arxasına keçəcək, özünü heç nəyə vadar etməz.

Boş zaman anında zövqün özü üçün edilən seçimlərdə insanı tanımaq, güman ki, daha doğru olardı. Həmin seçimlərə biz əyləncə deyirik. Kənddə, qəsəbədə, şəhərdə, meqapolisdə yaşayan insanların ortaq və bir-birindən fərqli əyləncə növləri vardır. Əyləncə oyuna (ludus)  daxildir, daha dəqiq ifadə etsəm, əyləncə formalarının hər biri oyundur. (http://sim-sim.az/esse/sayiqlamalar/, http://sim-sim.az/slider/orqansiz-bədən-ii-hissə/ )

 

Film izləmək, teatra getmək, futbol, domino, şahmat oynamaq, bayram qeyd etmək, onlayn oyunları, kafedə zaman keçirmək və s. Hətta biz bu siyahıya boş vaxt zamanı bütün hobbi və ya ciddi məşğuliyyətləri də əlavə edə bilərik: musiqi dinləmək, dostunla xoş söhbət etmək, təklikdə xəyala dalmaq, dialoji və ya monoloji hər hansı inanc fəaliyyətləri, facebook-da hansısa mövzunu müzakirə etmək. Çünki mədəniyyətin, kütləvi prosesin səbəbləri ilə olsa belə, fərdin etdiyi seçimdən zövq alması əyləncə sayılmaya bilməz. Biz istərsək, məsələni az qala ifrata qədər gətirib bu cür də deyə bilərik – öz dəyərlərinə görə hər hansı zövqdən imtina zamanı alınan zövq də oyuna daxildir, nə qədər əyləncə olub-olmaması şübhəli qalsa da. Çünki oyun komediyadan öncə dramdır (Roje Kayua). Hətta insanın adekvat qalması üçün istifadə etdiyi sosial-situativ maska anlayışı da vardır. (Aydın Talıbzadə “ Bir mən, min maska”). Bu məsələlərə ən axırda gələcəyik.

 

Müasir insanın ara-sıra və ya mütəmadi iştirak etdiyi oyunların, mərasimlərin (ritus) kökləri və son şəkilləri haqqında bilmək artıq çox vacibdir. Həm insanın “özünü apara” bildiyi qaydalı, həm də irrasional məşğuliyyətlərin hər biri, özün haqqında xeyli bilgilər vermiş olur. Çünki vasitəsiz şüurdan (bilavasitə düşünmə forması, intuitiv davranışlar, içində hiss etdiyini yalnız bir formada xarici dünyada tərənnümü, məsələn mərasimlər, qaydalı rituallar, bəzən hərfilik) vasitəli şüura (dolayı düşünmə forması, rasional, əqli davranış formaları, təşbeh) keçid edən insan hələ də kökü miflərə, şaman ənənəsinə, inanclara dirənən əyləncələrdə özünü xoşbəxt hiss edir. Doğrudur, bu əyləncələrin bəziləri artıq vir(i)tual insana arxeik gəlir və o, texnolji əyləncə formalarına müraciət etmişdir (hər zaman restart verə biləcəyi stolüstü oyunlara, ölümsüz miflərə). Lakin həm bu, həm o olsun, fərq etməz, hər birinin insanın özünü insan olaraq aşkarlamasında istisnasız rolu vardır.

 

İnsanın adətləri, əyləncələri haqqında bilməyinə bir səbəb daha var. Bilmək dedikdə məlumatlanmaq deyil, onu detallara ayırıb, yenidən birləşdirməyi nəzərdə tuturam.

Bu, getdikcə uzaqlaşmaq üçün bilməkdir. Çünki bilməyin şərtlərindən biri kənardan baxmaqdır, hərəkət deyil, dayanıb müşahidə etmək… Bir şeyin tamamilə içindəsənsə, ona qarışmısansa, saf təhlilin çox çətindir.

Həmin bu səbəblərdən dolayı, əyləncələrin müxtəlif növləri haqqında qısa və anlaşıqlı şəkildə silsilə yazılar yazmaq qərarına gəldim. İlk yazı Sirk barədədir.

 

Valideynlərin uşaqlarını ən çox apardığı yerlərdən biri sirkdir. Uşaq vaxtı mən də iki-üç dəfə sirki ziyarət etmişəm, bir klounla da məzəli əhvalatım yadımdadır. Lakin sirk haqqında, doğrusu, elə də düşünməmişdim, məni qayğılandırmırdı da. Oxuduğum bəzi şeylərdə insanın ətrafı insaniləşdirdiyini görmək nəsibim oldu Mən hətta əvvəla özümə sual edirəm: görəsən insanın istəkləri və qorxuları ona necə bir təsir göstərib ki, indi artıq xəyal etməyə qorxur? Yəni Montenin fikrini bir az korrektə etsək, biz bu cür güvənlə necə bir xəyal qurmalıyıq ki, sonda peşman olmayaq? Amma artıq qurulan hər bir xəyalın peşman olmaq mərhələsi sanki yetişib. Biz indi məkansız kilsədə görünməz papanın, bəlkə elə özümüzün qarşısında etiraf həddindəyik. Gərək ki, əvvəla sadəcə təhlil etməyə çalışaq, sonra onsuz da uzaqlaşmağımız qaçınılmazdır. Uzaqlaşdığımız üçün peşmanlıq çəkmək doğru deyil, yoxsa bu, o mənaya gələr ki, biz aldadılmaq istəyirik.

 

Həqiqi olaraq, bir şey “bizimdir” deməyimiz üçün, onu bilməli və sonra qəbul etməliyik. Bizim sandıqlarımız ağzı bağlı sandıqlar başqalarının həyatlarıdır hələ ki. Biz sadəcə onların yaradıcı xəyallarının vərdiş edən sərnişinləriyik.

                              

Sirkin Tarixi

 

 

Latın sözü “circus”dan əmələ gələn sirk “çevrə”, “dairə” mənasını ifadə edir. Sirk əyləncə nümayişləri olan bir incəsənət növüdür. Sənətin göstərildiyi binanın adı da həmçinin sirkdir. Burada nümayiş olunan fəndləri əyləncəli edən onun çətinliyi və müəyyən mənada təkrarolunmazlığı, ya da təkrarı çətin olmağıdır. Çətin həyata keçirilən tryuk hər zaman heyrətləndiricidir.

 

Sirkin yarandığı zamanlardakı görüntüsü müasir sirklə demək olar heç bir cəhətdən oxşar deyil. Əvvəla Romada yaranan qədim sirk meydanı “Circus Maximus”da (e.ə təxminən 500-cü illərdə) (Böyük Sirk)  indiki şou elementlərinin heç biri yox idi. Romada sirk deyərkən at arabaların iştirakı olan geniş ippodrom və bəzi ov rituallarının yenidən imitasiyası ağıla gəlməlidir. Qədim əfsanəyə əsasən məhz bu ippodrom meydanında məşhur “sabinlərin oğurluğu” hadisəsi baş vermişdir.

Uzunluğu təxminən 600, eni 150 metr olan bu ərazidə qədim at yarışları keçirilirdi. Artıq Sezarın dövründə bu ərazi, istərsək buna düzənlik də deyə bilərik, bir az da genişlənir və ətrafında kanallar (xəndəklər) açılır. Əgər Sezardan əvvəl at yarışları düzünə keçirildirsə, yəni at arabaları son nöqtəyə çatandan sonra yenidən geri qayıdırdısa, kanalizasiyanın icadından sonra mərkəzi xəttin zədələnməməsi üçün dairəvi hərəkətlə yarışlar keçirilməyə başladı.

 Genişləndikdən sonra sirk təxminən 250 000 tamaşaçı tutumuna malik idi, bundan başqa demək olar ki, bir o qədər də insan nümayişə ayaqüstə baxa bilirdi. Mərkəz tərəfdə yarımkürə formasında qapılar var idi, hansındankı yarışların qalibləri təntənə ilə daxil olurdular.  Circus Maximus-un tikildiyi yerdə abidələr, obelisk sütunları (Misir memarlığında istifadə olunur) yer alır və sirki əzəmətli edirdi. Neron dövründə Sezarın sirkətrafı düzəltdiyi kanallar süvarilərin geniş hərəkət etməsi üçün torpaqlandı. Bu hadisədən bir il sonra sirkdə yanğın baş verdi və deyilənlərə görə yalnız tamaşaçı olan taxta yerlər yandı. Konstantin dövründə sirk tamamilə bərpa edildi, “spina”lar adlanan platformalar yeni obelisklərlə bəzədildi. Orada baş tutan son oyun tarixi 549-cu ilə təsadüf edir. Müasir dövrdə, artıq 19-cu əsrdə sirkin düzənlik olan müəyyən hissəsində qaz fabrikası üçün binalar inşa edildi. Oradakı daş abidələrin çoxu dağıdılıb istifadəyə verilsə də, bəzi ərazilərə zərər dəyməmişdir və indiyə qədər qədimliyi qorunmaqdadır. Hətta son illərə qədər bəzi tədbirlər, məsələn rok konsertləri üçün istifadə edilir.

 

Müasir Sirk

Roma imperiyasının süqutundan sonra o dovrün sirk anlayışı artıq əsas əyləncə mərkəzi funksiyasını itirdi. Hətta frankların hökmdarı I Xlodviq dövründə Paris və Suasonda tikilən sirk əvvəlki rəğbətini görə bilmədi. Bunun əsas səbəbləri o dövrlərdə teatrın, misteriyaların geniş vüsət alması idi, bu, sözsüz ki, məşhurluğu özünə cəlb etmək demək idi.

 

Bizim indiki dövrdə gördüyümüz, tanıdığımız, yaddaşımızda olan sirkin atası isə böyük çavuş Filip Estli (1742-1814)  hesab edilir. Bu sirk də Circus Maximus-a bənzər şəkildə, at çapma məktəbi kimi başlamışdır.  Daha sonra 1772-ci ildə (bəzilərinə görə 1769-cu ildə) “Filip Estli amfiteatrı” adlanan müasir sirkin təməli olan bina inşa edildi. Maraqlıdır ki, əfsanələrə görə, uşaqlıqdan atları sevən, onlarla rəftar etməyi  bacaran Estli bir dəfə Vestminster körpüsündən keçərkən, orada qızıl üzük tapmış və öz arzusunu həyata keçirmək üçün həyatın bu ərməğanından yararlanmışdır. Hətta bəzi rəvayətlərə əsasən, daha sonra kral III Georqla həmin bu körpüdə rastlaşmışdı və kralın qorxub sürətlə qaçan atını ram etməyi bacarmışdı (adaşı makedoniyalı Filip kimi). Sevimli atını ona qaytardığı üçün kral mahir at ustası Estlini mükafatlandırmışdı.

 

Bununla da, Filip Estli tezliklə öz məktəbini açır. Dərslərdən sonra insanları cəlb etmək üçün ümumi at çapma nümayişləri keçirməyə qərara alır və izlənilməsi rahat olsun deyə 13 metr diametrli dairəvi üstüaçıq zal düzəldir. Bu nümayiş nömrələri ödənişsiz idi, lakin sonda bəxşiş toplamaq yazılmamış ənənəyə çevrilmişdi. Getdikcə tamaşaçıların marağına səbəb olduğunu görən Filip, onları itirməmək üçün nümayişləri nisbətən çətinləşdirir və tarixi döyüş tamaşaları, barabançının köməyilə musiqili tamaşalar əlavə edir. Artıq zaman keçdikcə amfiteatra girişi pullu edir. Çox keçmədən ona klounlar, janqlyorlar, kəndirbazlar, heyvan əhliləşdirən insanlar, aktyorlar qoşulur. Atlardan başqa general Ceku ləqəbli “hərbi” meymun da sirkə qoşulmuş olur. Daha böyük vəhşi heyvanlar sirkə yalnız 1816-cı ildən etibarən gətirilmişdir. Butulkanın ağzını açan, xortumu ilə alma götürən fillər və s.

 

Doğrudur, dairəvi şəkildə əyləncə nümayişi və ümumiyyətlə bu günkü mənada sirkin ortaya çıxması təkcə Filip Estlinin adıyla bağlı deyil. Ona qoşulan janqlyorlar, aktyor və klounlar “gəzən sirklər”lə artıq bunun kiçik elemenlerini təcrübədən keçirmişdilər. Lakin 13 metr diametrli, optimal görüntülü bu günkü amfiteatr-sirk məhz Estliyə aiddir. Onun bu təcrübələrindən sonra, 4 avqust 1777-ci ildəki ilk konsertində “piramida şəklində dayanan at üzərində cambazlar”, əhliləşmiş heyvan, klounadalar və gimnastik hərəkət dolu nömrələr və s. göstərildi. 1780-ci ildən etibarən sirk üstüqapalı, eyvanlı, daha çox tamaşaçı yerləşən bir şəkil aldı.

 Filip ölümünə qədər müxtəlif şəhərlərdə 18 belə sirk yaratmağa müyəssər olur, ən çox zaman ayırdığı sirk isə 1782-ci ildə Parisdə tikilən “İngilis amfiteatrı” adlanan sirkidir.

Təbii ki, istənilən işin rəqibləri vardır və bir müddət sonra Filipin keçmiş tələbəsi Çarlz Hyüz ona rəqabət etməyə başlayır, həmçinin məşhur pantomim aktyoru Dibdin. Hyüz və Dibdinin açdığı Londondakı “Kral sirki və at filormonik akademiyası”  tezliklə Filipin məşhurluğuna yaxınlaşdı və bu rəqabət hər iki sirkin tamaşaçısını artırdı. Deyilənlərə görə, Filip heç bir zaman öz teatrını “sirk” adlandırmamışdır, bu adqoyma ilk olaraq Dibdinə aiddir. 1793-cü ildə Filip keçmiş məsləyi olan orduya qoşulur və orada 1 il müddətində qalır.

Estli 1814-cü ildə dünyasını dəyişmişdir, ölümündən sonra fransız amfiteatrı 1826-cı, ingilis sirki isə 1893-cü ilə qədər davam etmişdir.

 

Təsviri:

 

Adətən “gəzən sirklər”in dairə formasında və ya konus, ellipsvari şatyor (türkcə çadır sözündən gəlir) olur və yuxarısında böyük şapito adlı günbəzi var. Onun içində nümayişin baş tutacağı arena, manej yerləşir və tamaşaçıların oturacağı amfiteatr formasında zal olur. Daha sonralar şapito sözü ümumiyyətlə şəhərbəşəhər gəzən, yolda olan sirklərə deyilməyə başladı.

Sirkdə göstərilən ayrıca insanların incəsənət hərəkətləri isə təbii ki, yaşca sirkin özündən ahıldır. Hələ e.ə 3500-cü illərdə Çində insanlar ekvilibristika, janqlyorluq, gimnastik epizodlar nümayiş edirdilər. Bu ənənəni çinlilər indi də davam etdirir və bütün sirklərdəki tamaşaların bu hissəni öz əllərindən vermirlər.

Sözsüz ki, indiki əyləncə və şouların çoxluğu sirkə olan marağımızı azaltmışdır, lakin əvvəllər insanlar sirkin əvvəlcədən onların yaşadığı yerə gəlməsini səbrsizliklə gözləyirdilər. Rəngli elanlarla bəzədilmiş furqon maşınlar şəhərə və keçiriləcək məhəlləyə daxil olur, məzəli geyinmiş klounlar, heyvanlarla birlikdə bu xəbəri sakinlərə çatdırmış olurdular. Avropada orta əsrlərdə gəzən sirk ustaları nəinki çadırlarda, həmçinin insanlar toplaşan şəhər bazarlarında, bayram qeyd edilən meydanlarda tamaşalar qoyurdular, xüsusilə də insanları bura cəlb edən şey, alov udan fokusçular idi. O dövrün fantanstik sayılan bu nömrəsini heç kəs qaçırmaq istəmir və bu sirri faş etməyin özünü əyləncəyə çevirməyə çalışırdılar. Həmçinin iki evin arasından asılmış kəndirdə gəzən pəhləvanlar da maraq doğururdu, bu, əsasən yeniyətmə gənclərin arzusuna çevrilirdi.

 

Kloun:

 

Uşaqların həvəslə gözlədiyi məqam isə klounların manejə daxil olması idi. Klounlar rəngarəng paltarlı, qarışıq saçı olan, çarıqlı və qırmızı yumru burun taxmış insanlardır. Adının kökləri bir çox dillərə aid edilir. Məsələn, isveç dilində (klunni, kluns – yöndəmsiz), latıncada (colonus-kəndli), ingiliscə clown-dan gəldiyi də deyilir, amma tam dəqiqliyi ilə anlaşılmır.

Kloun sirk tamaşasında Sprechstallmeister (aparıcı)  və ya uniformist (sirk işçiləri) kimi çıxış edə bilərlər. Bunu əsasən narıncı adlanan təlxəkvari  klounlar edir, tamaşanın şən maraqlı keçməsi üçün. Klounlar bəyaz və narıncı olduğu kimi, şən və qorxulu deyə iki kateqoriyaya ayrılırlar, bu təbii ki, satirik, komediya, dram janrlarının arasında nümayişlər üçün əlverişlidir. Çünki kloun  nəinki zarafatlar edərək uşaqları əyləndirir, həmçinin demokratik bir personaj sayılır, istənilən ciddi fikri sima dəyişdirərək demək xüsusiyyətinə malikdir. Komikslərdə, müxtəlif filmlərdə (Betmendə Joker personajı) kloun heç də məzəli obraz deyil və ABŞ kinemotoqrafiyası belə bir addımı, güman ki,  səhnədə gözlənilməzlik və absurdluq üçün atılmışdır. Əsasən də klounun rekvizitlərini əvvəl düşünüldüyündən tam tərsinə istifadə edərək cəlbedicilik qazanmaq üçün. 

Klounun iki üslubu daha çox istifadə edilir: qrotesk və buffonada. Qrotesk (gizli məkan, mağara) həyat situasiyalarına aid olan komik və tragik vəziyyətlərini özündə birləşdirməyə verilən addır. Daha çox incəsənət düşüncəsidir və dediyimiz bu kontrastlar vəziyyəti daha bütöv çatdırmaq üçün əlverişli vasitədir. Hofman, Qoqol, Bulqakov, Kafka, Rable, Aristofan kimi müəlliflər öz yaradıcılıqlarında bu fantastik və reallıq vəhdəti olan incəsənət növündən istifadə etmişlər.

Buffonada isə daha çox şişirdilmiş, mübaliğəli komik yanaşmadır. Bəlkə bu janrın biz daha çox istifadə edildiyinin şahidi olmuşuq. Tarixi qədim yunan mimlərinə, Romadakı nümayişlərə qədər gedib çıxır. Həmçinin orta əsrlərdə “gəzən sirk” (şapito) adlandırdığımız teatrlarda çox geniş istifadə olunurdu. Məşhur italyan del arte komediyaları (maska xalq teatrı), Farce (səthi komik göstərilər), arlekinadalar, 1960-cı illərin filmləri bu istiqaməti öz janrları ilə sintez edərək onun daşıyıcılarına çevrildilər. Belə filmlərdə qəhrəman “kloun”lar təsadüfən yolda kimləsə rastlaşır və ya yöndəmsiz vəziyyətdə, toyda, oğurluq zamanı orada peyda olur və birbaşa, dolayı olmadan danışırlar. Müəyyən zaman keçdikdən sonra filmlərə arxa kadr gülüşləri də əlavə etdilər, bu, həmin filmlərə teatrallıq çalarları gətirirdi.

 

 

Çətin tryuklar:

 

Əlbəttə ki, sirki vahiməli, adrenalinli edən onun çətinliyi və insanın etmək lazım olduğunu etməməyidir (Növbəti yazılarda oyunun içindəki qadağanın önəmi, psixoloji faktorları haqqında bəhs olunacaq). Yəni müəyyən ekstremal şərtlərdir ki, burada tamaşaçı nəzəri olaraq özünü sirk aktyorunun, janqlyorun yerinə qoyur və təcrübi olaraq bunu edə bilmədiyi üçün heyran qalır. Səhnədə olan aktyorların bunu həyata keçirməsi üçün önəmli olan, balansları, elastikliyi və yaradıcı zəkalarıdır. Çünki təkrar nümayiş olunan fəndlər izləyicini yora, bezdirə bilər, məşqsiz isə heç nəyi təkrarlamaq mümkün deyil.

 

                        

Müharibələr dövründə sirk:

 

Birinci dünya müharibəsindən sonra iqtisadi böhran sirklərdən yan ötmədi. Sirklər öz işçilərinin çoxunu işdən azad etməli oldular, bəzi yerlər bağlandı, bəziləri isə maddi qazanc üçün digər ölkələrə müəyyən müddətlik getməli oldular. Maraqlıdır ki, bu ərəfədə sirkdə hava gimnaziyası və magik tamaşalar tanınmağa başlayır.

Yəhudilərin kütləvi ölümü alman sirklərinə mənfi təsir göstərmişdir, belə ki, işçilərin heç də az olmayan hissəsi yəhudi idi. İkinci Dünya Müharibəsində də çox sayda sirk əməkdaşı, mütəxəssisləri öldürüldü. Döyüşlərdə kişilərdən ölən sözsüz ki, daha çox idi və bununla əlaqədar sirkə qadın aktrisalar cəlb olunmağa başladı. Sirklər bu müddət ərzində varyete, estrada musiqili tamaşaları artırmağa başladı. Lakin 1950-ci illərdə televiziyanın yüksəlişi və sirklərin maddi çətinlikləri ucbatından vəziyyət o qədər də ürəkaçan deyildi.

 

Bizdə sirkin tarixi İkinci Dünya Müharibəsinin axırlarına təsadüf edir. Bakı Dövlət Sirki  1945-ci ildə Azərbaycanın ilk milli sirk truppası kimi yaradılmışdır. Truppa yalnız sirk nömrələrindən ibarət olmamış; tərkibinə estrada və balet artistlərinin çıxışları da salınmışdır. Ənvər Quliyev “Ulduz bacıları”, kəndirbaz Əlixan və digər artistlərin nömrələrinin çıxışlarından ibarət olan truppa fəaliyyəti dövründə “Zirvədən işıq” adlı proqramla SSRİ ərazisində və başqa ölkələrdə nümayişlər etmişdir.  1967-ci ildə Bakı Dövlət Sirkinin hazırkı binası istifadəyə verilmişdir. Həmin binanın memarları İsmayılov və Leontyev idi.

 

 

 

 

Sirkin bu qısa tarixinə baxarkən, görürük ki, atlar və bəzi insan ritualları, əyləncələri, imitasiyaları ilə başlayan sirk, arada fasilələrlə nüfuzu artıb-azalmışdır. Gəzən sirklər, şapitolar bu mirası öz üzərində daşısalar da, müharibə və bəzi maddi səbəblərə görə çətinliklərə məruz qalmışlar. Sirk öz aktyorları ilə incəsənətə, filmə təsirsiz ötüşməmişdir. Atlardan başlayan sirklər ev heyvanları – it, pişik olmaqla, sonralar vəhşi heyvanlarla bol olan nömrələrə keçid etmişdir. Və təbii ki, ev və vəhşi heyvanı arasında olan nümayişlərin pərdəarxası məşqləri eyni tərzdə baş tutmur…

 

Vəhşi Heyvanlar Manejdə

 

Almaniyada fəaliyyət göstərən Barelli sirki öz tamaşalarının əvvəlində könülə xoş gələn sözlərlə başlayırlar. Məsələn, onlar bildirirlər ki, sirk heç bir maliyə dəstəyi olmadan fəaliyyətini tamaşalardan yığılan bilet pulları ilə davam etdirir. Və insanların bura təşlif buyurması, bir mənada xeyirxah addım və incəsənətə dəstəkdir.

Təbii ki, insan xüsusən də şəhərdə əyləncəsi, oyunları, istirahətə, yəni boş zamanı ilə özünü insan hiss edir. Heç birimiz buna qarşı çıxa bilmərik, çünki “cənnət vərdişi”miz olan istirahət və sevinc işdəkindən daha çox burada ortaya çıxır. Lakin nəyin bahasına? Xüsusən də “insan” hökmlü dünyada yaşadığımız üçün sual etmək haqqımızdır: bu hamının razılığı ilə baş verir?

 

Məsələn, əvvəla bilməyimiz yaxşı olar ki, sirkin inkişafından çox sonra 19-cu əsrin əvvəlləri ayı, şir, fil kimi vəhşi heyvanların əhliləşdirməsi üçün həmin heyvanları haradan əldə edirlər. Məşhur rus klounu Vladimir Deryabkin müsahibəsində bildirir,”sirr deyil ki, bizdə ayılara ov etmək var, böyük ayılara güllə atırlar, lakin xoşbəxtlikdən, balaca balalarını öldürmürlər. Ovçuların bu ayıya ehtiyacı olmadığı üçün onu bizlərə satırlar. Özü də qiymətdə ticarət edərək, bəzən isə pulsuz.” Əlbəttə vəhşi heyvanların taleyi zooparkla sirk arasında dəyişməkdədir.

 

Əldə edilən heyvanlara xüsusi təlim keçmiş məşqçi klounlar, aktyorlar yem verməyə, ona yaxın olmağa başlayırlar. Kiçik vaxtlarında onunla yan-yana olmuş, çox vacib bir nüans olaraq qeyd edək; ondan su, yem almış heyvanlar müəyyən zamandan sonra bəzi fəndlər öyrənməyə başlayır. Bəlkə çox insan üçün təəccüblü gələ bilər, amma bir çox tryukları yerinə yetirmək üçün bu heyvanlara xeyli əziyyət verirlər. İstəyərdim ki, nə qədər xoş olmasa da, insan olaraq etdiyimiz humanist hərəkətlərə nəzər yetirək.

Düşünün, nəhəng fili bir ayaq üstündə saxlamaq üçün nə etmək lazımdır? Və ya ayı bir qəndə görə dombalaq aşmaq istəyərmi? İşini tərk etmiş bir qadın məşqçinin ifadəsi yada düşür “pələngi yanan dairəvi halqanın içindən tullanmağa vadar edən şey, o tryukdan daha qorxulu cəzanın olmasıdır”. Təbii ki, bəzi faktlar sirkin cəlbediciliyi, xoş simasını itirməmək üçün gizlədilə bilər, lakin artıq sirr deyil ki, biopərvər görsənən bu şən müəssisədə heyvanları aclıq, əzab, yalanla sınağa çəkirlər.

 

Məşqçi artistlərin, qamçı, elektroşok istifadə etdikləri artıq bütün mediaya məlumdur. Səs və musiqidən, bağlı məkandan əziyyət çəkən, təbiətlərinə zidd davranan heyvanlar başqa nəyə görə bunlara dözə bilərlər ki?  Üstəlik bir çox heyvana saxlandığı şəhərin hava şəraiti uyğun deyil. Bu, Husky itlərini, ağ ayıları ərəb ölkəsində saxlamağa bənzəyir. Həmçinin Avropada və Cənubi Afrikada sirkə aparılmadan əvvəl “məşq fermalar”ı deyilən yerlər var ki, burada heyvanı dar yerlərdə saxlayır, onu bəzi qorxularla hakimiyyət altına salmağa məcbur edirlər. Bir müddət müqavimət göstərən heyvan sözsüz ki, axır-əvvəl tabe olur. Bundan sonra bizim səhnədə gördüyümüz komanda, işarə ilə tryuklara boyun əymək proseduru başlayır. Çox zaman problemli heyvanların iti dişləri və caynaqları məşqçiyə zərər dəyməsin deyə kəsilir. Çünki bildiyimiz kimi, pələnglərin, şirlərin öz məşqçisinə hücum çəkib xəsarət yetirdiyi faktları az olmamışdır. Bundan başqa, “qaynar platforma” adlanan yerlər var ki, bura ayıları çıxarırlar. Bəli, insan ağılı bunu heyvanların məzəli rəqslər göstərməsi üçün düşünmüşdür. Hətta bir aktyorun dediyinə görə, ayıları tvist oynamağa ucu biz mismarlarla məcbur edirlər. Fillərin başı üstə  və ya bir ayağı üzərində dayanması üçün kranlardan istifadə edirlər. Fillərin qullaqlarının çox həssas olduğunu bilən məşqçilər komandalardan yayındığı an alətlərlə heyvanın qulağına kiçik zərbələr endirirlər. Tamaşalar zamanı heyvanların xəsarət alan yerləri görsənməsin deyə, o hissələri əlvan bəzək əşyaları ilə örtürlər. Və biz nəticədə gülməli bəzənmiş zavallı canlının necə əmrlərə məktəblitək qulaq asdığını görürük.

Bir versiyaya görə göyərçinlərin qulaqlarını batırırlar, ona görə ki, silahdan atəş açanda hürküb uçmasınlar. Bizə əlbəttə aydındır ki, fil, şir kimi nəhəng heyvanların şapitolarda dar furqonlarda bir şəhərdən digər şəhərə aparılması necə əziyyətlidir. Üstəlik, yolboyu onların ifrazatı problem təşkil etdiyi üçün, bəzən onlara su və yemək vermirlər. Bir saytın verdiyi məlumata görə, bəzi sirklərdə hətta canavarların əhliləşdirməsi prosesi gedir. Farli Muetanın “Ulamayın, qurdlar” əsərində bu ağlasığmayan məşğuliyyətdən bəhs edilir. Həmçinin kərgədanların əhliləşdirməsi hətta sirkin özü üçün əməlli başağrısı olmasına baxmayaraq, bu iş davam edir. Dediklərimizə sübut kimi, təkcə sirklərdə başını yellədərək ora-bura gəzən (darıxmağın əlamətidir) heyvanları gördükdə onların nə qədər psixoloji əzab çəkdiyini, təbiətlərinə qarşı çıxdığını görə bilirik.

 

Bəs görəsən sirkdəki heyvanların davranışlarını gülməli və əyləncəli edən nədir? Əvvəldə də dediyim ki, valideynlərin uşaqları gətirdiyi heyvan olan sirk onlara cəlbedici gəlir. Kloun haqqında qeyd etdim, lakin heyvanları küçədə görərkən uşaq ona toxunmaq, onu öyrənmək istəyir. Həmçinin sənədli filmlərdə göstərilən heyvanların hərəkətləri, ovu, istirahətləri, balaları ilə rəftarı öyrədici xarakterlidir. Lakin nədənsə, heyvanların hərəkəti sirkdə bizə daha heyrətli və məzəli gəlir. Əvvəla ona görə ki, biz onun pərdəarxası məşqinə şahid olmamışıq. İkincisi isə, heyvanlar burada adət etdiyimiz kimi deyil,  tamamilə əks olan insana xas davranışlar nümayiş etdirirlər. Bu, Henri Berqson “Gülmə” traktatında bir hissəyə tam uyğun gəlir. 

 

Deryabkinin atası vaxtilə özündən daha məşhur idi. Onun 10 ayısı vardı və Rusiyada “Ayı miniatürləri teatrı” hər kəs tərəfindən sevilirdi. Əcəba niyə? Bizim təxminlərimiz burada haqlı çıxır, çünki o tamaşadakı 10 ayının hər biri, bir insan peşəsini tərənnüm edir, o peşəyə aid olan davranışları təkrarlayırdı. Barmen, dənizçi, dəmirçi, kosmonavt, səyyah, hətta ən situtativ və qədim insan peşəsi “aşiq” ayı balaları olan sirk. Bu xüsusiyyətlər idi uşağı tamaşaya cəlb edən. Necə ki, oyuncaq ayı vasitəsilə bizim insani səs çıxarmalarımız və cizgi filmindəki məşhur rus Ayısı insana bənzər şəkildə davranırsa, onlar canlı şəkildə bunu göstərirdilər. O ayılardan artıq heç biri dünyada yoxdur, elə Deryabkinin özü də bir müddət sonra işini tərk etmiş, qrammofon muzeyi açmışdır. Jurnalistlər ondan sirkdən uzaqlaşmasının səbəbini soruşarkən, belə söyləmişdir, “heyvan olan sirk barbar məşğuliyyətidir, sənətlə əlaqəsi yoxdur, siz onun arxa planınından xəbərsizsiniz”. Bir müsahibəsində o deyir ki, bizim məzəli və insanların çox sevdiyi bir nömrəmiz var idi: ayı bir qadın aktrisamızın qarşısında diz çöküb, sanki sevgisini etiraf edirdi. Lakin bu nömrənin qurulması üçün məşq zamanı ayı ilə “söhbət”lər tam başqa idi. Heç yadımdan çıxmaz, deyir Derybakin, bir dəfə gözüm bir mənzərəyə sataşdı, başmaqları qan olan məşqçi ayıya nəisə sübut etməyə çalışırdı…

 

Deryabkin bir şeirində belə deyir.

 

Я так хочу, не умирая, умереть!

Устал я на манежном ринге драться.

Избитый дрессировщиком медведь,

Живу и думаю: «Как с ним мне рассчитаться?

 

Çox istəyirəm, ölmədən ölmək!

Manej rinqində davadan yorulmuşam.

Məşqçi tərəfindən döyülmüş ayı,

Yaşayıram və düşünürəm: “onun əvəzini necə verim?”.

 

O, həmçinin deyirdi, vəhşi heyvanların əhliləşdirməsini həyata keçirən aktyoru təltif etmək absurddur. Nə adı qoyacaqsınız, “qəddarlıq üzrə əməkdar artist”?

 

Nədənsə, biz insanların ətrafı insaniləşdirməsi, heyvanı bir səhnə rekviziti görməsi, insanlar tərəfindən çox normal qarşılanır. Lakin böyük kloun Nikulinin dili ilə desək, “sirk zamanı heyvan insanlaşır, insan heyvanlaşır”.

 

Bir çox ölkələrdə, nə xoş ki, vəhşi heyvanların nümayişi yox səviyyəsinə çatmış və hətta qadağan edilmişdir. Bu siyahıda, Hindistan, Çin, İsveçrə, Bolqarıstan, Macarıstan Skandinaviya ölkələri və s. yer alır. Ancaq Rusiyada bu ənənə hələ də davam etməkdədir.  Bəhanə kimi uşaqların, zooparklarda olduğu kimi, heyvanları öyrənməsi gətirilir. Lakin nəzərə almalıyıq ki, burada hətta bütün qəddarlıqlara göz yumsaq da, heyvanların əsl təbiəti haqqında yanlış təsəvvürlər yaranır. Çünki onların davranışları sərhədsiz insan fantaziyasından başqa bir şey deyil.

Uşaqları bu nümayişlərlə heç də daha həlim və dürüst yetişdirmirik.

 

Sirkdə ən yeni dövr kimi başqa axınlar da ortaya çıxmışdır. Bunların içində Cirque du Soleil (Günəş sirki) adlanan kanadalılar tərəfindən qurulmuş sirkdir. 1984-cü ildə yaradılmış bu sirk sənətinin prinsipial qaydalarından biri də vəhşi heyvanların sirkdə istifadə olunmasından imtina etməkdir. Hesab olunur ki, 4000 işçisi olan və artıq xeyli məşhurluq qazanan Günəş Sirki bu istiqamətdə incəsənətə yeni nəfəs bəxş etmişdir.

 

 

Vəhşi heyvanların sirkə gətirilməsinin əleyhinə olan qurumların fikrincə, əyləncə, başqalarının və bizdən əvvəl dünyada qonaq olan canlıların əzabı ilə baş tutmamalıdır.

 

Sirk, tarixi 5 min ildən qədim olmasına və bu qədər şəkildəyişməsinə baxmayaraq hələ də insanların böyük həyəcanla tamaşa etdiyi əyləncə olaraq qalmaqdadır.